Erməni ekspert: “Vaşinqton TRIPP vasitəsilə Avropa-Qafqaz-Asiya beynəlxalq marşrutunda mövqe tutmağa çalışır”

2026/02/1770876183.jpg
Oxunub: 341     11:14     12 Fevral 2026    
“Vensin səfərindən təxminən bir həftə əvvəl ABŞ-də yerləşən AECOM mühəndislik-məsləhət şirkətinin (Texas, Dallas) nümayəndələri TRIPP-in (Zəngəzur dəhlizi-red.) ərazi tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana gəlib”.

Ordu.az xəbər verir ki, bunu energetika sahəsi üzrə erməni ekspert Vahe Davtyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bir neçə gün əvvəl isə ABŞ-nin ən iri investisiya şirkəti olan “BlackRock” Türkiyədə Azərbaycan şirkəti SOCAR-a məxsus konteyner terminalının səhmlərini əldə edib.

“Müqaviləyə əsasən, terminalın birgə idarə olunması “SOCAR Turkey Enerji A.Ş.” və “BlackRock”un törəmə şirkəti olan “Terminal Investment Switzerland Sàrl” (TISS) tərəfindən həyata keçiriləcək. Söhbət Egey dənizi sahilində yerləşən terminaldan gedir. Bu terminal həcminə görə Türkiyədə üçüncü yerdədir və ən əsası Aralıq dənizinə sabit çıxışı təmin edir.

İndi isə yenidən Ermənistana gəlmiş AECOM şirkətinə qayıdaq. NASDAQ fond birjasının saytındakı axtarış nəticələri göstərir ki, 2023-cü ilin fevralında həmin şirkətin institusional səhmdarlarından biri yuxarıda adı çəkilən “BlackRock” olub (12%). ABŞ-nin bəzi açıq mənbələrinə görə, “BlackRock” AECOM-da bir sıra törəmə şirkətlər vasitəsilə dolayı şəkildə də təmsil olunur.

Bu nə deməkdir?

“BlackRock” sadəcə biznes subyekti deyil, ABŞ hökuməti və ümumilikdə “dərin dövlət”lə birbaşa əlaqəli aktordur. O, passiv investor hesab olunsa da, səhmdarların ümumi yığıncaqlarında səsvermə hüququna malikdir və şirkətlərin ali rəhbərliyinin təyinatında iştirak edir”, - deyə Davtyan qeyd edib.

Erməni ekspert bildirib ki, “BlackRock” ABŞ-də fəaliyyət göstərən 3900 açıq şirkətin təxminən yarısında nominal səhmlərin 5 faizindən çoxuna sahibdir.

“Şirkət həmçinin ABŞ-nin “böyük dördlüyü” banklarının da iri səhmdarlarından biridir.

Faktiki olaraq Vaşinqton, dəfələrlə qeyd etdiyim kimi, TRIPP vasitəsilə Avropa-Qafqaz-Asiya beynəlxalq marşrutunda mövqe tutmağa, Avrasiya məkanında mühüm oyunçu rolunu üzərinə götürməyə çalışır. Mərkəzi Asiya ilə Avropa arasında əlaqəni diversifikasiya etməyə yönəlmiş yeni logistika meqalayihəsi formalaşır. Lakin bu layihə tam şəkildə ABŞ kapitalının nəzarəti altında nəzərdə tutulur. TRIPP və Türkiyədə əldə edilmiş terminal həmin logistika sisteminin əsas qovşaqlarındandır.

Bu, dövlətin geosiyasi maraqları ilə iri kapitalın maraqlarının tam üst-üstə düşdüyü hallardan biridir.

P.S. Bütün bunların fonunda yaxın vaxtlarda “neytral” Türkmənistanda da proseslərin inkişafını gözləyin”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   TRIPP   Davtyan  


Bizi "telegram"da izləyin