Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Papikyan gizli saxlayır: Rusiya istisna olmaqla, 2018-ci ildən əvvəl Ermənistana hansı ölkələr silah satıb və hansılar sonradan imtina edib, zavod istehsalı D-30 haradandır?” başlıqlı məqaləsində yazıb.
“Mayın 28-də Sardarapatda silah nümayişi olacaqmı, yoxsa ümumiyyətlə keçirilməyəcək?
Məqalə dərc olunmazdan əvvəl məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən açıqlama almağa çalışmışıq, lakin məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. Buna görə də fevralın 3-də yazılı sorğu göndərilib ki, mayın 28-də, üstəlik Sardarapatda yeni alınmış silahların nümayişi-paradının planlaşdırılıb-planlaşdırılmadığı dəqiqləşdirilsin”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin cavab məktubu daxil olmamışdan əvvəl Ermənistan və Hindistan istehsalı olan, indiyədək gizli saxlanılan və yalnız qapalı formatda nümayiş etdirilən silah nümunələri ictimaiyyətə açıqlanıb.
“Artıq fevralın 10-da Müdafiə Nazirliyindən sorğuya cavab məktubu daxil olub. Məktubda qeyd olunur: “Sardarapatda silah nümayişi-paradının keçirilməsi ilə bağlı hazırda müzakirələr aparılmır”.
Müdafiə Nazirliyi cavab məktubunda nədənsə yalnız paradın mümkün keçirilmə məkanı kimi Sardarapatı qeyd edib, gün, yəni mayın 28-i barədə isə heç nə deməyib.
Belə çıxır ki, parlament seçkilərinə günlər qalmış hər halda yeni alınmış silahların hansısa formatda ictimai nümayişi ola bilərmi? Qeyd edildiyi kimi, bu proses artıq başlanıb. Üstəlik, MN bildirib ki, “hazırda belə müzakirə yoxdur”, yəni bunun mümkünlüyü istisna edilməyib.
MN D-30-ların “zavod istehsalı” olması məsələsini gizli saxlayır
Bununla yanaşı, fevralın 2-də Ermənistan Müdafiə Nazirliyinə ünvanlanmış başqa bir yazılı sorğuya da toxunulur”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, yanvarın 28-də, ordu günü münasibətilə Ermənistan MN-də hərbçilərlə görüş zamanı Nikol Paşinyan bəyan edib:
“Bu D-30, D-30, D-30, D-30 anlayışı... Amma bu anlayışın içində daim hansısa yanlış məqam var. Biz indi D-30-dan imtina etməmişik. Bizim dövrümüzdə ordumuz ilk dəfə olaraq zavod istehsalı D-30-a malikdir ki, bizdən əvvəl onu heç kim atəşə tutmayıb. Əvvəllər ordumuzun tarixində hətta bu təriflənən və ən sevimli D-30-dan bir dənə də olsun eləsi olmayıb ki, ilk atəşi biz açaq. Əksinə, elə D-30-larımız olub ki, 100 faiz son atəşi də biz açmışıq. O “некондиционный” D-30-lardan... Bu da az olmayıb, kifayət qədər çox olub və bunu hamınız bilirsiniz. Bilmirsinizsə, mən çox yaxşı bilirəm. Bu barədə bizim reallıqda danışmaq qəbul olunmayıb. Deyirəm ki, bu gün bizdə var, biz D-30-dan imtina etməmişik, amma D-30 elə silah növləri ilə tamamlanıb ki...”.
“168.am” Ermənistan Müdafiə Nazirliyindən soruşub: “zavod istehsalı” nə deməkdir? Bu silahlar Rusiyadanmı tədarük edilib, yoxsa söhbət modernizasiyadan gedir? Əgər modernizasiyadırsa, harada həyata keçirilib?
“Bu kontekstdə həmçinin soruşulub ki, vaxtilə hansı ölkələr Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün ona silah satmaqdan imtina edib, silahların gizli parametrlərinin KTMT-yə ötürülə biləcəyinə və ya həmin silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilə biləcəyinə əmin olmadıqlarını əsas gətiriblər? Həmin ölkələr arasında Hindistan və Fransa da olubmu?
