Tənəzzül və böhran: Ermənistanın xarici ticarət balanssızlığı

2025/10/1761476356.jpg
Oxunub: 335     10:20     17 Fevral 2026    
Ermənistanın xarici ticarət balansı, ixrac və idxal dinamikası, həmçinin ticarət axınlarının coğrafi strukturu 2025-ci ildə sistemli və uzunmüddətli fəsadları olan problemləri üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Tənəzzül və böhran: Ermənistanın xarici ticarət balanssızlığı” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu problemlər ölkə iqtisadiyyatının struktur zəifliyindən, xarici bazarlardan həddindən artıq asılılıqdan, real ixrac diversifikasiyasının yoxluğundan və qeyri-sabit təkrar ixrac fenomeninin üstünlük təşkil etməsindən xəbər verir.

“Statistika komitəsinin dərc etdiyi rəsmi məlumatların sübut etdiyi kimi, 2025-ci il xarici ticarət üçün tənəzzül və böhran ili olub. Belə ki, onilliklər ərzində formalaşmış dinamika pozulub, artım meyilləri kəskin azalma ilə əvəz olunub. Ölkə elə bir vəziyyətə düşüb ki, bu, dərin təhlil, vəziyyətin tam dərk edilməsi və çevik reaksiya tədbirlərinin işlənib hazırlanmasını tələb edir.

Ötən il ərzində Ermənistan müxtəlif ölkələrlə ümumi həcmi 21,4 milyard dollar olan xarici ticarət həyata keçirib ki, bunun da 8,4 milyard dollarını ixrac, 13 milyard dollarını isə idxal təşkil edib. Bu göstəricilər xarici ticarətin mənfi balansı olduğunu göstərir, yəni idxal ixracı əhəmiyyətli dərəcədə üstələyərək təxminən 4,6 milyard dollarlıq ticarət kəsiri yaradır. Bu kəsir isə xarici valyuta köçürmələri, investisiyalar, kreditlər və ya ehtiyatların istifadəsi kimi digər mənbələr hesabına maliyyələşdirilməlidir”, - deyə KİV qyed edib.

Nəşr vurğulayıb ki, lakin daha narahatlıq doğuran və diqqətəlayiq məqam inkişaf etməkdə olan iqtisadiyyatlar üçün müəyyən hədlərdə normal sayıla biləcək ticarət kəsirinin mütləq həcmi deyil, Ermənistanın ixracının 2024-cü illə müqayisədə 36,1 faiz azalması faktıdır.

“Bu, nəhəng bir tənəzzüldür və ciddi problemlərin mövcudluğuna dəlalət edir. Eyni zamanda, idxal 23,6 faiz azalsa da, bu, ixracın azalması ilə müqayisədə nisbətən daha kiçik bir rəqəmdir. Bu məlumatlar həmçinin Ermənistanın ixracının qeyri-sabit xarakteri, xarici konyunkturadan hədsiz asılılığı və real istehsal potensialının qeyri-kafiliyi ilə bağlı fundamental problemi ifşa edir.

Əgər ixrac sektoru bir il ərzində demək olar ki, 36 faiz azala bilirsə, bu o deməkdir ki, həmin ixrac dayanıqlı rəqabət üstünlüklərinə, yüksək keyfiyyətli məhsula, möhkəm bazar mövqelərinə və uzunmüddətli müqavilələrə deyil, sürətlə dəyişə bilən müvəqqəti, konyunktur və xarici şəraitə əsaslanır.

2020-ci ilə qədər Ermənistanın ixrac və idxalı ətalət, iqtisadi inkişaf, istehsal güclərinin tədricən genişlənməsi və xarici ticarət şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq yavaş, lakin sabit artım nümayiş etdirirdi. Bu yaxşılaşma üçün şəraiti isə 2015-ci ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü yaratmışdı, bu, yeni bazarlar açmış və AİB ölkələri ilə ticarətdə gömrük maneələrini aradan qaldırmışdı”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, 2020-ci ildə koronavirus pandemiyasının yayılması, dünya iqtisadiyyatının donması və Qarabağdakı 44 günlük müharibə fonunda həm Ermənistanın bütün iqtisadiyyatı, həm də malların ixracı və idxalı tənəzzülə uğrayıb.

