“Arabo” dəstəsinin qurucusu: “Sadəcə bilmirəm, niyə bu gün özümüzü şərəfsiz bir xalq kimi aparırıq”

2026/01/1769063961.jpg
Oxunub: 544     15:58     24 Yanvar 2026    
Nikol Paşinyan anti-kilsə və anti-katolikos kampaniyasını davam etdirir. O, demək olar ki, hər həftə hökumət iclasından sonra jurnalistlərlə qısa brifinq keçirir və II Qareginin vəzifədən uzaqlaşdırılmalı olduğunu bəyan edir. Hüquqşünaslar Nikol Paşinyanın kilsənin daxili işlərinə müdaxilə etməklə konstitusiyanı pozduğunu bildirdikləri halda, Paşinyan “islahat” adı altında demək olar ki, bütün platformalarda II Qaregini və onun ətrafında birləşmiş ruhani şəxsləri gözdən salmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Qarabağ müharibəsinin iştirakçısı, “Arabo” dəstəsinin qurucusu Manvel Yeğiazaryan nəşrə açıqlamasında Nikol Paşinyanın bu anti-kilsə addımlarını rüsvayçılıq adlandırır.

“Mən şəxsən Apostol Kilsəsinə qarşı çıxan insanlara çox mənfi münasibət bəsləyirəm.

Hətta kilsəmizdə problem olsa belə, bunu Nikol Paşinyan yox, kilsənin müqəddəs ataları həll etməlidir. Ümumdünya məclisi çağırarlar, məsələləri müzakirə edərlər, həll yolları taparlar. Hər kəs çıxıb kilsə və katolikos haqqında artıq-əskik danışmamalıdır.

Bütün dünya bizə baxır, rüsvay oluruq. Bu gün bu hakimiyyətə kim deyib ki, katolikosu dəyişməyin vaxtıdır? Ölkəmizin başqa problemləri var. Sadəcə bilmirəm, niyə bu gün özümüzü şərəfsiz bir xalq kimi aparırıq”, - deyə Yeğiazaryan bildirib.

“Cəmiyyət də Nikol Paşinyanın istefasını tələb edir, deyir ki, o, Qarabağı təhvil verib, minlərlə itkiyə səbəb olub. Bəs Paşinyan niyə getmir?” sualına Yeğiazaryan belə cavab verib:

“Bu barədə başqa bir vaxt danışaram, çünki bu gün nə qədər faktlar təqdim etsək də, xalq daşlaşıb, reaksiya verməyəcək. Xalq Sfinksə çevrilib, onu tərpətmək mümkün deyil. Ona görə də bu mərhələdə daha artıq heç nə deməyəcəyəm, hərəkətə keçəndə o zaman sözümü deyəcəyəm”, - deyə Yeğiazaryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yeğiazaryan  


Bizi "telegram"da izləyin