“The Christian Post”: II Qareginə qarşı açılan cinayət işi kilsə ilə dövlət arasında böhranı dərinləşdirib

2026/02/1771305835.jpg
Oxunub: 389     22:02     17 Fevral 2026    
Ermənistan prokurorluğu Erməni Apostol Kilsəsinin katolikosu II Qareginə qarşı cinayət işi açıb və onun ölkədən çıxışını qadağan edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Christian Post” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu qərar onu Avstriyada planlaşdırılan kilsə toplantısında iştirak imkanından faktiki olaraq məhrum edib. Qərar hakimiyyətlə Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında dərinləşən qarşıdurma fonunda qəbul olunub.

KİV bildirib ki, ittihamlar kilsənin əvvəllər vəzifədən uzaqlaşdırılmış yepiskop Gevorq Saroyanın vəzifəyə bərpası ilə bağlı məhkəmə qərarını icra etməməsi ilə əlaqələndirilir. Oxşar əsaslarla yanvarın sonunda altı yepiskopa qarşı da ittiham irəli sürülmüş və onların ölkəni tərk etməsinə qadağa qoyulmuşdu.

“Ermənistanın Siyasi Hüquqlar Mərkəzi baş verənləri dövlətin kilsənin daxili işlərinə birbaşa müdaxiləsi, eləcə də Ermənistan Konstitusiyasının və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulması kimi qiymətləndirib. Təşkilatın fikrincə, bu tədbirlər kilsə iyerarxlarının yepiskop toplantısında iştirakının qarşısını almağa yönəlib.

Dini hüquq müdafiə təşkilatları son bir ildə erməni din xadimlərinə qarşı açılmış bir sıra cinayət işləri barədə məlumat verir və 2026-cı il parlament seçkiləri ərəfəsində kilsəyə təzyiqlərin artması barədə xəbərdarlıq edirlər. Tənqidçilər iddia edirlər ki, Baş nazir Nikol Paşinyan hökumətinin addımları dini institutların muxtariyyətini zəiflədir və sovet dövrünün idarəetmə üsullarını xatırladır”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin