Rusiyalı analitik: “Rusiya xarici siyasətinin Qafqaz istiqaməti mühümdür, lakin hazırkı mərhələdə resurslar kifayət deyil”

2026/02/1771311458.jpg
Oxunub: 356     14:32     17 Fevral 2026    
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin növbəti dəfə Ermənistan ətrafında formalaşmış geosiyasi vəziyyətə toxunub. O bildirib ki, Qərbdə Ermənistanla bağlı planlarını gizlətmirlər.

Xatırladaq ki, daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Nikol Paşinyan bəyan etmişdi ki, Rusiyanın maraqlarına zərər vurmaq hakimiyyətin gündəmində yoxdur, olmayıb və olmayacaq. Paşinyan qeyd edib: “Bu istisna olunur, heç kim bizi Rusiyaya qarşı yönəlmiş hərəkətlərin məntiqinə cəlb edə bilməz”. O, eyni zamanda vurğulayıb ki, İrəvan hər zaman öz maraqlarını rəhbər tutacaq.

Paşinyan Ermənistanın siyasi xəttinin Rusiyanın maraqlarına qarşı çıxmağı nəzərdə tutmadığını iddia etsə də, Qaluzin bildirir ki, Moskva İrəvanın Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşma tempini artırdığını görür. “Biz dəfələrlə erməni tərəfdaşlarımıza demişik ki, Qərb üçün Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə alətidir və bunu artıq gizlətmirlər”, - deyə Qaluzin bildirib.

Onun sözlərinə görə, İrəvan Moskvanın Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyində qalmağın bir-birinə zidd olması barədə prinsipial qiymətləndirmələrindən xəbərdardır. Nazir müavini vurğulayıb ki, başqa bir inteqrasiya birliyinə üzv olacağı halda, İrəvan AİB normaları və qaydalarına riayət olunmasını təmin edə bilməyəcək və bu da müvafiq nəticələrə səbəb ola bilər.

“Ümid edirik ki, ölkə realist siyasət yürüdəcək. Ermənistan iqtisadiyyatının yüksək artım tempi, aşağı inflyasiya səviyyəsi, sabit milli valyuta, erməni məhsulları üçün geniş bazar, bütün bunların təminatı, o cümlədən AİB çərçivəsində Rusiya ilə əməkdaşlıqdır”, - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.

Qaluzinin qiymətləndirməsinə görə, əvvəlki kimi, Rusiya hesab edir ki, İrəvan Cənubi Qafqazda Moskvanın təbii müttəfiqidir və Avrasiya ümumi strukturları çərçivəsində ikitərəfli əməkdaşlıq, koordinasiyalı iş Ermənistanın gələcək rifahının təminatıdır.

Rusiyalı diplomat həmçinin bildirib ki, KTMT təşkilat çərçivəsində götürülmüş öhdəliklərə uyğunluq baxımından Ermənistanın addımlarını diqqətlə izləyir. Qaluzinin sözlərinə görə, KTMT-də qarşılıqlı fəaliyyət kontekstində Moskva üçün əsas məsələ, Rusiya prezidenti Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, İrəvanın birliyin tamhüquqlu üzvü olaraq qalmasıdır.

“Biz Ermənistanı müttəfiqlik əməkdaşlığından kənarlaşdırmırıq, ölkə üçün təşkilat çərçivəsində hazırlanmış bütün qərarlara qoşulmaq imkanını saxlayırıq. Bununla yanaşı, əlbəttə ki, Qərblə münasibətlərdə, o cümlədən KTMT çərçivəsində öhdəliklərə uyğunluq baxımından tərəfdaşlarımızın addımlarını diqqətlə izləməyə davam edirik”, - deyə o bildirib.

Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Konstantin Simonov bildirib ki, Rusiya xarici siyasətinin Cənubi Qafqaz istiqaməti mühümdür, lakin hazırkı mərhələdə, davam edən müharibə şəraitində resurslar kifayət deyil.


Onun fikrincə, yanlış hesablamalar olub. Hazırda isə əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqaz tədricən çoxqütblü rəqabət mərhələsinə keçir. Bunun ən sadə nümunəsi odur ki, AİB üzvü olan, Rusiya ilə iqtisadi əlaqələri və maraqları olan Ermənistan paralel şəkildə Avropa İttifaqı və ABŞ ilə münasibətlərini inkişaf etdirir.

“Bu şəraitdə təsirin qorunmasının ənənəvi rus modeli və baxışı artıq uyğun deyil, yetərli deyil və Ermənistan-Rusiya münasibətlərində yaranmış vəziyyət də bunu göstərir. Paralel olaraq hesab edirəm ki, bu ciddi yenidən baxışlar hazırkı mərhələdə həyata keçirilməyəcək, onlar daha sonra, Ukrayna məsələsində konsensus əldə edildikdən və müharibə başa çatdıqdan sonra baş verəcək. Yeni şəraitdə Rusiya bəlkə də yeni inteqrasiya istiqamətləri və modelləri ilə yenilənmiş siyasət yürüdəcək”, - deyə analitik bildirib.

Eyni zamanda onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda müəyyən ticarət-iqtisadi səylər göstərir. “Söhbət həm yeni dəmir yolu marşrutundan, həm də formalaşan infrastruktur layihələrinə qoşulmağa hazırlıqdan gedir. Münasibətlərin siyasi komponentində problemləri nəzərə alaraq, Rusiya regiondakı təcrübəsinə və əlaqələrinə arxalanaraq ticarət-iqtisadi münasibətlərə üstünlük verməyə çalışır. Bunun kifayət edib-etməyəcəyini demək çətindir, lakin əsas məsələ odur ki, gələcəkdə ciddi yenidən baxışa ehtiyac var və bu da mövcud geosiyasi vəziyyətdən asılıdır”, - deyə Simonov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonov   Ermənistan  


Bizi "telegram"da izləyin