Erməni sakin: “Azərbaycanlıları gətirib onlara gələcək marşrutlarını göstərirdilər”

2026/02/1771311570.jpg
Oxunub: 392     13:47     17 Fevral 2026    
Fevralın 13-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri iki ölkə arasında delimitasiya və demarkasiya olunmuş quru sərhəd hissəsindən keçərək, bütün müvafiq prosedurlardan sonra quru yolla Ermənistana gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Ermənistanın Tavus vilayətinin Açarkut icmasının sabiq bələdiyyə üzvü Karen Qazaryan nəşrə açıqlamasında təsadüfi hesab etməyib ki, azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana məhz quru yolla, üstəlik Tavusun Əskipara hissəsindən gətirilib.

“Onların gəlişindən əvvəl bizim xəbərimiz olmayıb, hakimiyyət dairələrindən bu məlumat yayılmayıb. Azərbaycanlılar Əskipara hissəsindən, kilsəyə bitişik ərazidən keçiblər.

Məncə, onları məhz həmin yolla gətiriblər, çünki elə həmin hissədən Azərbaycan tərəfinə yol, marşrut verilməlidir, Yuxarı Əskipara istiqamətində verilməlidir. Beləliklə, Ermənistan hakimiyyəti azərbaycanlılara onların gələcək marşrutunu da göstərmiş oldu. Əks halda, onları Günən hissəsindən də gətirmək olardı. Xalq da bu fikirdədir ki, azərbaycanlıları gətirib onlara gələcək marşrutlarını göstərirdilər”, - deyə Qazaryan “168.am”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tavusda ümumiyyətlə sülh təsəvvür edilmir.

“Guya sülh təbliğ edən bu vətəndaş cəmiyyəti üzvləri “Vətəndaş Müqaviləsi” partiyasının seçdikləridir. Qarabağ müharibəsindən sonra da qruplar olub ki, Bakıya gediblər, Bakıdan İrəvana gəliblər, amma bununla sülh bərqərar olmayıb. Ola bilsin, konstitusiyanı elə dəyişsinlər ki, Ermənistan mövcud olsun. Amma hansı statusla mövcud olacaq, bu, sualdır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaryan  


Bizi "telegram"da izləyin