Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın mətbuat katibi İveta Tonoyan mətbuatda “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan ilə Qaqik Tsarukyan arasında danışıqların başlanması barədə yayılan xəbərləri şərh edərkən deyib.
“Bu gün mətbuatda yer alan məlumatlara reaksiya verərək qeyd etməliyəm ki, mən yalnız faktları şərh edirəm. Əgər faktları qeydə almalı olsaq, deməliyik ki, Qaqik Tsarukyanın bir neçə gün əvvəl etdiyi açıq bəyanatı var. O, bütün dövlət, siyasi və peşəkar qrup nümayəndələrini “Nuhun gəmisi” ideyası ətrafında birləşməyə və ölkəni mövcud ağır vəziyyətdən birgə çıxarmağa çağırıb”, - deyə Tonoyan bildirib.
O xatırladıb ki, hazırkı məqamda “Ermənistana Təklif” təşəbbüsünə rəsmən qoşulmuş “Ana Ermənistan” partiyası var: “Bu günlərdə həm qeyri-rəsmi, həm də ictimai formatda müxtəlif siyasi qüvvələr və nümayəndələrlə çoxsaylı müzakirələr aparılır. Bir faktı əminliklə qeyd edə bilərəm ki, hazırda bizdə hər hansı siyahı məntiqi və ya koalisiya (blok) qurulması çərçivəsində müzakirələr getmir. Çünki Qaqik Tsarukyan seçkilərdə “Çiçəklənən Ermənistan” partiyası olaraq, müxtəlif fərdlərin və mövcud vəziyyəti dəf etmək istəyən canıyanan insanların birliyi ilə iştirak edəcəyimizi bəyan edib. Müzakirələr davam edir və hər kəsi növbəti açıqlamalarımızı gözləməyə çağırıram, konkret adlar və siyasi qüvvələr bəlli olduqda müvafiq bəyanatla çıxış edəcəyik”.
“Vətən” partiyasının mətbuat katibi Hripsime Arakelyan isə mətbuatda dolaşan xəbərlərə toxunaraq qeyd edib: “Hazırda bu mövzu ilə bağlı deyiləcək bir söz yoxdur, əgər hər hansı yenilik olarsa, “Vətən” partiyası bununla bağlı bəyanat verəcək”.
Alpər Mövludoğlu
Ordu.az