“Bu, ölkəni və bütün dünyanı sarsıdan fəlakətli hadisələr kontekstində təbii və qaçılmaz idi. Lakin Ermənistan iqtisadiyyatı üçün mənfi deyil, müsbət faktora çevrilən növbəti şok 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi və bunun nəticəsində Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyalar oldu. Bu sanksiyalar Ermənistanın Rusiya ilə Qərb ölkələri arasında ticarət üçün tranzit və ya vasitəçi ölkəyə çevrildiyi bir vəziyyət yaratdı. Bu yeni rolun nəticəsində Ermənistanın ixrac və idxalı 2024-cü ildə zirvə nöqtəsinə çatdı: ixrac təxminən 13 milyard dollar, idxal isə təxminən 17 milyard dollar təşkil etdi. Bu göstəricilər ötən illərlə müqayisədə rekord idi.

Lakin 2025-ci ildə bu dinamika nəinki qorunmadı, həm də kəskin şəkildə əks istiqamətə dəyişdi. Bu reallıq sübut edir ki, 2022-2024-cü illərdəki ixrac və idxal artımı dayanıqlı olmayıb və Ermənistan iqtisadiyyatının real potensialına, istehsal güclərinə və ya rəqabət qabiliyyətinin artmasına əsaslanmayıb. Bu, sadəcə müvəqqəti xarakter daşıyıb və şərait dəyişən və ya zəifləyən kimi ixrac bu dəyişikliyi dərhal öz üzərində hiss edib”, - deyə məqalədə vurğulanıb.

Müəllif yazıb ki, xarici ticarətin coğrafi strukturunun təhlili də Ermənistanın ixrac bazarlarının konsentrasiyası, bir və ya iki bazardan həddindən artıq asılılıq və real diversifikasiyanın olmaması ilə bağlı daha dərin və narahatlıq doğuran problemləri üzə çıxarır.

“2025-ci ilin məlumatlarına görə, Ermənistanın ixracının 38,4 faizi Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələrin, 7,9 faizi Avropa İttifaqı ölkələrinin, 53,7 faizi isə digər ölkələrin payına düşüb. Digər ölkələr arasında əsas yeri Birləşmiş Ərəb Əmirlikləri və Çin tutur. Bu rəqəmlər ilk baxışdan Ermənistanın ixracının kifayət qədər diversifikasiya olunduğu və müxtəlif istiqamətlər arasında bölündüyü təəssüratını yarada bilər, lakin daha dərindən baxdıqda əksi görünür. Son 10 il ərzində Ermənistanın ixrac strukturunda Avropa İttifaqının payı kəskin və davamlı şəkildə azalıb: on il əvvəl ixracın təxminən 28 faizi Avropa İttifaqının payına düşürdüsə, indi bu rəqəm cəmi 7,9 faiz təşkil edir. Bu üçqat azalma Ermənistanın ya Avropa bazarlarında rəqabət qabiliyyətini itirdiyini, ya bu bazarlardakı iştirakını qoruyub saxlaya və inkişaf etdirə bilmədiyini, ya da daha asan giriş təmin edən və daha gəlirli, lakin daha az sabit olan digər bazarlara üz tutduğunu göstərir.

