Rus KİV-i: Qafqazda ABŞ ambisiyaları: Vensin səfəri Rusiya və İran üçün nə deməkdir?

2026/02/1770658955.jpg
Oxunub: 833     16:40     18 Fevral 2026    
Əgər Rusiya və İran ABŞ-nin təşəbbüslərinə mane olmaq barədə razılığa gəlsələr, Vensin Ermənistanda qaldırdığı “bayraq” təcrid olunmuş ada vəziyyətində qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Pravda.ru” nəşri “Qafqazda ABŞ ambisiyaları: Vensin səfəri Rusiya və İran üçün nə deməkdir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ABŞ-nin vitse-prezidenti prezidentin etibarlı nümayəndəsi kimi fevralın 9-11-də Ermənistan və Azərbaycana səfər edərək TRIPP (Zəngəzur dıhlizi-red.) layihəsinin əhəmiyyətini vurğulayıb.

“Vens konkret “hədiyyələr” aparıb: NVIDIA çipləri və süni zəka sistemləri ilə təchiz olunmuş superkompüterlərin tədarükü, nüvə energetikası sahəsində əməkdaşlıq, həmçinin pilotsuz uçuş aparatları və “hava hücumundan müdafiə sistemləri”nin verilməsi ilə bağlı razılaşmalar. Azərbaycan patrul gəmiləri və TRIPP üçün 175 milyon dollar investisiya əldə edib. Geosiyasi baxımdan Vensin səfəri regionda ABŞ maraqlarının birbaşa “bayraq qaldırması” idi, ABŞ TRIPP vasitəsilə Rusiya (o cümlədən Şirakdakı hərbi baza) və İran üzərində nəzarət imkanları qazanır”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Kreml isə sakitliyini qoruyub.

“Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan suveren dövlətlərdir və öz xarici siyasətlərini aparmaq hüququna malikdirlər. O vurğulayıb ki, Rusiya “hər iki ölkə ilə bütün sahələrdə dərin əlaqələri inkişaf etdirmək niyyətindədir”. Rusiya hazırdır, bəs İrəvan hazırdırmı? Peskovun təbəssümünün arxasında Cənubi Qafqazda mövqelərin itirilməsi və Rusiyanın təhlükəsizliyinə artan təhdidlər gizlənir.

İran üçün də TRIPP dəhlizinin yaradılması narahatedici məsələdir və Tehran Moskvadan fərqli olaraq, bunu mütəmadi şəkildə “geosiyasi boğma” adlandırır. Ali liderin müşaviri Əli Əkbər Vilayəti açıq şəkildə bəyan edib ki, İran bu dəhliz təşəbbüsünü “Rusiya ilə və ya onsuz” bloklayacaq”, - deyə məqalədə qeyd edilib.

Müəllif sual verib ki, bəs ABŞ-ni Cənubi Qafqazdan necə sıxışdırmaq olar?

“Üç əsas ssenari var ki, bu hallarda amerikalılar regiondan sıxışdırıla və ya özləri çıxa bilərlər, çünki onların mövqeyi coğrafiya (ümumi sərhədlərin olmaması) və zaman məhdudiyyəti baxımından həssasdır.

Birinci ssenari İrandandır. İranın proksi müharibələrdə böyük təcrübəsi var və o, TRIPP-in keçdiyi Zəngəzuru öz vəkil qüvvələri və ya kiberhücumlar vasitəsilə sabitsizləşdirərək investisiyalar üçün təhlükəli edə bilər. İran həmçinin Ermənistana gedən tranzit marşrutlarını bağlaya və İrəvanı hələ tamamlanmamış ABŞ dəhlizindən tam asılı vəziyyətə sala bilər.

