Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Birliyin qanadları” siyasi təşəbbüsünün üzvü, erməni siyasi xadim Davit Ananyan özünün “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, 2000-ci ildən qüvvədə olan tənzimləmə müdafiə nazirinin əmri ilə etibarsız sayılır və Erməni Apostol Kilsəsi tərəfindən təyin edilmiş ruhani xidmət əməkdaşları Silahlı Qüvvələr sistemindən çıxarılır.
“Bu, sadəcə idarəetmə və ya “texniki” qərar deyil. Bu, mövcud hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı apardığı sistemli müharibənin növbəti mərhələsidir.
Təxminən üç onillik ərzində əsgərin yanında olmuş, təkcə dua ilə deyil, həm də insani mövcudluğu, vicdanlı sözü, ağır anda dinləmək və ayaqda saxlamaq bacarığı ilə seçilən institut ordudan uzaqlaşdırılır. Onun yerinə isə inzibati nəzarət altında olan, dəyər məzmunundan məhrum edilmiş “icazə verilən inanc” modeli tətbiq edilir.
Rəsmi olaraq deyəcəklər ki, inancı qadağan etmirlər. Amma faktiki olaraq onun təşkilatlanmış sistemini ləğv edirlər.
Üstəlik, bu qərarla Ermənistan ordusuna yeni və təhlükəli bir məntiq gətirilir. Ruhani şəxsləri kilsə himayəsindən kənarlaşdırmaqla, hakimiyyət faktiki olaraq nizam-intizamdan kənar, inzibati baxımdan asılı “ruhani fiqurların” cəlb edilməsi üçün yol açır və Ermənistan ordusunun daxilində anti-kilsə altmədəniyyəti formalaşdırır”, - deyə Ananyan vurğulayıb.
O bildirib ki, bu, artıq təkcə kilsəyə qarşı addım deyil, həm də ordunun daxili dəyər sistemini yenidən formalaşdırmaq cəhdidir.
“Dövlət əsgərdən mənəvi dayaq nöqtəsini aldıqda, ordunu isə ideoloji təcrübə meydanına çevirdikdə, bu, islahat deyil, sivilizasion seçimdir. Onun bədəlini isə ilk növbədə erməni əsgəri ödəyəcək”, - deyə erməni siyasi xadim yazıb.
Alpər Mövludoğlu
Ordu.az