Paşinyan etiraf edir: Qərb Ermənistanın hərbi texnika və təhlükəsizlik məlumatlarına etibar etmirdi

2026/01/1769669648.jpg
Oxunub: 974     11:23     31 Yanvar 2026    
2020-ci ilin 44 günlük müharibəsindən təxminən 6 il sonra Nikol Paşinyan hakimiyyəti qəfil qərar verərək Ermənistan ordusunun bayramı ərəfəsində yanvarın 27-ni ölmüş erməni hərbi qulluqçuların xatirə günü elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyanın diqqətçəkən etirafları” başlıqlı məqaləsində yazıb.

“Halbuki müharibədən sonra Nikol Paşinyan bildirirdi ki, “müharibənin qarşısını ala bilərdik və nəticədə eyni vəziyyət yaranardı, əlbəttə ki, itkilərsiz”. Daha sonra isə bizə öyrədirdilər ki, yas tutmaq lazım deyil.

Genişmiqyaslı hərbi toqquşmalar zamanı nə hərbi vəziyyət elan edilib, nə də matəm günü müəyyən olunub. Üstəlik, bu günə qədər 44 günlük müharibədə ölənlərin və itkin düşənlərin adları açıqlanmayıb, Azərbaycan isə bunu edib. Yeri gəlmişkən, İlham Əliyev sentyabrın 27-ni 44 günlük müharibədə həyatını itirən öz şəhidlərinin anım günü elan edib”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, Nikol Paşinyan isə yenə fərqlənmək qərarına gələrək ölmüş erməni hərbi qulluqçuların ümumi xatirə gününü təsis edib.

“Eyni yanaşma ilə Paşinyan vaxtilə Ruben Sanamyanın canlı “milli qəhrəman” olması lazım olduğu qərarına gəldi və iyul döyüşlərindəki “qələbəyə” görə təxminən 70 hərbi qulluqçuya medallar verildi. Ermənistanın canlı “milli qəhrəmanı”nın olması, özü də Ruben Sanamyan kimi bir şəxsin olması, əlbəttə ki, pis deyil, amma burada əsas problem siyasi motivasiyadadır.

Bu müddət ərzində Nikol Paşinyan iyul döyüşlərində və 44 günlük müharibədə “milli qəhrəman”ın qəhrəmanlığını neçə dəfə xatırladıb? Heç bir dəfə də yox. Çünki əsas məqsəd əvvəlkilərdən fərqlənmək idi, addım isə səmimi deyildi”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, xatirə günü məsələsində də vəziyyət eynidir.

“Yumşaq desək, bu, siyasi manipulyasiyadır. Xatirə gününün təsadüfən, yoxsa qəsdən seçilməsi sual doğurur. Bu gün heç bir assosiasiya yaratmır. Bəlkə də məqsəd ondan ibarətdir ki, artıq “niyə Aprel döyüşlərinin dörd günü, 44 günlük müharibənin günü, sentyabr döyüşlərinin günü “Yerablur”a getmədiniz?” kimi tələblər olmasın. Bundan əlavə, bu, Ermənistan ordusunun və Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının təməlində duran, döyüşlərdə ölənlərə qarşı da düzgün münasibət deyil.

Yanvarın 28-i ölmüş hərbi qulluqçuları, Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının başlanğıcında olanları, Ermənistan ordusunda xidmət etmiş və artıq aramızda olmayan əsgərləri, zabitləri və komandirləri xatırladığımız ümumi gündür. Eyni zamanda, ordunun inkişafına töhfə verənlərə təşəkkür etdiyimiz gündür.

Yanvarın 28-i həm də qürur günüdür, bu gündə ağrı ilə yanaşı qürur da var. Lakin “səmavi ordu”, “yerüstü ordu” anlayışları ilə xatirə günü müəyyən etmək və bunu əsaslandırmaq mövcud hakimiyyət dövründə istər-istəməz “real Ermənistan” və “tarixi Ermənistan” anlayışlarını xatırladır.

Yəni burada, xüsusilə “yerüstü ordu” gününün qeyd olunmasını faktiki olaraq görmədiyimiz halda yenə də ədalətsiz nəsə var. Mövcud hakimiyyətin 44 günlük müharibədən 6 il sonra siyasi motivlərlə ordunun bayramı ərəfəsində xatirə günü elan etməyə, “səmavi ordu”dan danışmağa mənəvi haqqı varmı? Halbuki ölmüş şəxslərin etdiklərini unutdurmağa çalışıb və faktiki olaraq unutdurub, “yerüstü ordu”nu isə heç olmasa bir hərbi paradla ruhlandırmayıb, əksinə daim onu sıxışdırmağa, inandırmağa çalışıb ki, qalib gəlmək iqtidarında deyil və 44 günlük müharibədə məğlub olan ordudur”, - deyə məqalədə qeyd edilib.

