Ordu.az xəbər verir ki, bunu ROKETSAN-ın baş direktoru Murat İkinci “Defence Turk” və “Gdh defence” nəşrlərinə müsahibəsində deyib.
“Bununla yanaşı Afrika və Avropa da bizim üçün ən sürətlə inkişaf edən bazarlardır. Yəni ixrac baxımından yanaşdıqda deyə bilərik ki, ixracımızın böyük hissəsini Yaxın Şərq və Uzaq Şərqə həyata keçiririk. Amma bununla yanaşı sürətlə böyüyən bazarlarımız Avropa və Afrika bazarlarıdır. Hətta bu il Amerika bazarında da, Amerika qitəsində də çox ciddi potensialın hərəkətə keçdiyini görürük. Çünki dünyanın bir çox ölkəsi əslində ROKETSAN-ın istehsal etdiyi məhsullara bənzər məhsullara ehtiyac duyur. Xüsusilə təhlükəsizlik anlayışının daha yüksək səviyyəyə qalxdığı bir dövrdə istehsal edə bildiyiniz və imkanlarınızı nümayiş etdirə bildiyiniz halda ixracınız sürətlə artır. 2025-ci ilə baxdıqda ROKETSAN üçün ixrac bazarında 55 faizdən çox artım var. ROKETSAN-ın ixracı 750 milyon dolları keçib. Əgər bu ixrac göstəricisi bu templə davam etsə, ölkəmizin 10 milyard dollardan yuxarı ixracında əsas təsir edən ixrac maddələrini ROKETSAN həyata keçirmiş olacaq. Bu bizim üçün çox sevindiricidir. Çünki qarşıdakı dövrdə imzalayacağımız müqavilələrə, 2025-ci ildə imzaladığımız müqavilələrə baxdıqda da bu tendensiyanın eyni qaydada, yəni oxşar templərlə böyüyərək davam etdiyini görürük”, - deyə o qeyd edib.
İkinci “Yığılmış sifariş həcminiz nə qədərdir?” sualına belə cavab verib:
“Milyardlarla dollar deyə bilərik. Sifariş portfelimizi 100 faiz artırdıq. Bəli, 2025-ci il ərzində ROKETSAN aldığı sifarişləri iki dəfə artırdı. Bununla yanaşı ixracını 55 faiz artırdı. Eyni zamanda dövriyyəsini də 50 faizdən çox yüksəltdi. Yəni qarşıdakı dövrdə də ROKETSAN-ı çox sürətli inkişaf mərhələsi gözləyir”.
O, “Bunu nəzərə alaraq istehsal baxımından çox böyük investisiyalarınız var. Həm çox sifariş aldınız, həm də daha çox təhvil vermək üçün böyük investisiyalar edirsiniz. Bu investisiyalarla bağlı son vəziyyət barədə nə deyə bilərsiniz? Məsələn, “Kırıkkale” zavodu” sualına cavab olaraq deyib:
“Biz əslində çox uzun müddətdir investisiya qoyuruq. Onların hamısı mərhələli şəkildə həyata keçirilir. Yəni bizim investisiyalarımız bir dəfə başlayıb bir dəfə bitən proses deyil. Bir investisiya davam edərkən digəri başlayır, daha sonra növbəti investisiya həyata keçirilir. Xammaldan son istehsal və inteqrasiya infrastrukturuna qədər bir çox sahədə istehsal gücünü dəfələrlə artıracaq investisiyalar mərhələli şəkildə reallaşdırılır. 2025-ci ildə də çox ciddi investisiyalar həyata keçirildi və fəaliyyətə başladı, amma 2026 və 2027-ci illərdə də bu investisiyalar mərhələli şəkildə davam edərək ROKETSAN-ın istehsal gücünü daha yüksək səviyyəyə çatdıracaq. Biz yalnız son məhsul istehsal xətlərinə investisiya qoymuruq. Xammala, istehsal xətlərinə, istehsal obyektlərinə, eyni zamanda bizimlə birlikdə layihələrdə iştirak edən təchizat zəncirindəki tərəfdaşlarımıza da investisiya qoyuruq. Onların da gücü vacibdir. Yəni ekosistem olaraq istehsal potensialını artırmağa çalışırıq”.
Jurnalistlər sual verərək bildiriblər: “Bu gün hörmətli Müdafiə Sənayesi Komitəsinin sədri də bununla bağlı mesaj verdi, şirkətlərə bu istiqamətdə tövsiyə etdi. Avropada böyüyən bazarın olduğunu bilirik. Şirkətlərimiz imkanları daxilində Avropada ya tərəfdaşlıq, ya da birbaşa şirkət satınalmalarına yönələ bilərlər. ROKETSAN olaraq bu istiqamətdə planınız varmı?”.
İkinci qeyd edib: “ROKETSAN uzun müddətdir beynəlxalq əməkdaşlıqlar həyata keçirir. Avropa da bu baxımdan ən çox maraq göstərdiyimiz bölgələrdən biridir. ROKETSAN-ın beynəlxalq mövcudluğunun çox sürətlə artdığı bir dövrdəyik. Səudiyyə Ərəbistanında, İndoneziyada, Azərbaycanda və bir çox ölkədə bu strukturlar artıq tədricən formalaşır. Avropa da bunlardan biri olacaq, olmasını istəyirik”.
O, “İndoneziya məsələsi var. İndoneziyaya çox mühüm ixrac həyata keçirdiniz. İndoneziya tərəfi də bunu açıqladığı üçün soruşuram. MİDLAS kimi kritik sistem ixrac edilib. Bununla yanaşı sursatların da göndəriləcəyi bildirilir. Bu, əslində strateji baxımdan mühüm ixrac oldu. Daha əvvəl biz MK-41 ala bilməyən ölkə idik. İndoneziyaya isə belə bir sistem ixrac edildi” müşahidəsinə belə cavab verib:
“Biz yalnız MİDLAS satmırıq. ATMACA satırıq, onlara KHAN, yəni beynəlxalq adı ilə BORA raketlərini də satırıq. Hazırda İndoneziyada həm birgə istehsal, həm də bu məhsulların təqdim edilməsi ilə bağlı çox ciddi əməkdaşlıq modeli formalaşıb. İndoneziya gəmilərində artıq ATMACA raketlərinin inteqrasiyası aparılır. Bununla yanaşı MİDLAS da orada yerləşdirilir. Bu isə o deməkdir ki, bundan sonrakı mərhələdə İndoneziya ilə Türkiyə arasında çox ciddi müdafiə əməkdaşlığı olacaq. Bu əməkdaşlıq yalnız məhsul və inteqrasiya sahəsində deyil, eyni zamanda birgə istehsal istiqamətində də böyük potensial yaradacaq”.
Sevinc Əliyeva
Ordu.az