Kilsə geyimindən 845 min dramlıq şahmat dəstinə qədər: Paşinyan 2025-ci ildə hansı hədiyyələri alıb?

2026/02/1771237235.jpg
Oxunub: 368     14:18     16 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ildə bir sıra ölkələrə səfərləri çərçivəsində çoxsaylı hədiyyələr alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “24News” nəşri yazıb.

Nəşrə görə, həmin hədiyyələrin qiyməti 40 000 dramdan başlayaraq 845 000 drama qədər dəyişir. Bu barədə məlumat Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasının rəsmi saytında yer alıb. Lakin komissiyadan “24News” nəşrinə bildirilib ki, şəkillər dərc olunmur.

“Buna baxmayaraq, ən diqqətçəkən hədiyyələri təqdim edirik. Paşinyan 2025-ci ildə ən bahalı hədiyyələri Gürcüstana səfəri zamanı alıb. Elm, təhsil və gənclər naziri ona şərab və şərabçılıq mövzusunda 845 000 dram dəyərində şahmat dəsti, müdafiə naziri isə 740 000 dram dəyərində emallı tablo hədiyyə edib. Qonşu ölkənin prezidenti Paşinyana 425 000 dram dəyərində əl işi gümüş örtüklü şərab buynuzu bağışlayıb.

İran rəsmilərindən də Paşinyan bahalı hədiyyələr alıb. Məsələn, İran İslam Respublikasının prezidenti 347 000 dram dəyərində şirniyyat üçün əl işi qab, müdafiə naziri isə 502 000 dram dəyərində Təbriz təsvirli xalça hədiyyə edib.

Fransa prezidenti Paşinyana 331 000 dram dəyərində “Dupont” markalı qələm, xarici işlər naziri isə 127 000 dram dəyərində kişi köynəyi üçün manjet düyməsi, həmçinin 336 000 dram dəyərində qızılı naxışlı dairəvi çini bəzək qutusu təqdim edib”, - deyə KİV qeyd edib.

Nəşr vurğulayıb ki, Çin prezidenti də hədiyyələrdə səxavətli davranıb.

“Paşinyanın Çinə səfəri çərçivəsində ona “Birlikdə sülh naminə” adlı, ənənəvi Çin şərabı üçün nəzərdə tutulmuş emallı “zun” qabı hədiyyə edilib. Komissiyanın saytına əsasən, onun qiyməti 403 000 dramdır. Bundan əlavə, Çin prezidenti 370 000 dram dəyərində vaza da təqdim edib”, - deyə məqalədə vurğulanıb.

Müəllif yazıb ki, Paşinyan Kilikiyanın katolik patriarxı Rafayel Petros Minasyandan Müqəddəs İqnatios Maloyanın kilsə geyimindən bir relikviya alıb.

“Bu geyim ayin zamanı istifadə olunur və Zmmar monastırının muzeyində saxlanılır. Həmin hədiyyə komissiyanın saytında 317 000 dram dəyərində qiymətləndirilib.

Ermənistan rəhbəri Aİ-Ermənistan Məsləhətçi Tərəfdaşlıq Komitəsinin sədrindən “Waldmann Edelfeder” markalı iki qələm (biri diyircəkli, digəri lələkli) alıb. Onların ümumi dəyəri 232 000 dramdır. Almatı şəhərinin meri tərəfindən 365 000 dram dəyərində “Ağ yurd dağlarda” adlı tablo, Niderland Krallığının xarici işlər naziri tərəfindən 196 000 dram dəyərində “Külək dəyirmanı” boşqabı, Uruqvay Nümayəndələr Palatasının sədri tərəfindən isə 176 000 dram dəyərində mate içmək üçün ənənəvi ləvazimatlar hədiyyə olunub.

Paşinyan həmçinin Roma Papası XIV Leo tərəfindən 52 000 dram dəyərində rəsmi gümüş xatirə medalı və 309 000 dram dəyərində qızıl örtüklü barelyef alıb.

Maraqlıdır ki, Ermənistan rəhbəri Vyetnam parlamentinin sədrindən 45 000 dram dəyərində qadın şərfi də hədiyyə alıb”, - deyə KİV vurğulayıb.

Nəşr qeyd edib ki, qanuna əsasən, vəzifəli şəxs 60 000 drama qədər olan hədiyyələri özündə saxlaya bilər, lakin 40 000 dramdan yuxarı olan hədiyyələr qeydiyyata alınmalıdır. Əgər hədiyyənin dəyəri 60 000 dramı ötürsə, o, dövlət əmlakının idarəçiliyinə verilir.

Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin dövlət mülkiyyətinə keçmiş hədiyyələrin təhvil-təslim komissiyasının sədri Arman Qalstyan “24News”a bildirib ki, 60 000 dramdan yuxarı olan hədiyyələr müxtəlif qurumlara, məsələn muzeylərə verilir, hərraca çıxarılır və ya bir hissəsi müvafiq dövlət qurumunun istifadəsində saxlanılır. O qeyd edib ki, ötən il Paşinyanın 60 000 dramdan artıq dəyəri olan təxminən 20-30 hədiyyəsi hökumətin sərəncamına verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin