Ordu.az xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin RTVI-yə müsahibəsində bildirib.
“İxtisasca tarixçi-müəlliməm, tarix fakültəsini bitirmişəm, lakin yaxşı bilirəm ki, enerjinin qorunması qanunu mövcuddur. ABŞ nəyisə artırmaq istəyirsə, bunu kimdənsə almalıdır. Konkret olaraq Ermənistanda, Qafqazda Rusiyadan onun maraqlarını, təsirini və sairəni almalıdır”, - deyə Zatulin bildirib.
Zatulin xatırladıb ki, bu gün rus qaz tədarükləri ilə yanaşı Ermənistana elektrik enerjisi verən “Metsamor” Atom Elektrik Stansiyası bir neçə illik fasilədən sonra Rusiyanın köməyi ilə təmir olunaraq yenidən işə salınıb.
O qeyd edib ki, stansiyanın istismarı 1980-ci illərin sonlarında təhlükəsizliklə bağlı ehtimal edilən risk səbəbilə dayandırılmışdı, çünki atom elektrik stansiyası seysmik cəhətdən təhlükəli zonada yerləşir.
“Mən çox yaxşı xatırlayıram ki, 1990-cı illərin əvvəlində, məsələn, 1994-cü ildə İrəvana gələndə şəhər ətrafındakı bütün təpələrin yamacları qırılmışdı. Çünki hər eyvanda odunla yandırılan “burjuyka” sobası var idi, elektrik enerjisi yox idi. Gecələr İrəvan işıqsız qalırdı, zülmət içində heç nə görünmürdü”, - deyə Zatulin bildirib.
Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra Ermənistan “özünə gəlib” Rusiyadan kredit ayırmağı və atom elektrik stansiyasını təmir edərək yenidən istismara verməyi xahiş edib və bu da həyata keçirilib.
“İndi isə cənab Paşinyan, onun üçün bunların heç bir əhəmiyyəti yoxdur, amerikalılarla razılığa gəlir... Yəni indiyədək Ermənistanda fəaliyyət göstərən “Rosatom” ilə əməkdaşlıqdan uzaqlaşaraq amerikalılarla əməkdaşlığa üstünlük verir. Bu, bizim maraqlarımıza, təsirimizə və perspektivlərimizə hücum deyilmi? Əlbəttə ki, elədir”, - deyə Zatulin əminliklə bildirib.
Alpər Mövludoğlu
Ordu.az