Nəşrə görə, Paşinyan təkcə ordu gününü siyasi “emosional” qərarlarla kölgə altına salmasaydı, həm də elə ordu günündəki müraciətində müttəfiqləri təxribatla üz-üzə qoymasaydı və təhlükəli ifadələr işlətməsəydi, Paşinyan olmazdı.

“Xüsusilə də Ermənistan ordusunun yaradılmasının 34-cü ildönümünə həsr olunmuş müraciətində Paşinyan növbəti dəfə silahlanmanın əldə olunması məsələsinə və guya əvvəllər bu sahədə mövcud olmuş problemlərə toxunub.

“O cümlədən silah və texnika satmaq potensialına malik olan beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı Ermənistana silah satmaqdan nəzakətli şəkildə imtina edirdi və bunun iki əsas səbəbi var idi:

1. Əmin deyildilər ki, həmin silahlar Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcək.

2. Əmin deyildilər ki, həmin silahların gizli parametrləri Ermənistanın üzvü olduğu KTMT üçün əlçatan olmayacaq.

KTMT üzrə tərəfdaşlar isə 2022-ci ilin sentyabr ayına olan vəziyyətə görə Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər.

Eyni zamanda, Ermənistanın artıq ödəniş etdiyi yüz milyonlarla dollar dəyərində silah və texnikanın tədarükündən də imtina edirdilər.

Bu, Ermənistan üçün ekzistensial təhlükə idi və aydın görünürdü ki, dövlətçiliyimizi ləğv etmək, suverenliyimizi sıfırlamaq qərarı verilib”, - deyə o bildirib.

Bu müraciətdə yer alan bəzi ifadələr ilk dəfə səsləndirilmir və biz buna dəfələrlə toxunmuşuq.

Birincisi, Paşinyan faktiki olaraq etiraf edir ki, Qərb və ya Avropa Qarabağın itirilməsini gözləyib, bundan sonra silah satmağa razılaşıb”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, ikincisi, Ermənistanın keçmiş hərbi və siyasi rəhbərliyi heç vaxt KTMT-yə üzvlüyün başqa ölkələrin Ermənistana silah satması üçün ciddi problem olduğunu vurğulamayib.

“Üçüncüsü, Nikol Paşinyan silah tədarükünə maneələrə daha birini əlavə edir ki, bu da əslində onun öz əleyhinə etirafdır.

O etiraf edir ki, Qərb tərəfdaşları ona, onun rəhbərlik etdiyi ölkəyə və müdafiə qurumuna etibar etməyib və tədarük edilən silahların parametrlərinin KTMT-yə “satılacağından” şübhələnib. Belə şübhələr KTMT-də də yarana bilərdimi? Necə deyərlər, bunu biz demirik, Paşinyan özü eyham vurur. Xarici Kəşfiyyat Xidməti öz hesabatlarında hibrid müharibə kontekstində müttəfiqlər və tərəfdaşlar arasında Ermənistana olan etimadın azalmasından danışırsa, bəs Paşinyan özü bu cür ifadələrlə buna töhfə vermirmi?

Burada bir maraqlı epizodu xatırladaq. 2024-cü il fevralın 27-də “Armtimes.com” Fransa KİV-lərinə istinadla yazmışdı ki, Nikol Paşinyanın Parisə səfərinin sonunda Fransa kəşfiyyat xidməti ilə Ermənistanın milli təhlükəsizlik xidməti arasında dörd ölkə, Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi barədə razılaşma əldə olunub.

“Paris Ermənistana peyk məlumatları ötürəcək, bu məlumatlar Ermənistan sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı informasiyanı ehtiva edəcək”, - deyə “Haykakan Jamanak” yazmışdı.


Bir müddət sonra “Armtimes.com” bu məlumatı saytından silib. Üstəlik, bu məlumat Ermənistan baş nazirinin aparatına bağlı “İctimai əlaqələr və informasiya mərkəzi” dövlət qeyri-kommersiya təşkilatı tərəfindən də təkzib edilib”, - deyə müəllif yazıb.

