“Türkiyə bu yeni düzəndə daha ön sıralara çıxacaq” - Murat İkinci

2026/01/1769858440.jpg
Oxunub: 604     15:17     31 Yanvar 2026    
“Xeyr, davam edir. HİSAR “Quadpack” üzərində işlər davam edir”.

Ordu.az xəbər verir ki, bunu ROKETSAN-ın baş direktoru Murat İkinci “Defence Turk” və “Gdh defence” nəşrlərinə müsahibəsində “Bəzən internetdə “Quadpack”dən imtina edildiyi ilə bağlı xəbərlər yayılır. Bu iş davam edirmi?” sualına cavab verərkən deyib.

O, “Bununla bağlı yaxın zaman üçün təqvim varmı?” sualına cavab verərək bildirib:

“Bəli, işlər davam edir. MİDLAS yalnız hava hücumundan müdafiə raketləri üçün deyil, ATMACA və ÇAKIR kimi qanadlı raketlərin də MİDLAS-a inteqrasiyası davam edir. MİDLAS bundan sonra gəmilərə inteqrasiya edəcəyimiz bütün silah sistemlərinin əsas sütununu təşkil edəcək. Bu bizim milli sistemimizdir və bütün milli sursatlarımızı MİDLAS vasitəsilə atıla bilən səviyyəyə çatdıracağıq. Bu bizə nə qazandıracaq? Əslində tək bir buraxılış qurğusu ilə hər gəmini fərqli silah sistemlərindən istifadə edə bilən vəziyyətə gətirəcəyik. Bu bizim üçün çox vacibdir. MİDLAS-a çox ciddi investisiya yatırırıq”.

İkinci “Murat bəy, hazırda bizim HİSAR-D sistemləri aktiv şəkildə “İ” sinfinə məxsus gəmilərdə istifadə olunur, elə deyilmi? Təhvil verilmələr həyata keçirilib” sualına belə cavab verib:

“Təhvil verilib. Əlbəttə”.

O, “Mən bunu da maraq edirəm. İndoneziya ilə belə bir əməkdaşlığa başlanıldı və aydın görünür ki, çox uğurlu nəticələr əldə olunub. Bunun bənzərini başqa hansı ölkələrlə planlaşdırırsınız və ya hansı regionlardan belə tələblər var?” sualına cavab olaraq qeyd edib:

“Əslində çox sayda tələb var, amma bu, Türkiyənin strateji baxımdan əməkdaşlıq etmək istədiyi ölkələrlə də bağlıdır. Yəni hər istəyən ölkə ilə belə bir əməkdaşlığa getmirik. Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq bizim üçün çox dəyərlidir. Bu istiqamətdə bizimlə işləmək istəyən bir çox ölkə var, amma bu, dövlətimizin qərar verəcəyi məsələdir. Dövlətimizin nəzarəti və verdiyi icazələr çərçivəsində bir çox ölkə ilə necə tərəfdaşlıq edə biləcəyimizi dəyərləndiririk. Ən çox diqqət yetirilən regionlar Yaxın Şərq, Uzaq Şərq və türk dövlətləridir. Ümumilikdə bu coğrafiyada birgə istehsal məsələsinə ciddi maraq var”.

O, “Belə bir sual vermək istəyirəm. Bu Davos məsələsinə vitse-prezident Cevdet Yılmaz da toxunmuşdu. Dünyada yeni nizamın formalaşmağa başladığı bir mərhələdəyik və yəqin ki, hər kəs bunun fərqindədir. Bəs sizcə bunun müdafiə sənayesinə təsirləri necə olacaq? Bazarda hansı dəyişikliklər baş verə bilər? Buna hazırlaşırsınızmı? Bu məsələlər müzakirə olunurmu? Yeni strategiyalar hazırlanacaqmı?” sualına cavab verərək deyib:

“Əslində müdafiə sənayesinin bundan təsirlənməməsi mümkün deyil. Hörmətli vitse-prezidentin də dediyi kimi, müdafiə sənayesinə doğru istiqamətdə investisiya etmişik. Çünki gələcək təhlükəsizlik anlayışlarının, təhlükəsizlik nəzəriyyələrinin və mexanizmlərinin çox ciddi şəkildə sınaqdan keçiriləcəyi bir dövrdür. Hazırda da bu prosesi yaşayırıq. Özünütəminetmə qabiliyyətinə malik müdafiə sənayesinə sahib ölkə kimi Türkiyə bu yeni düzəndə daha ön sıralara çıxacaq. Çünki öz daxilində yaratdığı məhsullarla həm öz müdafiəsini təmin edir, həm də strateji tərəfdaşlıq qurduğu ölkələrə müdafiə baxımından ciddi dəstək və qoruyucu çətir təqdim edir. Bu isə Türkiyə ilə yaxınlaşmaq və iqtisadi əməkdaşlıq qurmaq istəyən ölkələr üçün motivasiya yaradır. Təkcə iqtisadi əlaqələrin inkişafı kifayət etmir. Həm iqtisadi, həm də hərbi və təhlükəsizlik əlaqələrini inkişaf etdirdikdə bir ekosistemin parçasına çevrilirsiniz. Bu baxımdan Türkiyə hazırda bir çox ölkənin əməkdaşlıq etmək istədiyi ölkə mövqeyindədir. Bunun gələcəkdə yalnız müdafiə sənayesi ixracına deyil, ümumilikdə iqtisadi və strateji əməkdaşlığa da ciddi töhfə verəcəyini düşünürəm. Müdafiə sənayesinə qoyulan investisiyaları yalnız bu sahə ilə məhdud qiymətləndirmək düzgün deyil. Bu güc eyni zamanda beynəlxalq əməkdaşlıqların və ölkələrin birgə hərəkət motivasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilir”.

ROKETSAN baş direktoru “Bu, aydındır. Türkiyə həmişə bu istiqamətdə hərəkət edən ölkə olub və görünür ki, bu xətt dəyişməyəcək. Bəs bu il yeni sınaq fəaliyyətləriniz nələr olacaq? Proqramınız necədir? Çox intensiv olacağı bildirilir” sualına cavab verərək deyib:

“Belə deyim, biz ötən il 850 gündən çox sınaq keçirmişik”.

O, “850 gündən çox?” sualına cavab olaraq bildirib:

“Bəli. 365 gün ərzində 850 gündən çox sınaq. Niyə? Çünki eyni anda bir neçə sınaq həyata keçiririk. Bu o deməkdir ki, yeni məhsullar sürətlə sınaqdan keçirilir və demək olar ki, hər həftə, hər gün sahədə yeni məhsulları yoxlayan sınaq qruplarımız fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ROKETSAN-ın hazırladığı məhsulları yaxın dövrdə daha yüksək imkanlarla və fərqli ailə üzvləri ilə birlikdə sahədə görəcəyik. Bu, ballistik raketlər, hava hücumundan müdafiə raketləri, “hava-hava” raketləri, tank əleyhinə silahlar, ağıllı sursatlar da daxil olmaqla bir çox sahəni əhatə edir. Bu inkişaf həm mənzilə, həm döyüş başlığına, həm funksionallığa, həm də üzərindəki süni zəka və axtarıcı texnologiyalara təsir edəcək. ROKETSAN bu baxımdan geniş elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə investisiya qoyur, eyni zamanda bu məhsulları seriyalı istehsal edə biləcək infrastruktur yaradır. Bu iki amil birlikdə olduqda dəyər yaradır, əks halda mənası olmur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   İkinci  


Bizi "telegram"da izləyin