Bu suallara cavab vermək üçün Müdafiə Nazirliyi əvvəlcə əlavə vaxt istəyib, daha sonra isə günlər keçdikdən sonra məlumat verməkdən imtina edib. İmtina üçün əsas kimi “İnformasiya azadlığı haqqında” Ermənistan qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi, Ermənistan hökumətinin 11.01.2024-cü il tarixli N 53-N qərarının 15-ci bəndi, həmçinin Ermənistan Müdafiə Nazirinin 2024-cü il 16 may tarixli “Ermənistan Müdafiə Nazirliyi sistemində məxfiləşdirilməli məlumatların genişləndirilmiş idarədaxili siyahısının təsdiq edilməsi haqqında” N 797-L əmrin 113, 117 və 159-cu bəndləri göstərilib.
Yəni Nikol Paşinyan bəyan edə bilər ki, Ermənistan artıq 1960-cı illərin silahı hesab olunan sovet və ya rus istehsalı D-30-u köhnə deyil, zavod istehsalı variantda alır. Lakin bunun necə baş verdiyini və ya sadəcə modernizasiya olub-olmadığını aydınlaşdırmağa çalışdıqda, dərhal bu, məxfi məlumat sayılır.
Bəs ictimaiyyət necə bilsin ki, deyilənlər sadəcə bəyanat deyil? Bəlkə “zavod istehsalı” D-30 haubitsalarının ictimailəşdirilməsi üçün uyğun siyasi məqam seçilib?”, - deyə məqalədə bildirilib.
Nəşrin yazıdğına görə, Paşinyan maraqlı bir açıqlama da verib və faktiki olaraq etiraf edib ki, Qərb və ya Avropa Qarabağ itirildikdən sonra silah satmağa başlayıb və Qərb tərəfdaşları ona, rəhbərlik etdiyi ölkəyə və müdafiə qurumuna etibar etməyib, tədarük edilən silahların parametrlərinin “satılacağı” ilə bağlı şübhələr olub.
“Ermənistan Müdafiə Nazirliyi həmçinin 2018-ci il inqilabından əvvəl Ermənistanın Rusiyadan başqa hansı ölkələrdən silah və hərbi texnika aldığını və konkret olaraq nələr əldə etdiyini açıqlamaqdan da imtina edib.
Bu isə kifayət qədər açıq faktların mövcud olduğu bir şəraitdə baş verir və “168.am” müxtəlif vaxtlarda bu mövzulara ətraflı toxunub.
Söhbət həm Serbiya və Bolqarıstandan silah alınmasından və Ermənistana çatdırılmasından, həm keçmiş hakimiyyət dövründə NATO üzvü və Avropa ölkələrindən snayper tüfənglərinin alınmasından, həm də İordaniyanın tədarük etdiyi silahlardan gedir. Son iki halda xüsusilə Azərbaycan ciddi narazılıq dalğası qaldırmışdı. Bundan əlavə, Hindistandan hərbi texnika alınması ilə bağlı müəyyən razılaşmaların hələ əvvəlki hakimiyyət dövründə mövcud olduğu da yazılıb.
Fevralın 2-də göndərilən yazılı sorğuda Suren Papikyana xatırladılıb ki, o, 2020-ci il dekabrın 15-də ərazi idarəetmə və infrastruktur naziri statusunda Nikol Paşinyanın yanında Zəngəzurla bağlı müzakirələrdə iştirak edib və soruşulub: orada nə qərar qəbul olunub ki, bundan sonra Paşinyan Zəngəzurdan qoşunların geri çəkilməsi barədə təkbaşına qərar verib? Qeyd edilib ki, o, 2020-ci il sentyabrın 30-da Təhlükəsizlik Şurasının məlum iclasında da iştirak edib”, - deyə KİV vurğulayıb.
Nəşr bildirib ki, lakin həm bu suala, həm də Ermənistan MN-in 44 günlük müharibə ilə bağlı parlamentin istintaq komissiyasının hesabatını alıb-almaması və onunla tanış olub-olmaması barədə suala Suren Papikyan cavab verməkdən imtina edib.
“Halbuki yaxın vaxtlarda parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan mediaya müsahibəsində bildirib ki, parlamentdə saxlanılan materiallarla aidiyyəti qurumlar hələ tanış olmayıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az