Ermənistan MN-in keçmiş rəsmisi xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunur

2025/10/1761646965.jpg
Oxunub: 325     11:39     17 Fevral 2026    
Ermənistan Antikorrupsiya Komitəsində başlanılmış cinayət işi üzrə aparılan ibtidai istintaqla müəyyən edilib ki, Müdafiə Nazirliyinin (MN) N saylı hərbi hissəsinin komandiri vəzifəsini tutmuş şəxs qəsdən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs statusu yaratmaq məqsədilə özünə məxsus digər daşınmaz əmlakların formal özgəninkiləşdirilməsini həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxs fırıldaqçılıq yolu ilə Ermənistan müdafiə nazirinin əmri ilə əvəzsiz istifadə hüququ ilə ona verilmiş mənzili mənimsəyib.

“Xüsusilə, istintaq zamanı məlum olub ki, MN rəsmisi daimi olaraq özünə və həyat yoldaşına məxsus mənzildə yaşadığı halda, 2018-ci il oktyabrın 9-da MN-in mərkəzi mənzil komissiyasına yaşayış sahəsi ilə təminat barədə həqiqətə uyğun olmayan məlumatlar təqdim edib. Bu məlumatlar əsasında komissiya İrəvandakı ünvanlardan birində yerləşən mənzilin əvəzsiz mülkiyyət hüququ ilə həmin şəxsə verilməsi barədə müsbət rəy bildirib.

Nəticədə, 2019-cu ilin iyul ayında MN-in balansında olan və xüsusilə külli miqdarda (21.400.000 Ermənistan dramı) dəyəri olan mənzil əvəzsiz mülkiyyət hüququ ilə həmin vəzifəli şəxsə verilib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, həmin şəxsə qarşı 2003-cü il aprelin 18-də qəbul edilmiş və 2022-ci il iyulun 1-də qüvvədən düşmüş Ermənistan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi (hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə uyğundur) ilə ittiham irəli sürülüb.

Qeyd edilib ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və işin materialları ittiham aktı ilə birlikdə Ermənistan Antikorrupsiya Məhkəməsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermnistan   Mənimsəmə  


Bizi "telegram"da izləyin