Ermənistan KİV-i: Ölkədə 2021-ci ildən sonra korrupsiya artıb

2025/10/1761476356.jpg
Oxunub: 347     09:20     11 Fevral 2026    
Ötən gün “Transparency International” Antikorrupsiya Mərkəzinin Korrupsiyanın Qavranılması İndeksi (KQİ) üzrə 2025-ci il məlumatları dərc edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, həmin hesabatda qeyd olunur ki, korrupsiya bütün dünyada dərinləşir və buna görə də eyni vəziyyət Ermənistan üçün də keçərlidir.

“Ermənistanda korrupsiyanın qavranılması 2020-ci ildən sonra dayanıb. Ermənistan 182 ölkə arasında KQİ nəticələrinə görə 65-ci yerdə qərarlaşıb. “Hətta möhkəm demokratik sistemlərə malik ölkələrdə belə liderliyin zəifləməsi fonunda korrupsiyanın artması qeydə alınır. Hər il dərc edilən bu indeks göstərir ki, son on il ərzində KQİ üzrə 80-dən yuxarı bal toplayan ölkələrin sayı 12-dən cəmi 5-ə düşüb”, - deyə “Transparency International”ın hesabatında qeyd olunur.

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası hesabat dərc edildikdən sonra ölkəni “ağ çıxarmağa” çalışaraq bildirib ki, Ermənistanın 2025-ci il üzrə KQİ göstəricisi əvvəlki illə müqayisədə 1 vahid azalaraq 46 təşkil edib.

Lakin Ermənistanın korrupsiya mənzərəsinə daha geniş baxsaq, yəni “zoom out” etsək, görərik ki, 2018-2025-ci illər ərzində korrupsiyanın qavranılması göstəricisi yaxşılaşıb, lakin 2020-ci ildən sonra irəliləyiş dayanıb və cüzi geriləmə müşahidə olunur:

2018-2020 → kəskin yaxşılaşma (35 → 49)
2020-2025 → irəliləyiş dayanıb, bir qədər pisləşmə var (49 → 46)”, - deyə KİV bildirib.

Nəşr müqayisə üçün qeyd edib ki, 2018-ci ildə Korrupsiyanın Qavranılması İndeksi 35 olub, 2026-cı ildə isə bu göstərici 10 vahid artıb.

“Bu isə o deməkdir ki, Ermənistanda korrupsiyanın qavranılması 2018-ci ildən etibarən təxminən 31,4 faiz artıb.

İnqilab dövründə Nikol Paşinyan yüksək səslə deyirdi ki, “nə bir balıq, nə də bir siçan qaça biləcək”. Lakin siçanlar da, balıqlar da məhz qeyri-zorakı və məxməri inqilabdan sonra artdı”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, “Transparency International”ın hesabatında vurğulanır: “2025-ci il üzrə 182 ölkəni əhatə edən KQİ reytinq cədvəlində Ermənistan Küveyt, Monteneqro, Namibiya və Seneqal ilə birlikdə 65-69-cu yerləri bölüşür (2024-cü ildə Ermənistan 180 ölkə arasında 63–64-cü yerləri bölüşürdü).

2-ci qrafikdə Avropa Şurasına üzv dövlətlərin, o cümlədən Ermənistanın 2024-cü il üzrə KQİ göstəriciləri təqdim olunur. Qrafikdən göründüyü kimi, Ermənistan 2025-ci il KQİ göstəricisinə əsasən Avropa Şurasının KQİ-si hesablanan 42 ölkəsi arasında Monteneqro ilə birlikdə 30-31-ci yerləri bölüşür. Eyni zamanda Avropa İttifaqına üzv olan 27 ölkədən yalnız üç ölkənin (Rumıniya, Bolqarıstan və Macarıstan) KQİ göstəriciləri Ermənistanın göstəricisindən aşağıdır.

Bu, kifayət qədər təvazökar göstəricidir və eyni zamanda onu göstərir ki, korrupsiyaya qarşı islahatlar hələ də biznes nümayəndələri və ekspertlərin gözləntilərini doğrultmur. Məhz bu gözləntilər KQİ vasitəsilə ölçülür.

Göründüyü kimi, Ermənistan Avropa Şurası ölkələri arasında hətta orta mövqelərdə belə deyil. Bu isə onu göstərir ki, korrupsiyaya qarşı mübarizədə real irəliləyiş əldə etmək üçün Ermənistanın hələ çox işi var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin