Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu təşəbbüsdə iqtisadi alətlər, infrastruktur inteqrasiyası və siyasi vasitəçilik sülhə nail olmaq və sabitliyi təmin etmək iddiası ilə vahid strategiya çərçivəsində birləşdirilir. Bu, təkcə konkret coğrafi və ya nəqliyyat layihəsi deyil, həm də ideoloji modeldir. Modelin əsasında belə bir əsas mövqe dayanır: iqtisadi qarşılıqlı asılılıq münaqişə ehtimalını azalda və maraqların elə bir kəsişməsini yarada bilər ki, müharibə qeyri-rasional seçimə çevrilsin.
“TRIPP bu mənada, beynəlxalq münasibətlərdə bu gün üstünlük təşkil edən qlobal rəqabət və regional qütbləşmə şəraitinə baxmayaraq, ABŞ xarici siyasət düşüncəsi çərçivəsində “rifah vasitəsilə sülh” məntiqini yenidən canlandırmaq cəhdidir. Lakin layihənin həyata keçirilməsi ilə bağlı Ermənistanın suverenliyi və maraqlarının təmin edilməsi baxımından konkret narahatlıqlar mövcuddur. İlk növbədə, iqtisadi inteqrasiyaya əsaslanan sülh modeli maraqlar arasında nisbi tarazlıq nəzərdə tutur, halbuki real vəziyyətdə uyğunsuzluq mövcuddur. Təbii ki, bunu (ümid edirik ki) Ermənistan hakimiyyəti də anlayır, ancaq əksini göstərməyə çalışır. Bu kontekstdə, məsələn, Ermənistanın xarici işlər naziri Mirzoyan TRIPP layihəsinin Ermənistan-ABŞ üzrə icra çərçivəsinin açıqlanmasına dair birgə bəyanat sənədinin nə qədər “yaxşı” olduğunu göstərmək üçün səylərini əsirgəmir. Hətta belə bir paylaşım da etmişdi, sadəcə qeyd etmişdi ki, sənəd “doğrudan da yaxşıdır”. İlk növbədə, “yaxşı” diplomatik termin deyil. Bir neçə ildir ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən şəxs, əgər o, doğrudan da “yaxşıdırsa”, sadəcə “doğrudan da yaxşıdır” yaza bilməz. Necə deyərlər, “halva-halva” deməklə ağız şirin olmur”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, bir sözlə, Ermənistan hakimiyyətinin israrlı “yapışqanlığı” daha çox əksini göstərir.
“Əgər sənəd doğrudan da milli maraqlarımız baxımından müsbətdirsə, ekspertlər və insanlar onu oxuyacaq və müsbət qiymət verəcəklər, onu süni şəkildə tərifləməyə ehtiyac yoxdur. Üstəlik, arqumentsiz, sadəcə qışqıraraq, “inanın, yaxşıdır” deməklə olmur…
Xüsusilə ekspert ictimaiyyəti və ümumilikdə cəmiyyət arasında sənədlə tanış olduqdan sonra çoxsaylı suallar yaranır. Məsələn, əgər Ermənistanın suverenliyi güzəştə getmirsə, bəs niyə icra olunan proqramda Ermənistanın payı ilkin olaraq 26 % təşkil edir? Axı söhbət Ermənistanın suveren ərazisindən gedir. Ermənistanın müstəqillik tarixində heç vaxt belə bir presedent olmayıb ki, bu cür şərtlərlə ölkə ərazisi autsorsinq edilsin. Digər mühüm sual isə ondan ibarətdir ki, razılaşma Ermənistanla ABŞ arasında bağlanır və təbii olaraq yalnız ikitərəfli öhdəlikləri nəzərdə tutmalı idi, lakin Ermənistan üçüncü tərəflər (Türkiyə və Azərbaycan) üçün maneəsiz marşrutun təmin edilməsini öhdəsinə götürür. Halbuki sənəddə sadəcə nəqliyyat əlaqəsinin təmin edilməsi barədə qeyd edilə bilərdi”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, bu halı isə Ermənistanın suverenliyinin konkret güzəşti adlandırmaqdan başqa cür izah etmək mümkün deyil.
“Sənəddə “suverenlik” sözü bir neçə dəfə qeyd edilsə də, bu, əslində, heç nəyi dəyişmir. Üstəlik, belə səviyyəli beynəlxalq sənəddə “suverenlik” anlayışının təxminən 20 dəfə vurğulanması artıq özü-özlüyündə şübhə yaradır ki, sənədi tərtib edənlər də vəziyyətin mahiyyətini anlayır və sadəcə gözümüzə kül üfürürlər. Məğlub olmuş, Qarabağı təhvil vermiş və güzəştkarlığı özləri üçün xarici siyasət xətti seçmiş hakimiyyətdən başqa nə gözləmək olardı ki? Onlar danışıqlar meydanında Ermənistanın maraqları uğrunda mübarizə aparmaq iqtidarında deyillər”, - deyə məqalədə qeyd edilib.
Nəşrə görə, əsas boşluqlardan biri də ondan ibarətdir ki, Ermənistan üçün konkret təminatlar nəzərdə tutulmur.
“Halbuki təminatlar olmadan bu təşəbbüs Ermənistan üçün ciddi risklər yaradır. Məsələn, istisna deyil ki, illər sonra ABŞ-də Cənubi Qafqaza az maraq göstərən başqa bir administrasiya hakimiyyətə gəlsin və amerikalılar öz paylarını sataraq regiondan çıxsınlar. Bunun nəyə gətirib çıxara biləcəyi aydındır. Türkiyə və Azərbaycanın arzusu türkçülük layihələrini reallaşdırmaqdır. Buna görə də, bu baxımdan Ermənistan tərəfinin prioriteti ABŞ tərəfindən müəyyən təminatlar əldə etmək olmalıdır.
Digər mühüm məqam isə ondan ibarətdir ki, TRIPP məsələsində Moskva və xüsusilə Tehran narahatlıq ifadə edirlər və vaxtaşırı öz narazılıqlarını açıq şəkildə bildiriblər. ABŞ minlərlə kilometr uzaqda yerləşdiyi halda, Rusiya və İran regional güclərdir və regionda baş verən proseslərə böyük təsir göstərirlər. Buna görə də, onların maraqlarını nəzərə almamaq və ya onları hansısa formada layihəyə daxil etməmək gələcəkdə Ermənistan tərəfi üçün geri dönməz nəticələrə səbəb ola bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az