SİPER-in tərkib hissələri
Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin toplantısında Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə “sistemlərin sistemi” yanaşması əsasında hazırlanan və təbəqələnmiş hava və raket müdafiə memarlığından ibarət olan “Çelik Kubbe” günü-gündən daha da güclənir.
Alçaq, orta və yüksək hündürlükdəki hava təhdidlərinə qarşı mərhələli və inteqrasiya olunmuş həll təqdim edən bir “təhlükəsizlik çətiri” olaraq hazırlanan “Çelik Kubbe” Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanmış sistemlərlə dəstəklənir.
Milli sistemlər Türkiyənin hava təhlükəsizliyini təmin edir
Türkiyə Müdafiə Sənayesi rəhbərliyi ilə inkişaf etdirilən “Çelik Kubbe”nin əsas komponentlərindən biri olan KORKUT diqqət çəkir. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) aşağı hündürlükdə hava müdafiə ehtiyaclarını ödəmək məqsədilə ASELSAN tərəfindən hazırlanmış bu lüləli Hava Hücumundan Müdafiə (HHM) sistemi xüsusilə aşağıdan gələn təhdidlərə qarşı təsirli, mobil və sürətli reaksiya verə bilən bir sistem kimi seçilir.
“Çelik Kubbe”nin digər komponentləri olan HİSAR-A+ və HİSAR-O+ HHM ailəsi, Türkiyənin yerli və milli imkanlarla hazırladığı aşağı və orta hündürlüyə məxsus HHM sistemləri arasındadır. ASELSAN və ROKETSAN tərəfindən hazırlanmış bu sistemlər hava vasitələri, qanadlı raketlər, Pilotsuz Uçuş Aparatları (PUA) və helikopterlər kimi təhdidlərə qarşı təsirli müdafiə təmin edir.
Yüksək hündürlüklü və uzun mənzilli hava təhdidlərinə qarşı müdafiə məqsədilə ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE əməkdaşlığı ilə hazırlanan strateji HHM sistemi SİPER “Blok 1” versiyası ilə TSQ inventarına daxil edilib, “Blok 2” üzərində işlər isə davam edir.
Bu sistemlərin kütləvi istehsalı davam etdiyi kimi, dost və qardaş ölkələrə ixracı da həyata keçirilir.
Sistemlər bir-biri ilə inteqrasiya olunmuş şəkildə işləyir
Türkiyə, həmçinin, aşağı hündürlükdə hərbi birləşmələri qorumaq üçün ROKETSAN tərəfindən hazırlanmış çiyindən atılan SUNGUR sistemi və TÜBİTAK SAGE-nin hava platformalarından atıla bilən GÖKTUĞ raketi ilə havadan-havaya döyüş imkanlarını artırıb.
ASELSAN-ın lazer əsaslı yüksək dəqiqliyə sahib GÖKBERK sistemi və ROKETSAN-ın ALKA sistemi kimi yeni nəsil müdafiə yanaşmaları da bütün bu sistemlərin bir arada işləyə bildiyi memarlıqda dizayn olunur.
Bu yanaşmanın nəticəsi olaraq, raketli, lüləli və lazerli sistemləri birləşdirən hibrid quruluşa malik ASELSAN-ın GÜRZ sistemi və eyni vizyonla hazırlanan GÖKER, GÖKDENİZ, GÖKSUR və ROKETSAN-ın LEVENT sistemləri ehtiyaca uyğun xüsusi həllər təqdim edir.
Təhdidi mənbəyində məhv edən raketlər
Türkiyə, yalnız müdafiə deyil, həm də təhdidi yarandığı yerdə aşkar etmək və zərərsizləşdirmək üçün milli həllər inkişaf etdirməyə davam edir. ROKETSAN tərəfindən hazırlanmış MAM seriyalı sursatlar, OMTAS, UMTAS, KARAOK tank əleyhinə sistemlər, TRLG-122/230, İHA-122/230, K+ idarəolunan raketlər, TAYFUN, AKYA, ÇAKIR, ATMACA və SOM kimi strateji raket sistemləri sahədə Türkiyənin təsir gücünü artırır.
“Çelik Kubbe” sahədə mütləq bir təhlükəsizlik çətiri yaradır
Mövzu ilə bağlı AA müxbirinə danışan Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib: “Artıq müdafiə sənayesi elementlərimiz “yan-yana” deyil, “birlikdə” işləmək məcburiyyətindədir, sistemlər isə sadəcə “eyni vaxtda” deyil, koordinasiyalı və inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Təhlükəsizlik anlayışımız yalnız çəkindiriciliklə məhdudlaşmır, təsir sahəsində üstünlük əldə etməyə əsaslanır. Bu yanaşma ilə hazırlanan “Çelik Kubbe” sistemlərin sistemi olaraq çoxtəbəqəli HHM arxitekturasının mərkəzində dayanır.
Müşahidə vasitələrindən hava hücumundan müdafiə raketləri və digər atıcı sistemlərə qədər bütün komponentlərin vahid şəbəkədə birləşdirildiyi bu sistem təkcə təhdidləri aşkar etmir, eyni zamanda real vaxtda inteqrasiya olunmuş cavab tədbirləri ilə ərazidə tam təhlükəsizlik çətiri yaradır.
Dəyanət Ağalarlı
Ordu.az