İllər keçdikcə Ermənistanın ixracında Avrasiya İqtisadi Birliyinin payı artıb ki, bu da əsasən Rusiya bazarının genişlənməsi ilə bağlıdır. Maraqlıdır ki, son üç ildə “digər ölkələr”in payı, əsasən Birləşmiş Ərəb Əmirliklərinə edilən təkrar ixrac hesabına kəskin şəkildə artıb. Diqqət yetirmək lazımdır ki, son üç ildə BƏƏ əsas ixrac bazarlarından birinə çevrilib, müəyyən dövrlərdə hətta Rusiyanı belə geridə qoyub. Lakin bu fenomen real diversifikasiyadan, yeni bazarların fəth edilməsindən və ya Ermənistan məhsullarının rəqabət qabiliyyətinin artmasından deyil, yalnız təkrar ixracın təsirindən xəbər verir. Yəni başqa ölkələrdən idxal edilən və Ermənistan ərazisindən keçən malların təsiridir ki, bu da ölkəyə heç bir real əlavə dəyər, məşğulluq və ya ciddi iqtisadi fayda gətirmir. Beləliklə, biz yenə də əsasən Rusiya bazarı ilə qarşı-qarşıyayıq, bu isə o deməkdir ki, Ermənistanın Rusiya bazarından asılılığı təxminən 60 faizə çatıb”, - deyə nəşr bildirib.

KİV-in yazdığına görə, Ermənistanın son illərdəki ixrac strukturunu araşdırdıqda aydın olur ki, ixracın yarısından çoxunu təşkil edən, belə demək mümkündürsə, “digər ölkələr” kateqoriyası altında ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri və Çini başa düşmək lazımdır.

“İsveçrə, İraq, Gürcüstan, Belçika, Niderland və başqaları kimi ölkələr isə öz payları ilə onlardan əhəmiyyətli dərəcədə geri qalır və ümumi ixrac üçün böyük əhəmiyyət kəsb etmirlər.

Ermənistan mallarının ixracı üzrə həcminə və dəyərinə görə üçüncü böyük bazar olan Çinin payına ixracın cəmi 9,1 faizi düşür ki, bu da 763 milyon dollar təşkil edir. Bu göstərici nisbətən böyük məbləğ olsa da, Rusiya və Əmirliklərin göstəriciləri ilə müqayisədə olduqca kiçikdir. Ermənistan mallarının əslində Çinin nəhəng, çoxmilyardlıq və tələbkar bazarını maraqlandırdığını, Ermənistanın bu bazara uğurla daxil olaraq mövqelər qazandığını demək mübaliğə və reallıqdan uzaq bir iddia olar. Çinə olan bu ixrac həcmi əsasən metal filizi, müxtəlif malların təkrar ixracı, bəzi içkilər və tütün məmulatlarının ixracı ilə bağlıdır, halbuki Çin bazarına ixrac imkanları qat-qat böyükdür.

2022-ci ildən etibarən Ermənistan artıq Avropa İttifaqının “GSP+” güzəştli ticarət sisteminin benefisiar ölkəsi deyil, çünki Dünya Bankı tərəfindən orta-yüksək gəlirli iqtisadiyyat kimi təsnif edilib. Lakin bu dəyişiklik Avropa İttifaqının payının azalmasının əsas səbəbi olmayıb. Çünki statistik məlumatlardan göründüyü kimi, ondan əvvəl də Ermənistanın ixracında Aİ-nin çəkisi daim azalırdı. Avropa İttifaqına ixracı ümumi paydakı faizlə deyil, mütləq rəqəmlər və dollar dəyəri ilə nəzərdən keçirdikdə aydın olur ki, 2017-ci ildə bu rəqəm 629 milyon dollar, 2025-ci ildə isə 667 milyon dollar təşkil edib. Bu o deməkdir ki, Avropa İttifaqına ixrac (pandemiya və müharibə səbəbindən kəskin düşdüyü 2020-ci il istisna olmaqla) dəfələrlə azalmayıb. Sadəcə digər ölkələrə və istiqamətlərə ixrac daha böyük və sürətli templərlə artıb ki, bu da Avropa İttifaqının ümumi ixracdakı nisbi payını mexaniki olaraq kiçildib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Rusiyaya ixrac 557 milyon dollar idisə, 2025-ci ildə 3 milyard dollar olub. Bu, beş dəfədən çox artım deməkdir və Rusiyanın Ermənistan ixracatında hakim və demək olar ki, mütləq bazara çevrildiyini açıq şəkildə göstərir”, - deyə müəllif vurğulayıb.

KİV-ə görə, maraqlıdır ki, 2025-ci ildə Rusiyaya ixrac 2024-cü illə müqayisədə 6,9 faiz azalıb.

