Erməni koordinator: “Tədbirlər ilk dəfə Ermənistan və Azərbaycanın dövlət maliyyələşməsi ilə keçirilib”

2026/02/1771239836.jpg
Oxunub: 377     15:02     16 Fevral 2026    
“Tsaxkadzor şəhərində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti, ekspert birliyi və media nümayəndələri arasında tədbir baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistanın “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan bildirib.

“Hər tərəfdən 20 nümayəndə iştirak edirdi. Azərbaycan tərəfinin nümayəndə heyəti Ermənistana sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən, Əskipara kəndi yaxınlığındakı məntəqədən, bütün müvafiq prosedurlardan keçərək gəlmişdi. Onlar Ermənistana gəldilər və bizim konfransımız baş tutdu. Formatda əhəmiyyətli genişlənmə var. Əvvəllər hər tərəfdən 5 nəfər iştirak edirdisə, indi bu rəqəm 20-yə çatıb. Mən bunu kifayət qədər vacib hesab edirəm”, - deyə Koçinyan qeyd edib.

O vurğulayıb ki, söhbət artıq formalaşmış formatdan gedir, bu, birdəfəlik və ya qısamüddətli təşəbbüs deyil.

“Bu, öz qaydaları və ənənələri olan, davam edən və davam edəcək bir formatdır. Vacib hesab edirəm ki, tərəflər bu görüşlərdən əlavə, həm də kifayət qədər ciddi “ev tapşırığı” yerinə yetirirlər. Hər iki ölkədə müvafiq nümayəndə heyətləri vətəndaş cəmiyyəti nümayəndələri, media, ekspert dairələri və vətəndaşlarla görüşlər təşkil edir, regional icmalara səfərlər planlaşdırılır. Bütün istiqamətlər üzrə təşəbbüslər mümkün qədər əhatəli mühit yaratmağa çalışır.

Təşəbbüs qrupları birgə layihələr barədə razılığa gəliblər. Biz birgə məqalələr yazırıq, ümid edirəm ki, yaxın günlərdə onlardan birincisini görmək imkanınız olacaq. Birgə araşdırmalar aparırıq. Tezliklə reallaşdıracağımız digər layihələri də müzakirə edirik. Onu da vacib hesab edirəm ki, tədbirin Ermənistanda və ya Azərbaycanda keçirilməsindən asılı olmayaraq, tərəflərin öz cəmiyyətlərini narahat edən bütün məsələləri səsləndirmək və müzakirə etmək imkanı qazanması ənənəsi bizdə davam edir”, - deyə Koçinyan vurğulayıb.

Koçinyan qeyd edib ki, quru yolu ilə keçid ideyası məhz ekspert müzakirələri zamanı yaranıb:

“Hər iki ölkədə bu ideya müsbət qarşılandı və reallığa çevrildi. Həmçinin xüsusi vurğulamaq istəyirəm ki, tədbirlər ilk dəfə olaraq hər iki ölkə hökumətinin birbaşa dəstəyi ilə, dövlət dəstəyi və dövlət maliyyələşməsi ilə həyata keçirilir”.

Bu təşəbbüslərlə keçmişi sildikləri və ağrıları unutdurmağa çalışdıqları barədə tənqidlərə toxunan Koçinyan deyib:

“Bizə tez-tez deyirlər: “Yoxsa siz keçmişi silməyə, ağrılarımızı unutdurmağa, tariximizi redaktə etməyə çalışırsınız?”. Mən bir şeyi qeyd etməyi çox vacib hesab edirəm: biz heç bir zaman tariximizi, fikir ayrılıqlarımızı, həm bizim, həm də onların cəmiyyətində mövcud olan ağrıları unutdurmaq məqsədi qoymamışıq. Bu formatın məqsədi bu deyil. Məqsəd sülh gündəminə xidmət edən layihələr və müzakirələr formalaşdırmaq, müsbət bir baza yaratmaqla yanaşı, ideyalar təklif edərək mövcud problemlərin həllinə dəstək olmaqdır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan nümayəndə heyəti quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən, bütün müvafiq prosedurlardan keçərək Ermənistana gəlib. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Koçinyan  


Bizi "telegram"da izləyin