Ermənistanda milyonlarla mükafat və 40 faiz yoxsulluq: Niyə hakim partiya üzvləri real rəqəmlərdən qorxurlar?

2026/02/1771394288.jpg
Oxunub: 340     09:57     18 Fevral 2026    
“Ermənistanda seçkiqabağı təşviqatın rəsmi başlanğıcı elan edilməsə də, hakimiyyət onu çoxdan başladıb. Nikol Paşinyan hökumət iclaslarını artıq təbliğat meydanına çevirdiyi kimi, indi də parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyası “hücuma keçib”. Nazirləri “çağırıb gətirirlər” və onların fəaliyyətini elə pafosla tərifləyirlər ki, sanki başqa planetdə yaşayırıq və Ermənistanda baş verənləri görmürük”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Milyonlarla mükafat və 40 faiz yoxsulluq: Niyə hakim partiya üzvləri real rəqəmlərdən qorxurlar?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu cür görüşlərdən birində yaxın vaxtlarda “ölüm naziri” adlandırılan Arsen Torosyan da iştirak edib.

“O, səhiyyə sahəsini və “Kovid”ə qarşı mübarizəni uğurla iflasa uğratdıqdan sonra indi də guya xalqın sosial problemlərini həll etməyə “girişib”. Lakin problemləri həll etmək əvəzinə siyasi təbliğatla məşğuldur və sosial çətinlikləri gizlədir.

Arsen Torosyanın Ermənistanda sosial vəziyyətlə bağlı nə deməsindən asılı olmayaraq, ona sadəcə xatırlatmaq kifayətdir ki, son illərdə yoxsulluq sahəsində hansı dəyişikliklər baş verib və hakim partiya üzvlərinin rifahı fonunda əhalinin neçə faizi hələ də yoxsulluq içərisində yaşayır.

Xatırladaq ki, rəsmi məlumatlara görə, Ermənistan əhalisinin 21,7 faizi yoxsuldur, 0,6 faizi isə ifrat yoxsulluq içərisindədir. Yoxsulluğun yuxarı həddi üzrə isə əhalinin təxminən 40 faizi yoxsulluq şəraitində yaşayır”, - deyə KİV qeyd edib.

Müəllifin sözlərinə görə, bu rəqəmlər həyəcan siqnalıdır və göstərir ki, hakimiyyət sosial siyasətini iflasa uğradıb.

“Onlar yoxsulluğu yarıbayarı azaltmağa, ifrat yoxsulluğu isə tamamilə aradan qaldırmağa söz vermişdilər. Lakin nə ifrat yoxsulluğu aradan qaldırıblar, nə də yoxsulluğu yarıbayarı azaldıblar. Yoxsulluğun yarıbayarı azaldılması ilə bağlı vədi yerinə yetirsəydilər, bu gün Ermənistanda yoxsulluq səviyyəsi təxminən 13 faiz olmalı idi. Halbuki son açıqlanan məlumatlara görə bu göstərici 21,7 faizdir. Üstəlik, bu da yoxsulluğun qiymətləndirilməsi meyarlarının növbəti dəfə dəyişdirilməsindən sonra əldə olunub.

Sadəcə onu demək kifayətdir ki, müqayisə yaratmaq üçün yeni meyarlara uyğun olaraq əvvəlki göstəriciləri yenidən qiymətləndirməkdən yayınıblar. Bu da nəticə çıxarmaq üçün kifayətdir ki, bu, hakimiyyət üçün sərfəli olmayıb. Əks halda, bunu məmnuniyyətlə edərdilər.

İfrat yoxsulluğun aradan qaldırılması vədi də uğursuzluğa düçar olub. 2018-ci ildə Ermənistanda əhalinin 1 faizi ifrat yoxsul idi, 2024-cü ildə isə bu göstərici 0,6 faiz təşkil edib. Yəni ifrat yoxsulluğu cəmi 0,4 faiz bəndi qədər azalda biliblər, halbuki hələ 2018-ci ildə onun tam aradan qaldırılacağı vəd edilmişdi”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, əvvəlki parlament seçkiləri zamanı bu vədi yenidən gündəmə gətiriblər, lakin göründüyü kimi, yenə də uğursuz olublar.

“Bu gün də Ermənistanda on minlərlə vətəndaş ifrat yoxsulluq şəraitində qalmaqda davam edir. Bu fonda isə nazirlər 7-8 milyon dramadək mükafat ala bilirlər. Hər bir nazirin aldığı məbləğlə bir neçə onlarla ifrat yoxsulu bu vəziyyətdən çıxarmaq mümkün olardı. Lakin guya xalqın sosial problemlərindən “əziyyət çəkən” hakimiyyət öz mükafatlarını üstün tutub.

