Erməni ekspert: “Ermənistan hakimiyyəti TRIPP layihəsini AİB çərçivəsində müzakirə etməlidir”

2026/02/1771396427.jpg
Oxunub: 362     14:32     18 Fevral 2026    
“İqtisadi baxımdan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi Ermənistana ciddi gəlir gətirməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birliyin Qanadları” siyasi təşəbbüsünün həmtəsisçisi, qurumun iqtisadi komandasının rəhbəri David Ananyan mətbuat konfransında deyib.

Ananyan bildirib ki, layihə barədə az məlumat olduğu və onun estakada üzərindən keçəcəyi ehtimal edildiyi vaxt hesablamalar aparılıb. “Əvvəlcə söhbət 43 kilometrlik qovşaqdan gedirdi. Yol daxili kommunikasiya xətləri ilə əlaqəli olmamalı idi. Həmin vaxt hesablamalar göstərdi ki, onun ötürmə qabiliyyəti ən yaxşı halda 20 milyon ton olacaq. Bir ton üçün 7 dollar tarif götürülsə, bu, 140 milyon dollar edir ki, bunun 26 faizi Ermənistana çatacaq. Yəni layihə bir neçə on milyon dollar gəlir gətirə bilər, iqtisadi baxımdan böyük imkanlar yaratmır. Lakin İran, Çin, Rusiya və ABŞ-nin maraqlarını uzlaşdırmaq mümkün olsa, diplomatik və siyasi imkanlar daha böyük ola bilər”, - deyə Ananyan qeyd edib.

Onun qiymətləndirməsinə görə, Rusiyadan siqnallar gəlir ki, onlar da iştirak məsələsini müzakirə etməyə qarşı deyillər. “Danışıqlar aparmaq və uğur qazanmaq üçün danışıqlar aparanı dəyişmək lazımdır. Bunu hamımız birlikdə etməliyik”, - deyə Ananyan bildirib və bununla yaxın seçkiləri nəzərdə tutub.

Layihədə elan edilən “təmassız” variant nəzərə alınmaqla gömrük yığımlarının necə həyata keçiriləcəyi sualına cavab olaraq Ananyan bildirib ki, bunu təsəvvür etmir, çünki bəzi gömrük prosedurları fiziki təmas tələb edir. “Biz bunu AİB üzrə tərəfdaşlarımızla da müzakirə etməliyik, çünki bizim sərhəd həm də AİB-nin sərhədidir və AİB qanunvericiliyi ilə tənzimlənir. Bu məsələlərin hazırda müzakirə olunub-olunmadığını bilmirik, ən azı bizim məlumatımız yoxdur. Cavabsız qalan çoxlu suallar var”, - deyə Ananyan bildirib.

“Birliyin Qanadları” təşəbbüsünün təklif etdiyi nəqliyyat layihələrindən danışan Ananyan qeyd edib ki, vaxtilə dondurulmuş mühüm proqramları həyata keçirməyi planlaşdırırlar: “Məsələn, 2014-cü ildə Çin tərəfi “Şimal-Cənub” dəmir yolu layihəsini dondurub, çünki Ermənistan hökuməti avtomobil yolu variantına üstünlük verib. Lakin hazırda Çin Gürcüstandakı Anakliya limanının tikintisində iştirak etdiyindən, bu kontekstdə layihə yenidən iqtisadi cəhətdən cəlbedici ola bilər”.

O həmçinin bildirib ki, sabiq Baş nazir Xosrov Harutyunyanla dəmir yolu əlaqəsi layihəsini müzakirə ediblər və onun təkliflərini həyata keçirmək niyyətindədirlər. “Bakı-Qazax-İcevan-Hrazdan-İrəvan-Arazdəyən-Naxçıvan-Qars əsas istiqamət ola bilər. Həmçinin İcevan-Dilican-Vanadzor-Gümrü-Qars marşrutu da mümkündür. Xosrov Harutyunyanın müvafiq sənədləri var, biz onları müzakirə etmişik və o, həmin sənədləri iqtisadi proqramımıza daxil etməyimiz üçün bizə təqdim edib”, - deyə Ananyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP   AİB  


Bizi "telegram"da izləyin