Ordu.az xəbər verir ki, Müdafiə Komitəsinin səhər saatlarında təsdiqlədiyi bu layihə çərçivəsində İsrailin müdafiə sənayesi şirkəti olan “Rafael Advanced Defense Systems” ilə tədarük müqaviləsi imzalanacaq.
Təxminən 350 milyon avro məbləğində olan ümumi büdcə “Bundeswehr”in xüsusi fondları və müdafiə büdcəsi hesabına qarşılanacaq.
“Litening 5” podu nə təklif edir?
“Litening” hədəf işıqlandırma podu inkişaf etmiş sensor texnologiyası sayəsində döyüş pilotlarına uzaq məsafədəki yerüstü hədəfləri müşahidə etməyə, nişan almağa və silah tətbiqi üçün identifikasiya etməyə imkan verir. Sensor görüntüləri pilot kabinəsində yerləşən çoxfunksiyalı displeyə ötürülür və sensor başlığı pilot tərəfindən əl ilə idarə edilə bilər. Həmçinin sistem konkret bir hədəfə kilidlənərək, təyyarənin mövqeyi dəyişsə belə, avtomatik izləmə aparır. Bu sayədə hərəkətli hədəflər də effektiv şəkildə izlənilir və silah sistemlərinə yönləndirilə bilir.
İstilik təsvir etmə sensorları (termal kamera) sayəsində zəif görünüş şəraitində də missiyalar həyata keçirilə bilir. “Litening 5” hal-hazırda istifadə olunan “Litening III” podunun təkmilləşdirilmiş versiyasıdır və xüsusilə “Brimstone 3” kimi taktiki “hava-yer” idarəolunan raketlərinin tətbiqində əməliyyat qabiliyyətini artıran daha güclü kəşfiyyat sensorları ilə təchiz olunub.
Hər hava şəraitində yüksək performans
Podda yerləşən infraqırmızı (FLIR, SWIR) və HD rəngli kameralara əlavə olaraq inteqrasiya olunmuş SAR (Süni Apertur Radarı) sayəsində hər cür hava şəraitində missiyalar həyata keçirilə bilir. “Rafael” şirkətinə görə, “Litening 5” döyüş təyyarələrinin hədəf aşkarlama və tanıma məsafəsini 100 km-dən yuxarıya daşıyır.
Bu multispektral sistem inkişaf etmiş görüntü emalı alqoritmləri sayəsində zəif görünmə şəraitində də effektivliyini qoruyur, hədəf aşkarlanması və izlənməsi kimi tapşırıqları avtomatlaşdıraraq pilotun idrak yükünü azaldır.
Sevinc Əliyeva
Ordu.az