“Bu, ümumi ixracın 36 faizlik tənəzzülü fonunda nisbətən kiçik bir azalmadır və beləliklə, Rusiyanın Ermənistanın ümumi ixracındakı xüsusi çəkisi təxminən üçdə birini təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə Ermənistan AİB-ə yeni üzv olanda Rusiyanın payı cəmi 16,5 faiz idi. Bu isə o deməkdir ki, on il ərzində Rusiyanın Ermənistan ixracındakı çəkisi iki dəfədən çox artıb və dominantlıq təşkil etməyə başlayıb. Rusiyanın Ermənistan ixracatındakı xüsusi çəkisi 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlayanda və Ermənistanın Qərb məhsullarını, texnologiyalarını və digər mallarını Rusiyaya təkrar ixrac edən vasitəçi ölkəyə çevrilməsi ilə sıçrayışlı, gözlənilməz və kəskin artım yaşadı.

Bu mənzərə Ermənistanın ixrac bazarlarının diversifikasiya olunduğu, ölkənin yeni bazarlara daxil olduğu və bir-iki əsas bazardan asılılığını azaltdığı barədə iddiaları dərhal və təkzibedilməz şəkildə iflasa uğradır. Reallıqda isə əksi baş verib: ixrac bir bazara, Rusiyaya doğru daha çox təmərküzləşib, onun rolu kəskin artıb və ölkə həmin bazarın dalğalanmalarına, siyasi qərarlarına və iqtisadi konyunkturuna qarşı daha həssas hala gəlib.

Bu məlumatlar tam şəkildə sübut edir ki, Ermənistanın ixracı, xüsusən 2022-ci ildən başlayaraq, real mənada nəinki diversifikasiya olunmayıb, əksinə, ixrac bazarlarının konsentrasiyası, monopoliyalaşması və bir-iki bazardan asılılıq daha da dərinləşib, güclənib və təhlükəli həddə çatıb. Bu isə öz növbəsində Ermənistan iqtisadiyyatının zəifliyini əhəmiyyətli dərəcədə artırır.

Ermənistanın mal ixrac etdiyi digər ölkələr (Avropa, Asiya, Amerika və s. bazarları daxil olmaqla) öz xüsusi çəkiləri, payları və əhəmiyyəti baxımından Rusiya və BƏƏ-dən müqayisəolunmaz dərəcədə geri qalır və onların Ermənistan ixracındakı rolu qeyri-ciddi olaraq qalır. Ermənistanın ixrac strukturunda dördüncü və beşinci yerləri İraq və Belarus tutur ki, onların da xüsusi çəkiləri, payları və əhəmiyyəti olduqca kiçik, minimal və ikincidərəcəlidir”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, ümumilikdə, ixracın ilk onluğuna İsveçrə, Niderland, Belçika, Gürcüstan və Almaniya da daxildir.

“Ermənistan üçün strateji, perspektivli və sabit bazarlar olmalı olan Avropa ölkələri arasında Avropa İttifaqının ən böyük, ən inkişaf etmiş və ən yüksək alıcılıq qabiliyyətinə malik iqtisadiyyatı olan Almaniyanın çəkisi və rolu kəskin şəkildə azalıb. Halbuki, Almaniya Ermənistan üçün daha mühüm bir bazara çevrilə bilərdi.

Beləliklə, Ermənistan öz ixrac strategiyasına əsaslı şəkildə yenidən baxmalı, real istehsal imkanlarını inkişaf etdirməli, yüksək texnologiyalar tətbiq etməli, məhsul keyfiyyətini artırmalı, ixrac bazarlarını diversifikasiya etməli, təkrar ixracdan və xammaldan asılılığı azaltmalı və ölkənin iqtisadi müstəqilliyini, sabitliyini və tərəqqisini təmin edəcək dayanıqlı, uzunmüddətli və rəqabətədavamlı ixrac modeli yaratmalıdır”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tənəzzül   Böhran   Ermənistan  


Bizi "telegram"da izləyin