Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu çərçivədə “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatından (PUA) ilk dəfə atılan “Kemankeş 1” SZ Əsaslı Mini Ağıllı Qanadlı Raketi mürəkkəb bir ssenaridə həyata keçirilən hava hədəfini məhv etmə tapşırığını uğurla yerinə yetirib.
“Kemankeş 1”in inkişaf və inteqrasiya prosesi daha bir əhəmiyyətli mərhələni geridə qoyub. “Bayraktar Akıncı” zərbə PUA-sı Çorlu və Keşan Uçuş Təlim və Sınaq Mərkəzlərinin koordinasiyasında həyata keçirilən sınaq üçün qanad altında daşıdığı 2 ədəd “Kemankeş 1” raketi ilə havaya qalxıb.
Sınaq fəaliyyəti çərçivəsində “Kemankeş 1”in sistem tanıma, uçuş, atış və vizual dalış (hava hədəfini məhv etmə) qabiliyyətləri yoxlanılıb.
Ssenariyə əsasən, 2 ədəd “Kemankeş 1” raketi ilə başqa bir PUA tərəfindən daşınan hərəkətli hava hədəflərinə atış həyata keçirilib. “Baykar” tərəfindən hazırlanan SZ dəstəkli hədəfləmə sistemi sayəsində “Kemankeş 1” raketləri müəyyən olunmuş hədəfləri avtonom uçuşla və yüksək dəqiqliklə məhv edib.
Sınaq çərçivəsindəki bütün tapşırıqları uğurla yerinə yetirən “Kemankeş 1”in havadakı ən kiçik hədəfləri belə effektiv şəkildə zərərsizləşdirmə qabiliyyəti də təsdiqlənib.
Sevinc Əliyeva
Ordu.az