Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Cənubi Qafqaz Dəmir Yolu” ətrafında qəribə inkişaflar” başlıqlı məqaləsində yazıb.
“TRIPP (Zəngəzur dəhlizi-red.) çərçivəsində elə qüvvələr var ki, deyirlər gəlin elə edək ki, Mehriyə çatdıqdan sonra Naxçıvana daxil olmasın və Ermənistandan yan keçsin. Təbii ki, beynəlxalq tərəfdaşlarımız deyirlər: “Ermənistandan necə yan keçə bilər, Ermənistan bizim tərəfdaşımızdır”.
Orada Ermənistandan yan keçmək istəyənlər deyirlər ki, Ermənistanın dəmir yolu Rusiyanın idarəçiliyi altındadır. Biz hər şeyi edirik ki, izah edək: bəli, Rusiyanın idarəçiliyi altındadır, lakin Ermənistanın mülkiyyətidir, Rusiya heç bir şəkildə regional layihələrə mane olmaq istəmir və praktik olaraq da maneə yaratmayacaq. Mən bu barədə Rusiya Federasiyasının Prezidenti ilə də danışmışam, bilirəm ki, o, bütün bu proqramları dəstəkləyir”, - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri qeyd edib: “Dəmir yolunun Rusiya tərəfindən idarə olunması səbəbindən biz strateji mövqelərimizin və rəqabət üstünlüyümüzün itirilməsi ilə üzləşirik. Mənim təsəvvür etdiyim həll yolu ondan ibarətdir ki, həm Rusiya, həm də Ermənistanla dost münasibətləri olan bir ölkə sadəcə olaraq konsessiya üzrə idarəetmə hüququnu Rusiyadan satın alsın”.
Müəllif bildirib ki, lakin Paşinyan “dost” ölkə deyərkən kimi nəzərdə tutduğunu açıqlamayıb.
“Paşinyanın bu açıqlaması Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçukun bəyanatından bir gün sonra səslənib. Overçuk demişdi ki, Rusiya və Ermənistan respublikada dəmir yolu sahələrinin bərpası ilə bağlı Türkiyə və Azərbaycanla danışıqlara başlayacaqlar.
“Erməni tərəfinin müraciətinə uyğun olaraq və Ermənistan xalqına qarşı dostluq və qardaşlıq hisslərindən çıxış edərək, Rusiya Federasiyasında Ermənistanın iki dəmir yolu sahəsinin bərpası ilə bağlı predmetli danışıqlara başlamaq qərarı qəbul edilib. Bu sahələr Arazdəyən bölgəsində Azərbaycanın, eləcə də Axuryan yaşayış məntəqəsi ərazisində Türkiyənin dəmir yollarına birləşməni təmin edəcək”, - deyə o bildirib və əlavə edib ki, bərpa olunacaq sahələrin uzunluğu müvafiq olaraq 1,6 km və 12,4 km təşkil edir.
Paşinyan faktiki olaraq Rusiyanın dəmir yolunun təmiri ilə bağlı təklifini rədd edir, bu o deməkdir ki, xarici təsir vasitəsilə dəmir yolunun konsessiya üzrə idarəetməsini Rusiyanın əlindən almaq niyyətindədir. “Dost ölkə” ifadəsi isə sadəcə diqqəti yayındırmaq məqsədi daşıyır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az