Erməni nazir: “V-BAT-ın alternativləri Ermənistanda istehsal olunmur”

2026/02/1771236153.jpg
Oxunub: 391     19:25     16 Fevral 2026    
“Mövcud texnoloji məhdudiyyətlər şəraitində ayrı-ayrı kritik əhəmiyyətli ehtiyacların yalnız daxili istehsal hesabına qarşılanması texniki baxımdan mümkün deyildi”.

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan hakimiyyətin iddialarına görə Ermənistanda da pilotsuz uçuş aparatları istehsal olunduğu halda, ölkənin niyə ABŞ istehsalı pilotsuz uçuş aparatları aldığını şərh edərkən deyib.

Erməni nazir qeyd edib ki, “Shield AI” şirkətinin istehsal etdiyi V-BAT tipli pilotsuz uçuş aparatları hazırda Ermənistanın hərbi sənaye müəssisələri tərəfindən istehsal edilmir: “Əgər oxşar texnologiyalar və həllər ölkə daxilində artıq istehsal olunsaydı, belə sistemlərin alınmasına və ya idxalına ehtiyac yaranmazdı”.

Hayrapetyan vurğulayıb ki, yerli istehsalın dəstəklənməsi və erməni şirkətlərinə dövlət sifarişlərinin verilməsi nazirliyin birbaşa mandatına daxildir. Lakin onun sözlərinə görə, ölkənin mövcud imkanlarını ayıq və adekvat şəkildə qiymətləndirmək vacibdir və dünya səviyyəsində rəqabətqabiliyyətli məhsulun yaradılması yolu hələ kifayət qədər uzundur.

Erməni nazir bildirib ki, “Shield AI” şirkətinin məhsulları öz seqmentində dünyada ən yaxşılar sırasındadır: “Bu baxımdan şirkətlə əməkdaşlıq Ermənistan üçün yalnız müdafiə sahəsində deyil, həm də bilik və texnologiyaların ötürülməsi, eləcə də birgə elmi-tədqiqat işləri istiqamətində yeni mərhələ açır.

Söhbət yalnız Müdafiə Nazirliyi vasitəsilə əməkdaşlıqdan getmir. Yüksək Texnologiyalar Sənayesi Nazirliyi də ölkə daxilində elmi, tədqiqat və istehsal potensialının gücləndirilməsinə yönəlmiş dialoqun inkişafında birbaşa iştirak edir”.

Hayrapetyan vurğulayıb ki, qəbul edilən qərar həm Ermənistan Silahlı Qüvvələri, həm də hərbi-sənaye sahəsində Ermənistan-ABŞ strateji əməkdaşlığının inkişafı baxımından əsaslı əhəmiyyət daşıyır.

Eyni zamanda erməni nazir qeyd edib ki, Ermənistan istehsalı pilotsuz uçuş aparatları hökumətin ixrac lisenziyası verdiyi məhsullar sırasına daxildir. Onun sözlərinə görə, məlumatın həssas və qapalı xarakter daşıdığını nəzərə alaraq, dövlət əlavə detalları açıqlamaqdan çəkinir. Lakin perspektivdə erməni hərbi məhsullarının bəzi növlərinin yaxın gələcəkdə müxtəlif ölkələrə ixracı mümkündür.

Hayrapetyan bildirib ki, 2025-ci ilə qədər Ermənistanın hərbi-sənaye şirkətləri obyektiv səbəblərə görə beynəlxalq bazarlara yönələ bilmirdi: “Sahə hazırda formalaşma mərhələsindədir və cəmi bir neçə illik aktiv inkişaf tarixinə malikdir. Bundan əlavə, dövlət üçün ilkin mərhələdə əsas prioritet öz silahlı qüvvələrinin ehtiyaclarının təmin edilməsi idi. Dövlətlə hərbi sənaye şirkətləri arasında bağlanmış ilk üçillik müqavilələr çərçivəsində əsas vəzifə ordunun dövlət sifarişlərinin icrası olub”.

O xatırladıb ki, 2023-2025-ci illərdə Ermənistan hökuməti hərbi sənaye kompleksi üçün təxminən 172 milyard dram məbləğində dövlət sifarişi yerləşdirib.

“Bu vəsaitin əhəmiyyətli hissəsi şirkətlərin istehsal, peşəkar və texnoloji imkanlarının inkişafına yönəldilib. Məhz bu investisiyalar sayəsində ayrı-ayrı müəssisələr yalnız daxili bazarda mövqelərini möhkəmləndirməklə kifayətlənməyib, həm də xarici tərəfdaşlarla əlaqələr qurmağa və beynəlxalq bazarlara çıxış imkanlarını nəzərdən keçirməyə başlayıblar”, - deyə Hayrapetyan qeyd edib.

Erməni nazir vurğulayıb ki, ixrac icazələrinin verilməsi barədə qərarlar yalnız Ermənistan üçün siyasi, iqtisadi və digər risklərin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunub: “Hərbi məhsulların ixracı mürəkkəb və çoxmərhələli prosesdir və düşünülmüş, peşəkar yanaşma tələb edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: V-BAT   Ermənistan   Hayrapetyan  


Bizi "telegram"da izləyin