Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri, Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü Hayk Mamicanyan deyib.
“Lakin həmin təşkilatda Azərbaycan izi var. Faktiki olaraq belə bir vəziyyət yaranıb ki, TRIPP-in (Zəngəzur dəhlizi-red.) Ermənistanda həyata keçirilməsi hələ ilkin mərhələdə olsa da, bunu Azərbaycan Dövlət Neft Fondu ilə müqaviləsi olan bir təşkilat icra edir. Hətta ABŞ tərəfinin 74%-lik payı Azərbaycana ötürülməsə belə, aydındır ki, hazırda Azərbaycan kapitalı TRIPP üzrə işlərə cəlb olunub.
Azərbaycan TRIPP-də pay sahibi olacaq. Layihənin maliyyələşdirilməsi 74% çərçivəsində Azərbaycan kapitalı vasitəsilə həyata keçirilə bilər. Azərbaycan Dövlət Neft Fondu Amerikanın ən iri investisiya fondları olan “Brookfield Asset Management”, “BlackRock” və “Global Infrastructure Partners” ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb. O cümlədən infrastrukturun inkişafı və logistika sahələrində əməkdaşlıq nəzərdə tutulur. Zəmanət nədir ki, məhz bu kanal vasitəsilə Azərbaycan TRIPP-in tikinti hüququnu əldə edən şirkətin ABŞ payının 74%-ində öz hissəsini əldə etməyəcək?”, - deyə Mamicanyan bildirib.
Onun sözlərinə görə, GIP Azərbaycana hava limanlarının və logistikanın idarə olunmasında kömək edir. “Brookfield” isə Türkiyə və Azərbaycanın bərpa olunan enerji sektoruna dəstək verir.
“Bizim elektrik enerjimizin “rubilniki”nin Azərbaycanın nəzarətinə keçməsinə kimsə razıdırmı? Halbuki Nikol Paşinyan parlamentdə bəyan edib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdirilməlidir”, - deyə Mamicanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az