Nəşrin məlumatına görə, məlum olub ki, informasiya fransızdilli “Agoravox” bloq platforması vasitəsilə yayılıb.

“Halbuki bu cür məlumatın məhz hakimiyyətə yaxın media tərəfindən yayılmasına yol verilməməli idi, çünki Paşinyanın ailə qəzeti onun Fransa səfəri zamanı hansı razılaşmaların əldə olunduğunu yaxşı bilməli idi. Məhz bu məntiqə əsasən də bir sıra KİV-lər həmin xəbəri yayımlamışdı, çünki məlumat məhz Paşinyanın ailə mediası tərəfindən dərc edilmişdi.

Bizim məqalədə də qeyd etdiyimiz kimi, digər KİV-ləri dezinformasiyada ittiham edən Paşinyanın ailə qəzeti belə absurd məlumatı dövriyyəyə buraxmışdı. Bu isə Türkiyə-Azərbaycan tandemi uzun müddətdir Fransanın casuslarına qarşı tədbirlər gördüyü, Azərbaycan və Rusiyanın isə Ermənistanı Aİ müşahidəçiləri adı altında agentlər yerləşdirməkdə ittiham etdiyi bir vaxtda baş vermişdi. Eləcə də Türkiyə-Azərbaycan tandeminin Fransanın Ermənistana göstərdiyi hərbi yardımdan narazı olduğu bir fonda…

Yeri gəlmişkən, Paşinyanın bəyanatı fonunda daha bir epizodu da əlavə edək.

2022-ci ildə Azərbaycan KİV-ləri Paşinyanı Qərbə KTMT ilə bağlı məxfi məlumatlar ötürməkdə ittiham etmişdi.

“Məsələn, erməni tərəfi Qərbə KTMT çərçivəsində hərbi planlaşdırma və vahid hava hücumundan müdafiə sistemi ilə bağlı incəlikləri və ya texniki sənədləri ötürüb. Ermənistan müttəfiq kimi çıxışı olduğu üçün rus silah sistemlərinin texniki xüsusiyyətləri, rus hərbi planları və rus hərbçilərinin hazırlanma metodologiyası barədə məlumatları da Qərb oyunçularına verib. Hətta rus hərbi ali məktəblərində təhsil alan erməni zabitlər Qərbdəki kuratorlarına təkcə öyrəndiklərini yox, həm də rus zabit olan kurs yoldaşlarının şəxsi işlərini ötürüblər”.

Bu ittihamlar İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası fonunda səsləndirilmişdi, təşkilata üzv ölkələrin liderləri Ermənistana səfər etmişdi. Bu, çox ciddi ittiham idi, amma hakimiyyət tərəfindən heç bir reaksiya verilməmişdi. İndi isə Paşinyan etiraf edir ki, Qərb də öz növbəsində Ermənistan hakimiyyətinin hərbi texnika ilə bağlı məlumatları KTMT-yə ötürəcəyindən şübhələnib”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, ordunun təhlükəsizliyin əsas amili olması və müharibə ehtimalına gəldikdə isə, Paşinyanın müraciətində bu mövzuda da diqqətçəkən məqamlar var.

“Bir tərəfdən o deyir: “Müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub”. Digər tərəfdən isə bildirir: “Gələcəkdə mümkün şərti təhdidlərə qarşı dayanmaq üçün, diplomatiya bunun öhdəsindən gələ bilmədiyi hallarda güclü və müdafiə qabiliyyətli orduya sahib olmaq son dərəcə vacibdir”.

“Güclü ordusu olmayan ölkə həssasdır və aqressiya üçün cəlbedici ola bilər. Ermənistan heç vaxt belə olmamalıdır”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Yəni o, müxalifətçilərin və hərbi ekspertlərin daim xəbərdarlıq etdiyi fikirləri səsləndirir. Bu da ani bir etirafdırmı? Əgər belədirsə, düşünməyə əsas verir, çünki bu sözlər ölkə rəhbərinin dilindən səslənir.

P.S. Məqaləni artıq tamamladığımız zaman məlumat yayıldı ki, Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyinə gedib və orada bəyan edib ki, güclü və müdafiə qabiliyyətli ordunun mövcudluğu Ermənistanın gündəmində hər zaman əsas yer tutmalıdır. Halbuki bir neçə gün əvvəl təhlükəsizlik baxımından Günəndəki divarı daha vacib hesab edirdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin