Ermənistanda 8 milyonluq mükafatlar və 100 dram azalmış pensiya: boş ciblərlə gələnlər varlanır, pensiyaçı isə kasıblaşır

2026/02/1771222862.jpg
Oxunub: 512     17:20     16 Fevral 2026    
Son parlament seçkiləri zamanı “Vətəndaş Müqaviləsi” Partiyası 2026-cı ilə qədər orta pensiyanın 61 min dram olacağını vəd etmişdi. Lakin son məlumatlara görə, Ermənistanda orta pensiya cəmi 49 min dramdır ki, bu da vəd ediləndən 12 min dram azdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “8 milyonluq mükafatlar və 100 dram azalmış pensiya: boş ciblərlə gələnlər varlanır, pensiyaçı isə kasıblaşır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, son parlament seçkilərindən sonra Ermənistanda orta pensiya cəmi 5 min 626 dram artıb.

“Bu fonda məmurların aldığı 7-8 milyon dramlıq mükafatlar pensiyaçılara qarşı istehza kimi görünür. Səhiyyə sığortası adı altında hansı “fokuslar” edilməsindən asılı olmayaraq, buna bəraət qazandırmaq mümkün deyil. Bu yaxınlarda parlamentdə “Vətəndaş Müqaviləsi”nin üzvləri əsl şou təşkil etmişdilər, bir-birini qabaqlayaraq səhiyyə sığortasının guya pensiyaçılar üçün yaratdığı “misilsiz” imkanları tərifləyirdilər. Bir-birinə təşəkkür edir, pensiyaçıları təbrik edir, ayrılan milyonlarla dramlıq tibbi yardımdan danışırdılar. Amma unudurdular ki, əvvəllər də eyni sözləri dövlət sifarişi sistemi barədə deyirdilər. İndi isə dövlət sifarişini dəyişib sığorta etdiklərinə görə pensiyaçıların həyatında ciddi dəyişiklik baş verməyib.

Öz həyatlarında isə ciddi dəyişiklik baş verdiyini hamı görür. Əvvəlki illərdə də mükafat alırdılar, amma 7-8 milyon dramlıq yox. Əvvəllər bu məbləğ 1-1,5, bəlkə də 2 milyon drama çatırdı, ötən il isə bütün gözləntiləri aşdı. Adətən aldıqlarından bir neçə dəfə çox mükafat aldılar. Halbuki pensiyaçıların pensiyası illərdir “bir qara qəpik” belə artırılmır”, - deyə KİV qeyd edib.

Müəllif bildirib ki, son 2 ildə Ermənistanda orta pensiya hətta azalıb.

“Rəsmi məlumatlara görə, 2023-cü ilin sonunda orta pensiya 49 132 dram idi, ötən ilin son məlumatlarına əsasən isə 49 032 dram təşkil edib.

Orta pensiya hətta 100 dram azalıb. 100 dram bəlkə də böyük məbləğ deyil, amma faktın özü acınacaqlıdır. Bu, təkcə cəmiyyətin ən həssas təbəqəsinə aid olduğu üçün deyil, həm də milyonluq mükafatların və Ermənistanda hər addımda hiss olunan kütləvi bahalaşmanın fonunda baş verdiyi üçün narahatedicidir.

Ermənistanda son 2-3 ildə rəsmi inflyasiya 1-3 faiz aralığında göstərilsə də, bahalaşmanın miqyası bununla məhdudlaşmır. Ölkə regionun ən bahalı ölkəsinə çevrilib. Tez-tez əsas istehlak mallarının bahalaşmasından danışılır, amma təkcə onlar deyil, ərzaqdan tutmuş qeyri-ərzaq mallarına və xidmətlərə qədər hər şey bahalaşıb.

Ötən il mal əti 11,7 faiz, donuz əti 12,7 faiz, quzu əti isə 14,1 faiz bahalaşıb. Balıq 18,3 faiz bahalaşıb, bir il əvvəl isə 7,1 faiz artmışdı”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, günəbaxan yağı 8,2 faiz, kərə yağı 7,2 faiz bahalaşıb. 2024-cü ildə 2023-cü illə müqayisədə günəbaxan yağı 10,6 faiz, kərə yağı isə 9,1 faiz artmışdı. İki il ərzində bu məhsullar üzrə ümumi bahalaşma 18-19 faizə çatır, real artım isə daha çoxdur.

“Ötən il qəhvə 9,5 faiz bahalaşıb, bir il əvvəl isə 16,2 faiz artmışdı. 2025-ci ilin dekabrında 2024-cü ilin dekabrı ilə müqayisədə yarma 2,6 faiz, çörək 3,6 faiz, arpa yarması 4,1 faiz, makaron 7,9 faiz, qarabaşaq 9,4 faiz, noxud 10,4 faiz bahalaşıb.

Ərzaq məhsullarının bahalaşması ilin əvvəlində daha da sürətlənib. Sadalanan və bir çox digər əsas məhsullar bahalaşmaqda davam edib.

Bu bahalaşmanın yükünü pensiyaları son 2 ildə dəyişməyən bütün pensiyaçılar daşıyır. Onlar həmçinin əmlak vergisi, məişət tullantıları haqqı və digər vergi və rüsumlar vasitəsilə artan maliyyə yükünün təsirini də hiss edirlər. Bütün bunlardan sonra həmin insanların pensiyası dəyişməz qalır, hakimiyyət isə dövlət büdcəsindən özünə milyonlarla vəsait ayırır. Gəlirlərin və vergi daxilolmalarının artmasından danışılır, amma son 2 ildə pensiyaçı bundan heç nə əldə etməyib”, - deyə KİV qeyd edib.

Məqalədə vurğulanıb ki, Ermənistanda orta pensiya yalnız artmayıb, hətta azalıb, halbuki hakimiyyət yüksək iqtisadi artım göstəriciləri ilə fəxr edir.

“2022-ci ildə iqtisadi artım 12,6 faiz, 2023-cü ildə 8,7 faiz, 2024-cü ildə 5,9 faiz olub. Ötən ilin göstəricisi hələ açıqlanmasa da, 6 faiz civarında olacağı ehtimal edilir.

Belə iqtisadi artımdan pensiyaçılara demək olar ki, heç nə çatmayıb. Əvəzində məmurlar milyonlarla dramlıq mükafatlar alırlar, üstəlik maaşları da orta pensiyadan 15-20, bəzən 30 dəfə yüksəkdir.

Təsadüfi deyil ki, boş ciblərlə hakimiyyətə gələnlər varlanıb firavan yaşayırlar, cəmiyyətin böyük bir hissəsi, o cümlədən pensiyaçılar isə çətinliklə dolanır. Hətta əvvəlkindən daha pis yaşayırlar, çünki bahalaşmanın təsiri illər ərzində edilən bir neçə min dramlıq artımdan qat-qat çoxdur.

Pensiya minimum istehlak səbətinə belə çatmadığı, dövlət məmurlarının isə yalnız mükafat olaraq milyonlar aldığı bir şəraitdə bu, pensiyaçıya qarşı açıq-aşkar kinayə və hörmətsizlikdir. Hər nə qədər bəzi məmurlar, o cümlədən Nikol Paşinyan pensiyaçıları illüziyalarla inandırmağa çalışsalar da, “səhiyyə sığortası” adı altında bunu gizlətmək mümkün olmayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mükafat   Pensiya  


Bizi "telegram"da izləyin