Rusiyada Ermənistan parlameninin sədrindən müsahibə alan jurnalist qiyabi qaydada azadlıqdan məhrum edilib

2026/02/1771256046.jpg
Oxunub: 407     19:31     16 Fevral 2026    
Moskvanın Qolovinski Məhkəməsi “Dojd” telekanalının (Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) jurnalisti Yekaterina Kotrikadze barəsində qiyabi qaydada səkkiz il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə RBK-ya məhkəmənin mətbuat xidmətindən məlumat veriblər.

O, Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi üzrə (Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması) təqsirli bilinib. Həmin maddə üzrə maksimal cəza on ilədək azadlıqdan məhrumetmədir. Prokurorluq daha əvvəl Kotrikadze üçün doqquz il həbs cəzası tələb etmişdi.

Ordu barədə yalan xəbərlər yaymaqda və xarici agent kimi öhdəliklərini yerinə yetirməməkdə ittiham olunan Kotrikadze barəsində 2025-ci ilin iyul ayında cinayət işi başlanıb. Digər təqsirləndirilən şəxslər arasında onun həyat yoldaşı, “Dojd”un baş redaktoru Tixon Dzyadko və telekanalın aparıcısı Valeria Ratnikova da var. Onlar da xarici agentlər reyestrinə daxil ediliblər.

Ötən ilin oktyabrında Rusiya İstintaq Komitəsi jurnalistin qiyabi qaydada həbsini tələb etmiş, eyni zamanda Dzyadko barəsində də qiyabi həbs qərarı çıxarılmışdı.

Xatırladaq ki, Kotrikadze yaxın vaxtlarda Ermənistan parlamentinin sədri Alen Simonyan ilə müsahibə aparmışdı. Müsahibə fevralın 15-də dərc olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kotrikadze  


Bizi "telegram"da izləyin