Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sənaye hərəkəti olmadan AİB bazarı: Ermənistanın iqtisadi dalanı” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistan sənayesinin əsas sahələri, qida sənayesi, metallurgiya, tütün və alkoqollu məhsullar tarixən ixraca yönəlib və əsasən Rusiya və digər AİB tərəfdaşlarının bazarlarında fəaliyyət göstərir. Lakin son illərdəki daxili və xarici böhranlar sahənin istehsal imkanlarını bərpa etməsinə və əməkdaşlıq dairəsini genişləndirməsinə imkan verməyib.
Erməni iqtisadçı Mikayel Melkumyan qeyd edir: “Əsas ticarət-iqtisadi tərəfdaşımız hələ də Rusiyadır. AİB dedikdə ilk növbədə Rusiya Federasiyasını nəzərdə tuturuq, lakin Qazaxıstan və müəyyən dərəcədə Belarusla da inteqrasiya imkanları mövcuddur”.
“Sənaye təkcə istehsal deyil, o, iş yerləri yaradır, avadanlıq və texnologiyalara investisiyalar cəlb edir, eləcə də xüsusən Rusiya ilə uzunmüddətli ticarət müqavilələrini təmin edir. 2021-2024-cü illərdə Ermənistan-Rusiya əmtəə dövriyyəsi təxminən beş dəfə artsa da, hazırkı iqtisadi qeyri-müəyyənlik və siyasi gərginlik biznesi riskləri azaltmağa və diversifikasiya yolları axtarmağa vadar edir.
Mövcud statistika göstərir ki, Ermənistan təkcə AİB üzrə sənaye artımından (+2,5%) geri qalmır, eyni zamanda regional istehsal zəncirlərinə inteqrasiya olmaqda və yeni istehsal aktivləri yaratmaqda çətinlik çəkir”, - deyə nəşr bildirib.
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan bu məsələyə toxunaraq bildirir ki, Ermənistan AİB bazarı ilə ticarət əlaqələrini əsasən yenidən ixrac mexanizmi üzərində qurub, halbuki uzunmüddətli və dayanıqlı iqtisadi artım üçün realist dövlət siyasəti, vergi stimulları və investisiya cəlbedici mühit zəruridir.
“Faktiki olaraq ölkə tez-tez müxtəlif ölkələrdən mallar idxal edib onları Rusiyaya yenidən ixrac edib, bunun əvəzinə isə öz məhsullarının birbaşa Rusiya bazarına daxil olması imkanları tam şəkildə istifadə olunmayıb.
Bunun bir neçə əsas səbəbi var. Birincisi, mövcud imkanlar ya real qiymətləndirilməyib, ya da dövlət tərəfindən zəruri siyasət aparılmayıb. Bəzi dövlət alətləri səmərəli işləməyib, vergi siyasəti isə daxili sənayenin inkişafını stimullaşdırmayıb.
İkincisi, sənayenin dayanıqlı artımı investisiyalar tələb edir ki, mövcud siyasi və iqtisadi risklər şəraitində bunu gözləmək çətindir. Pandemiyanın nəticələri, müharibə və siyasi qeyri-sabitlik investorların etimadını ciddi şəkildə azaldıb”, - deyə Avetisyan qeyd edib.
O bildirib ki, üçüncüsü, yüksək siyasi və iqtisadi risklər, o cümlədən dövlətin sərt müdaxilələri və siyasi maraqlardan irəli gələn qərarlar da xarici investisiyaların cəlb olunmasına mane olur.
“İnvestisiyaların olmaması zəncirvari təsir yaradaraq sənayenin inkişafını və iqtisadiyyatın dayanıqlı artım imkanlarını dayandırır”, - deyə Avetisyan vurğulayıb.
Nəşr yazıb ki, mütəxəssislərin qiymətləndirməsinə görə, məqsədyönlü iqtisadi siyasət və sənayeni dəstəkləyən tədbirlər olmadan ölkə mövqelərini itirməyə davam edə və yaxın gələcəkdə regionda iqtisadi liderliyini itirə bilər.
Erməni siyasi texnoloq Armen Badalyanın fikrincə, Ermənistanın xarici siyasəti hazırda əsasən Rusiya ilə münasibətlərin qorunmasına yönəlib, lakin onların dərinləşdirilməsi və sənaye əməkdaşlığının inkişafı istiqamətində real addımlar atılmır.
“Rusiya ekspertləri və dövlət xadimlərinin də qeyd etdiyi kimi, ölkə AİB çərçivəsində iqtisadi əlaqələri saxlamağa çalışır, lakin yeni inteqrasiya təşəbbüsləri çox vaxt həyata keçirilmir.
Eyni zamanda, hakimiyyət bəzi hallarda xarici siyasəti tədricən Qərbə yönəldir, lakin xüsusən sənaye sahəsində sistemli inteqrasiya proqramlarından yayınır. Sənaye əməkdaşlığının dərinləşməsi Ermənistanda Rusiya müəssisələrinin fəaliyyətə başlaması demək olardı ki, bu da əhalinin üzərində təsir yaradaraq onların iqtisadi maraqlarını və siyasi mövqelərini möhkəmləndirə bilər. Məsələn, əgər Ermənistan bazarında hansısa Rusiya müəssisəsi fəaliyyətə başlasa, cəmiyyətin müəyyən hissəsində iş və gəlirin Rusiya layihələri ilə bağlı olduğu düşüncəsi formalaşa bilər.
Bu vəziyyət gələcək seçkilərdə parlamentdə rusiyameyilli qüvvələrin təmsilçiliyinin artmasına gətirib çıxara bilər ki, bu da mövcud hakimiyyətin siyasi gündəminə ziddir və Avropa İttifaqı ilə inteqrasiya üçün nəzərdə tutulan iqtisadi və hüquqi islahatların həyata keçirilməsini çətinləşdirə bilər”, - deyə o qeyd edib.
Badalyan deyib ki, kadr çatışmazlığı da ciddi problemdir.
“Son illərdə hökumətdə peşəkar mütəxəssislər kənarda qalıb, onların yerinə isə kifayət qədər bilik və təcrübəyə malik olmayan tanış-biliş və ya siyasi çevrələrdən gələn şəxslər təyin olunub. Bu isə mürəkkəb inteqrasiya proqramlarının həyata keçirilməsi imkanlarını məhdudlaşdırır və iqtisadiyyatın beynəlxalq bazarlara inteqrasiyasına da mənfi təsir göstərir.
Nəticə etibarilə, Ermənistanın xarici siyasəti və inteqrasiya prosesləri hazırda iki əsas amillə, siyasi maraqların balanslaşdırılması və peşəkar kadr çatışmazlığı ilə şərtlənir”, - deyə erməni ekspert qeyd edib.
O əlavə edib ki, bu hallar ölkənin regional və beynəlxalq müstəvilərdə iqtisadi və siyasi manevr imkanlarını məhdudlaşdırmaqda davam edir.
Alpər Mövludoğlu
Ordu.az