Yoxsulluq göstəriciləri onu deməyə kifayətdir ki, sosial müdafiə naziri və ümumilikdə hökumət sosial siyasətlərini iflasa uğradıblar. Ermənistanda yüz minlərlə vətəndaş yoxsulluq içərisində yaşayır və son illərdə onların həyatında heç nə dəyişməyib. Hətta gəlirlər müəyyən qədər artsa belə, bu artım yoxsulluqdan çıxmaq üçün yetərli olmayıb. Gəlir artımı bahalaşmanın təsirindən daha zəif olub.

Arsen Torosyan son 8 ildə təxminən 44 min ailənin sosial təminat sistemindən çıxmasını nailiyyət kimi təqdim edir. Guya onların gəlirləri o qədər artıb ki, artıq sosial baxımdan yoxsul deyillər. Halbuki reallıqda bu ailələr sistemdən çıxmayıb, sadəcə çıxarılıblar. Bu isə sosial təminatın qiymətləndirilməsi meyarlarının dəyişdirilməsi yolu ilə edilib”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, indi də eyni üsullarla ehtiyacı olanları sistemdən kənarlaşdırmağa davam edirlər.

“Pilot proqramın icrasından sonra ilin əvvəlindən onun geniş tətbiqinə başlamalı idilər, lakin seçkilər ərəfəsində vətəndaşların narazılığından yayınmaq üçün fasilə götürmək qərarına gəldilər.

Ehtiyaclılığın qiymətləndirilməsi üzrə yeni meyarlar seçkilərdən dərhal sonra qüvvəyə minəcək. Onların tətbiqi nəticəsində on minlərlə vətəndaşın ehtiyaclılıq müavinətindən məhrum edilməsi gözlənilir. Daha sonra isə deyəcəklər ki, guya insanlar könüllü şəkildə sistemdən çıxıblar, iş tapıblar və sosial vəziyyətlərini yaxşılaşdırıblar.

İş yerləri və əməkhaqları hakimiyyət tərəfindən ən çox manipulyasiya edilən mövzulardan biri olaraq qalır. Bu mövzunu ən çox manipulyasiya edənlərdən biri də sosial müdafiə naziridir. O deyir ki, son 8 ildə təxminən 300 min iş yeri yaradılıb. Bildirilən iş yerlərinin əksəriyyəti nəinki yeni yaradılmayıb, hətta rəsmi rəqəmlərlə də təsdiqlənmir”, - deyə məqalədə qeyd edilib.

Müəllif yazıb ki, bu müddətdə konkret olaraq neçə yeni iş yerinin yaradıldığını hakimiyyətin özü də bilmir.

“Rəsmi statistika yoxdur, amma hər dəfə eyni yalanı təkrarlayırlar. Bununla belə, bir sual açıq qalır: əgər bu qədər yeni iş yeri yaradılıbsa, niyə Ermənistanda işsizlik hələ də bu qədər yüksəkdir? Son məlumatlara görə, 161 min vətəndaş işsizdir. 2018-ci ildə, hakimiyyəti ələ keçirdikləri vaxt isə 202 min vətəndaş işsiz idi. İşsizlərin sayı cəmi 41 min nəfər azalıb.

Bu 41 min iş yerini həmin insanlar tutdular, bəs sizin “yaratdığınız” qalan on minlərlə iş yeri hara getdi, havaya sovruldumu?

Əslində bunlar ümumiyyətlə yeni yaradılmış iş yerləri olmayıb. Əvvəllər də mövcud olublar, sadəcə görünməyiblər. Elə maaşlar kimi. Buna görə də ölkədə yoxsulluq səviyyəsi bu qədər yüksəkdir. Bu isə o deməkdir ki, hakimiyyətin həyata keçirdiyi sosial siyasət özünü doğrultmayıb, gəlirlərin bölgüsü ədalətli olmayıb və nəticədə sosial qütbləşmə dərinləşib.

Hakimiyyətin həyata keçirdiyi sosial siyasətin nəticələrini demoqrafik göstəricilərdə də görürük. Əvvəlkilərin dövründə, 2017-ci ildə Ermənistanda 37.699 uşaq doğulmuşdu. İndiki idarəçilərin dövründə isə 2025-ci ildə 32.042 uşaq dünyaya gəlib ki, bu da 8 il əvvəlki göstəricidən 5657 azdır.

Ötən il Ermənistanda 2024-cü illə müqayisədə 1551 uşaq az doğulub.

Təbii ki, bu rəqəmlər barədə danışmaqdan yayınırlar. Halbuki bunlar hazırkı hakimiyyətin üzvlərinin hakimiyyət illərində həyata keçirdikləri xarici, iqtisadi və sosial siyasətin nəticələridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yoxsulluq  


Bizi "telegram"da izləyin