Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, İlham Əliyəv məqsədlərini gizlətmir və dəfələrlə bəyan edib ki, əgər Ermənistan sülh istəyirsə, o zaman güzəştlərə getməlidir.
Xaçatryanın qiymətləndirməsinə görə, Paşinyan bu yaxınlarda bildirib ki, 2024-cü ilin aprel-may aylarında Ermənistan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. “O, sərhədlərin müəyyənləşdirilməsindən danışırdı. Həmin dövrdə də sərhədlərin müəyyənləşdirilməsi prosesi gedirdi. Daha sonra Paşinyan Günənə gedərək yerli sakinlərə müharibə təhlükəsindən danışdı. Güc tətbiqi hədəsi altında hansı sülhdən söhbət gedə bilər? Azərbaycanlılar “Ermənistan ərazisindədir” (guya-red.). Belə şəraitdə hansı sülhdən danışmaq olar?
Mən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaya sorğular göndərdim, lakin mahiyyətli cavablar almadım. Komissiyanın rəhbəri olan Baş nazirin müavini Mher Qriqoryan komissiya rəhbəri kimi nə etdiyinə, Tavusda niyə güzəştə gedildiyinə, halbuki digər istiqamətlərdə üstünlüklə çıxmaqla bağlı vədlərin niyə həyata keçirilmədiyinə dair suallara cavab verməkdən imtina edir”, - deyə erməni deputat qeyd edib.
Xaçatryan qeyd edib ki, Paşinyan hələ 2001-ci ildə baş verən proseslər barədə danışaraq dəhlizi türklərə və amerikalılara vermək, bundan gəlir əldə etmək ideyasını səsləndirib. “Bu halda söhbət dəhlizi idarə edən operatorun mənfəətinin 26 faizindən gedir”, - deyə erməni deputat izah edib.
Onun fikrincə, TRIPP (Zəngəzur dəhlzii-red.) layihəsi dəmir yolu ən azı Arazdəyəndən keçmədiyi təqdirdə Ermənistanın blokadadan çıxarılması problemini həll etməyəcək və yalnız daxili blokadanın aradan qaldırılmasına qismən kömək edə bilər: “Tam blokadadan çıxma üçün isə İcevan-Qazax və Şirak-Qars dəmir yolu xətlərinin işə salınması vacibdir”.
Xaçatryan bildirib ki, TRIPP hazırkı formasında Ermənistanın heç bir problemini həll etmir.
“Bu, Paşinyanın həyata keçirdiyi Türkiyə-Azərbaycan layihəsidir. Hakimiyyət ABŞ ilə sənədləri imzalayarkən doğrudanmı bilmirdi ki, blokadadan çıxma məsələsi həll olunmur? Doğrudanmı bilmirdi ki, bəzi ölkələr bu yeni dəmir yolunun Rusiya tərəfindən idarə olunması perspektivindən o qədər də məmnun olmayacaqlar? Paşinyan deyir ki, bəzi ölkələr bu yanaşma ilə razı deyil. Bəs həmin ölkələr hansılardır?
Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə normal dəmir yolu əlaqələrinə malikdir. O halda TRIPP layihəsi çərçivəsində dəmir yolunun Rusiya tərəfindən idarə olunmasına qarşı çıxan ölkələr hansılardır? Bu, blefdir, necə ki, Paşinyanın vaxtilə “Qarabağın statusu” ilə bağlı “çubuğun” endirilməsinin zəruriliyi haqqında bəyanatı blef idi. O zaman da hansı ölkələrin buna qarşı olduğu barədə cavab yox idi”, - deyə Xaçatryan vurğulayıb.
O izah edib ki, TRIPP çərçivəsində dəmir yolu hissəsinin Rusiyanın nəzarəti altında ola bilməyəcəyi ilə bağlı açıqlama Rusiyanın təsirinin azaldılmasına yönəlib.
Erməni deputat istisna etməyib ki, növbəti mərhələdə bu məsələ Zəngəzurda mədən sənayesi, daha sonra isə Rusiyanın 102-ci hərbi bazası ilə bağlı da qaldırıla bilər.
Ermənistan parlamentinin üzvü xəbərdarlıq edib ki, Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkə böyük güclərin toqquşma meydanına çevrilə bilər.
“Belə bir siyasət Ermənistan ərazisində münaqişəyə gətirib çıxara və bizim üçün faciəvi nəticələrə səbəb ola bilər. Bütün region və dünya qaynadığı bir vaxtda hakimiyyət öz avantürist addımlarının nəticələrini nəzərə alıbmı? Eyni zamanda onlar ölkə daxilində vəziyyəti də sabitlikdən çıxarırlar”, - deyə o bəyan edib.
Xaçatryan qeyd edib ki, Paşinyan heç bir şəkildə müxalifətçi obrazından xilas ola bilmir: “O, ölkəni Baş nazir kimi deyil, müxalifətçi, saxta inqilabçı kimi idarə edir”.
Alpər Mövludoğlu
Ordu.az