İsveçrə artan F-35A xərcinə görə ABŞ ilə danışıqlar aparmaq istəyir

2025/06/1751013888.jpg
Oxunub: 425     14:44     28 İyun 2025    
İsveçrə 2021-ci ildə “Lockheed Martin” şirkətindən sifariş etdiyi 36 ədəd F-35A qırıcı təyyarəsinin qiymətində baş verən artım səbəbilə ABŞ-la danışıqlar masasına oturmağa hazırlaşır.

Ordu.az İsveçrənin ictimai yayım orqanı olan SRF-yə istinadən xəbər verir ki, F-35A tədarük proqramının dəyəri 1,5 milyard İsveçrə frankına qədər arta bilər və bu vəziyyət cəmiyyətdə və siyasi dairələrdə ciddi narazılığa səbəb olub.

Hökumət rəsmiləri müqavilənin sabit qiymət prinsipi ilə imzalandığını və bu şərtlərin qüvvədə qalmalı olduğunu bildirirlər. “Armasuisse” Müdafiə Tədarük İdarəsinin rəhbəri Urs Loher məsələ ilə bağlı açıqlamasında bildirib: “Bir müqavilə, müqavilədir. Dəqiq sabit qiymət müəyyən edilmişdi, amma qarşımıza fərqli mənzərə çıxdı”.

ABŞ tərəfi isə qiymət artımını enerji, xammal və inflyasiya kimi amillərlə əsaslandırır.

Müdafiə naziri Martin Pfister ABŞ ilə danışıqların davam etdiyini və İsveçrənin “etibarlı müqavilə tərəfdaşı” olaraq qalmaq istədiyini bildirib. Lakin Pfister “Son çarə olaraq müqaviləni ləğv etmə seçiminə də malikik” deyərək bütün ssenarilərin nəzərdən keçirildiyini vurğulayıb.

İsveçrənin F-35A seçiminə qarşı tənqidlər ilk gündən etibarən müzakirə olunurdu. Alternativ olaraq təklif olunan “Boeing F/A-18 Super Hornet”, “Dassault Rafale” və “Eurofighter” modelləri yerinə F-35-in seçilməsi, xüsusilə ölkənin kiçik coğrafiyası nəzərə alınaraq “lüks və lazımsız” adlandırılmışdı.

Əleyhdarlar bu seçimi “Ferrari almaq”la müqayisə edərək, müdafiə büdcəsinin daha səmərəli istifadə edilə biləcəyini iddia edirlər.

İsveçrə Hərbi Hava Qüvvələrinin hazırda istifadə etdiyi F/A-18 parkının 2032-ci ildə təqaüdə çıxarılması planlaşdırılır. Hökumət mümkün bir ləğvin bu tarixdən sonra ölkənin hava müdafiəsində ciddi boşluq yarada biləcəyini qeyd edir.

Nazir Pfister “2032-dən sonra hava məkanımızın və xalqımızın təhlükəsizliyini təmin edə bilməyəcəyimiz vəziyyətə gələ bilərik” deyərək F-35-lərin tədarük prosesinin strateji əhəmiyyət daşıdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   F-35A   ABŞ  


Bizi "telegram"da izləyin