Niderland Ukraynaya hibrid nəqliyyat vasitələri tədarük edəcək

2025/06/fdgdd-1751013720.jpg
Oxunub: 400     10:29     28 İyun 2025    
Niderland Müdafiə Nazirliyi “Rheinmetall Defence Nederland B.V.” şirkəti ilə Ukraynaya insanlı və insansız olmaqla ümumilikdə 20 ədəd “Ermine” yüngül taktiki nəqliyyat vasitəsinin tədarükü üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Niderland Müdafiə Nazirliyi Ukrayna Tapşırıq Qüvvələri adından Ede şəhərində yerləşən “Rheinmetall Defence Nederland B.V.” ilə 20 ədəd insanlı və insansız versiyalar daxil olmaqla “Ermine” (Hermelin) yüngül taktiki nəqliyyat vasitəsinin Ukraynaya çatdırılması üzrə müqavilə imzalayıb.

Müdafiə naziri bu müqaviləni 24 iyun tarixində Haaqa şəhərində keçirilən NATO Sənaye Zirvəsi çərçivəsində imzalayıb. Nəqliyyat vasitələrinin 2026-cı ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır.

“Rheinmetall” tərəfindən yayılan mətbuat açıqlamasına görə, sifariş edilən versiyalar insanlı/insansız yerüstü nəqliyyat vasitələridir. Bu çərçivədə Ukrayna Silahlı Qüvvələrinə veriləcək vasitələrin cəbhə bölgəsinə yaxın ərazidə yaralıların təxliyəsi imkanlarını gücləndirməsi hədəflənir. Bu konfiqurasiyada “DEMCON Defence and Security Systems B.V.” və “Abiom Communication Systems (ACS) B.V.” kimi digər Niderland şirkətləri ilə də əlavə dəyər yaradan əməkdaşlıq qurulub.

Sənaye və Müdafiə Nazirliyi arasında formalaşan bu milli əməkdaşlığın Niderland və Ukrayna Silahlı Qüvvələri üçün bilik və imkanların daha da inkişaf etdirilməsinə töhfə verəcəyi gözlənilir. “Rheinmetall Defence Nederland B.V.” şirkətinin baş direktoru Koen van Liuven bu inkişafla bağlı olaraq bildirib: “İmkanlarımıza olan etimada görə minnətdarıq. “Ermine” müasir döyüş meydanı üçün innovativ və funksional bir həll yoludur”. İmzalanmış müqavilə “Ermine” üçün ilk əhəmiyyətli mərhələ olmaqla yanaşı, Ukrayna Silahlı Qüvvələrini dəstəkləməklə bərabər Niderlanddakı müdafiə sənayesini də gücləndirəcək.

“Ermine” (Hermelin) yüngül taktiki nəqliyyat vasitələri ailəsi taktiki daşımaları mobil enerji mənbəyi (mikroşəbəkə) ilə birləşdirən yeni nəsil mobilliyi təmsil edir. “Rheinmetall”a görə, “Ermine”nin dizaynı əməliyyat yaradıcılığına əsaslanır və xüsusiyyətləri ona effektiv çox məqsədli döyüş vahidi kimi çıxış etməyə imkan verir.

Modulyar “Ermine” vasitələr ailəsinə insansız quru platformaları və müxtəlif 4×4 və 6×6 variantları daxildir. Bütün vasitələr eyni dizel-elektrik hibrid ötürmə sisteminə və əsas platformaya əsaslanır. Beləliklə, “Ermine” çevikliyi ilə yanaşı maksimum modulluq təmin edir. Hibrid texnologiyası sayəsində, vasitənin konfiqurasiyasına uyğun olaraq bir tona qədər yük daşıma qabiliyyəti və 1000 kilometri aşan məsafəni qət etmək mümkündür. Bundan əlavə, 4 ədədə qədər “Ermine” vasitəsi CH-47 və ya CH-53 kimi yük helikopterləri vasitəsilə daşına bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna  


Bizi "telegram"da izləyin