Rusiyalı analitik: “Ermənistan-Azərbaycan münasibətlərində Trampın vasitəçiliyi ABŞ administrasiyası üçün mühüm mərhələ oldu”

2026/01/1769234152.jpg
Oxunub: 544     14:45     24 Yanvar 2026    
Ötən gün Davosda keçirilən illik Dünya İqtisadi Forumu çərçivəsində Donald Tramp müəllifi olduğu “Sülh Şurası”nın nizamnaməsini imzalayıb. “Sülh Şurası” onun administrasiyası tərəfindən Birləşmiş Millətlər Təşkilatına (BMT) alternativ kimi təqdim edilən yeni beynəlxalq qurum kimi elan edilib.

Bununla paralel olaraq Tramp bildirib ki, “Sülh Şurası” digər beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlıq edəcək. ABŞ Prezidenti yeni qurumun faydasız olmayacağını vurğulayaraq onun fəaliyyətinin praktik xarakter daşıdığını qeyd edib.

Ordu.az xəbər verir ki, rusiyalı analitik Konstantin Simonov Trampın təşəbbüsünü şərh edib.

Simonov bildirib ki, bu platformaya hələlik ciddi yanaşmaq və onu perspektivli qiymətləndirmək çətindir.

Onun fikrincə, bu qurumun fəaliyyət mərkəzi birmənalı şəkildə ABŞ, ABŞ Prezidenti və Birləşmiş Ştatların maraqları olacaq.

“Burada maraqlı məqam ondan ibarətdir ki, ABŞ-nin ənənəvi böyük Qərb tərəfdaşları bu təşəbbüsə qoşulmurlar. Böyük ehtimalla onlar bu təşkilatın konkret olaraq nə ilə məşğul olacağını hələ anlamırlar və ya onun gələcəyinə şübhə ilə yanaşırlar. Bununla belə, Trampın hər bir təşəbbüsü ilk növbədə beynəlxalq münasibətlərdə Trampın nüfuzunu artırmağa yönəlib. Aydındır ki, ABŞ administrasiyası bu qurumu BMT-yə bərabər səviyyəli struktur kimi təqdim edir və bu, məncə, belə formatda bir platforma üçün həddindən artıq şişirdilmiş gözləntidir. Eyni zamanda bu təşəbbüs müəyyən mənada çoxqütblü dünya məntiqinə də uyğundur: ABŞ proseslərin öz maraqlarına uyğun sürət və formada təşkil olunacağı bir çevrə yaradır. Tramp Qərbin bir sıra digər qurumlarının fəaliyyətindən narazıdır, onları davamlı tənqid edir və faydasız sayır. Buna görə də o, bir çox prosesləri özünün düzgün hesab etdiyi şəkildə, biznes və sövdələşmə məntiqi ilə təşkil etməyə çalışacaq”, - analitik qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın bu platformaya qoşulması özlüyündə çox şey ifadə etmir.

“Əslində, platformaya Tramp administrasiyası ilə əməkdaşlıq etmiş və müəyyən mənada ABŞ administrasiyasının həmin ölkələrdən gözləntilərini doğruldan dövlətlər qoşulublar. Bu administrasiyanın əsas gözləntisi Trampın Ukrayna ilə bağlı sülh vədlərini reallaşdırmaq idi, lakin bu baş tutmadığı üçün Tramp digər regionlarda cəhdlər etməyə başladı. Ermənistan-Azərbaycan münasibətlərində Trampın vasitəçiliyi ABŞ administrasiyası üçün mühüm mərhələ oldu və ABŞ Prezidenti bu barədə tez-tez danışaraq, Rusiyanın bacarmadığını onun bacardığını vurğulayır. Ermənistanı və Azərbaycanı Tramp administrasiyası ilə avqust razılaşmaları, sülh gündəliyi və “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) bağlayır ki, məhz bunlar da bu ölkələri “Sülh Şurası” platformasına gətirdi. Bu platformanın həmin ölkələrə nə kimi yeniliklər verə biləcəyini demək çətindir. Lakin onların iştirakı Trampın təşəbbüsünü mümkün etdi. Hər bir ölkənin bundan nə qazanacağı isə həmin ölkənin diplomatiyasından və mövqeyindən asılıdır. Məncə, Ermənistan üçün əsas məsələ təhlükəsizlik zəmanətləri mexanizminin və məsuliyyət sisteminin mövcudluğu olmalı idi, çünki Cənubi Qafqazda elan edilmiş sülh son dərəcə kövrəkdir və onun möhkəmləndirilməsi üçün çəkindirici və balanslaşdırıcı mexanizmlər lazımdır. Əgər gözlənti bu platformanın yardımçı diplomatik alət olmasıdırsa, o zaman faydalı ola bilər. Lakin real sülh üçün bir çox başqa alətlər də tələb olunur və hələlik bu platformanın həmin alətlərə sahib olub-olmayacağı aydın deyil”, - deyə Simonov izah edib.

Rusiyanın mümkün iştirakı məsələsinə gəlincə, ekspertin fikrincə, Rusiya Trampın dəvətinə cavab verməyə tələsmir və diqqətini Rusiya-ABŞ arasında Ukrayna ilə bağlı danışıqlara yönəldib.

“Əlbəttə, əgər danışıqların bu yeni mərhələsi nəticə verməsə, Rusiyanın bu istiqamətdə qərar qəbul edəcəyini gözləmək çətin olacaq. Düşünürəm ki, Rusiya üçün də bu platformanın mahiyyətini və konkret olaraq nə ilə məşğul olacağını anlamaq vacibdir. Onun əvvəlcə Qəzza zolağındakı vəziyyəti həll etmək üçün nəzərdə tutulması, daha sonra isə genişlənərək başqa gündəliyə çevrilməsi onu göstərir ki, hələ gözləmək lazımdır”, - deyə Simonov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonov   Ermənistan   Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin