Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının şura üzvü, tələbə təşkilatının sədr müavini Nane Karapetyan deyib.
Onun sözlərinə görə, zavodun qurulması üçün təkcə maliyyə yatırımları tələb olunmur.
“Məsələn, zavod qurulduqda o, yüksək güclü kompüterlərdən ibarət olacaq və yalnız həmin zavodu işlətmək üçün bütün İrəvanın təchizatı qədər elektrik enerjisi lazım olacaq. Hazırda yeni binaların tikintisi fonunda Ermənistanda elektrik enerjisi çatışmazlığı müşahidə olunur. Paytaxt qədər elektrik sərf edəcək belə bir zavodun əlavə edilməsi çox mənfi və təhlükəli perspektiv yaradır”, - deyə Karapetyan bildirib.
Karapetyan qeyd edib ki, 2026-cı ilin yanvar ayında Ermənistanda inflyasiya 3,8% təşkil edib, bu da müxtəlif məhsul qruplarında qiymət artımı ilə özünü göstərir.
“Məsələn, çörək və un məmulatları bazarında 3,5%, ət bazarında 3,8%, balıq məhsullarında 15,2%, süd məhsullarında 8%, meyvələrdə 4,5%, hətta suyun qiymətində 4,1% artım var. Əlbəttə, bu, vətəndaşlara mənfi təsir göstərir. Çünki qiymətlər qalxanda, maaş isə eyni qalanda insan müəyyən məhsullardan imtina etməyə məcbur olur. İqtisadiyyatda ən geniş yayılmış nümunə budur ki, maaş dəyişmədiyi halda qiymətlər artdıqda insanlar ilk növbədə ətdən imtina edir və əsasən çörək məhsullarına üstünlük verir ki, bu da sağlamlığa mənfi təsir göstərir. Paşinyan deputat olanda deyirdi ki, ət bahalaşıbsa, qarışıq göyərti yeyin. İndi həmin siyasəti özləri aparırlar”, - deyə Karapetyan bildirib.
O vurğulayıb ki, 2025-ci ildə xarici ticarət dövriyyəsində davamlı azalma qeydə alınıb: “Ümumi mənzərədə xarici ticarət dövriyyəsində 29% azalma olub. İxrac 36,1%, idxal isə 23,6% azalıb. İxrac hər bir ölkə iqtisadiyyatı üçün idxaldan daha vacibdir. Lakin həm ixracda, həm də idxalda davamlı azalma o deməkdir ki, müxtəlif ölkələrdən mal gətirən erməni sahibkarların kifayət qədər vəsaiti yoxdur, Ermənistan vətəndaşının da həmin malları almağa yetərli pulu yoxdur. Bu isə maaşların aşağı olmasının nəticəsidir”.
TRIPP ətrafında müzakirələrə və hakimiyyətin vəd etdiyi iqtisadi faydalara toxunan Karapetyan qeyd edib: “Nəzərə alsaq ki, bu hakimiyyət normal asfalt belə döşəyə bilmir, sürücülər çalalara düşür, o adamlar TRIPP-i (Zəngəzur dəhlizi-red.) işə sala bilməzlər”.
Alpər Mövludoğlu
Ordu.az