İkinci ssenari Rusiyadandır və onun Ermənistan üzərində güclü rıçaqları var. Moskva Ermənistanın qazpaylayıcı şəbəkəsində “planlaşdırılmamış texniki xidmət” elan edə və ya qiymətləri kəskin şəkildə bazar səviyyəsinə qaldıra bilər. Bu isə ölkə elektrik enerjisinin təxminən 40 faizini istehsal edən istilik elektrik stansiyalarının bağlanmasına səbəb ola bilər. Rusiya həmçinin Ermənistan elektrik enerjisinin təxminən 30 faizini təmin edən “Metsamor” Atom Elektrik Stansiyasına nüvə yanacağının tədarükünü dayandıra bilər”, - deyə məqalədə bildirilib.

Müəllif qeyd edib ki, hətta ABŞ-nin Ermənistanda kiçik modul reaktorlar (SMR) tikmək planları reallaşsa belə, bu proses 10-15 il çəkəcək, halbuki enerji böhranı bir həftə ərzində başlaya bilər.

“Ermənistanın bütün dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər “Rusiya Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyində olduğuna görə, Rusiya tətil, nasazlıq və ya “yenidən təşkilatlanma” bəhanəsi ilə qatarların hərəkətini dayandıra bilər. Bu, ABŞ-nin tikinti layihələri üçün lazım olan daxili yükdaşımaları iflic edər. Ermənistanı Gürcüstan və Rusiya vasitəsilə xarici dünya ilə birləşdirən yeganə quru yol olan Yuxarı Lars da həssasdır, onun bağlanması bir neçə gün ərzində mağaza rəflərinin boşalmasına gətirib çıxarar. Ermənistanın Rusiyaya (o cümlədən müdafiə kreditləri üzrə) xeyli borcu da var. Dövlət müəssisələrinin hesablarının dərhal ödənilməsi və ya Rusiya banklarında dondurulmasının tələb edilməsi ölkə büdcəsinə zərbə vurar. Bəziləri deyə bilər ki, bunlar Rusiyanın metodları deyil, amma “çəhrayı eynəkləri çıxarmağın vaxtıdır”. ABŞ Rusiyanı iqtisadi blokada ilə sındırmağa, nüvə müharibəsini təhrik etməyə, onun tarixi ərazilərinə müdaxilə etməyə çalışır. Amma Kremlin “qırmızı xətləri”nin harada keçdiyini yalnız Allah bilir. Görünür, Ukraynada olduğu kimi, bu xətlərə Ermənistanın NATO-ya üzvlüklə bağlı bəyanatı, daha aşağı səviyyədə isə Şirak hərbi bazasının çıxarılması və rus mülkiyyətinin milliləşdirilməsi daxildir”, - deyə nəşr yazıb.

Müəllif bildirib ki, üçüncü ssenari isə Rusiya və İranın birgə hərəkətləridir.

“Bununla belə, Ermənistan üçün “şirin təklif” formasında əks-tədbir də təşkil oluna bilər. 2026-cı ilin əvvəlində Rusiya (qondarma-red.) “Abxaziya” vasitəsilə Gürcüstana, oradan isə Ermənistana gedən yolun açılması ilə bağlı müzakirələri aktivləşdirib. 2025-ci ilin sonunda Rusiyanın Gürcüstanla sərhəddə yerləşən “Abxaziya”nın Qali rayonunda iri logistika mərkəzi tikməsi barədə məlumatlar yayılıb. İqtisadçılar qeyd edirlər ki, “Abxaziya” üzərindən qanuni tranzit daşımalar başlasa, Gürcüstan büdcəsi gəlirlərinin böyük hissəsini gömrük rüsumları və bank ödənişlərindən əldə edəcək. Hələlik Tbilisi belə razılaşmaların mövcudluğunu təkzib edir.

Amerikalıların əsas zəif tərəfi zamandır. Əgər ABŞ administrasiyası 2028-ci ilə qədər dəyişərsə və ya Vaşinqtonun diqqəti Tayvana və ya daxili məsələlərə yönələrsə, Ermənistan yarımçıq qalmış dəhliz və korlanmış münasibətlərlə qəzəbli qonşuları qarşısında tək qala bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin