Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Trampın ikimənalı paylaşımı: Azərbaycana silah, Ermənistana enerji” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Davosda yalnız Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Tramp indi də avqustun 8-də imzalanmış sülh sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə təşəkkür edib.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə möhtəşəm bir saziş imzalayacağıq, böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq, həmçinin ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarını, o cümlədən zirehli gödəkçələri, qayıqları və daha artığını Azərbaycana satacağıq”, - deyə ABŞ Prezidenti yazıb.
Müəllif bildirib ki, onun bu bir cümləsi ABŞ-nin real məqsədlərini tam şəkildə üzə çıxarır.
“Yalnız Azərbaycana hərbi silah satmaqla Tramp əslində Ermənistanı iqtisadi asılılığa sürükləyir. Xatırladaq ki, daha əvvəl Ermənistanda NVIDIA zavodunun tikintisi məqsədilə yarım milyard dollar investisiya qoyulacağı barədə məlumat yayılmışdı. ABŞ Prezidentinin qeyd etdiyi “dinc nüvə əməkdaşlığı üzrə möhtəşəm saziş” isə böyük ehtimalla modul atom elektrik stansiyalarına aiddir. Ermənistan hakimiyyəti uzun müddətdir ölkədə yeni atom elektrik stansiyası tikməyi hədəfləyir və bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar apardıqlarını bəyan ediblər”, - deyə KİV bildirib.
Müəllifin sözlərinə görə, görünən odur ki, Vens məhz Ermənistanda Rusiyanın atom elektrik stansiyası tikməsi ehtimalının qarşısını almağa, Ermənistana yeni bir müqavilə diktə etməyə çalışacaq.
“ABŞ Azərbaycanı hərbi baxımdan hər vasitə ilə gücləndirərək, Ermənistanı isə iqtisadi asılılığa salaraq sadəcə yeni bir plan formalaşdırır, açıq desək, Ermənistanı Türkiyə və Azərbaycanın əlavəsinə çevirməyə çalışır. Əlbəttə, Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud hakimiyyət bu reallığı çox yaxşı anlayır.
Lakin öz hakimiyyətini qorumaq ehtirası ilə hərəkət edərək, ABŞ tərəfinin istəklərini reallaşdırmaq üçün hər şeyi edir və bunun Ermənistan üçün hansı nəticələr doğuracağı Paşinyan hakimiyyətində heç kimi maraqlandırmır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az