Latviyanın Baş naziri: “Rusiya ilə sülh sazişlərinin vaxtı hələ çatmayıb”

2025/09/20250-1758129285.jpg
Oxunub: 227     09:04     29 İyun 2026    
Latviyanın Baş naziri Rusiya ilə sülh sazişlərinin bağlanması üçün hələ vaxtın yetişmədiyini bildirərək Avropanın şərq cinahının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ordu.azxəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Latviyanın Baş naziri Andris Kubilyus Polşada keçirilən konfrans çərçivəsində “Euractiv” nəşrinə müsahibəsində bildirib ki, “ən azı hazırkı mərhələdə” Rusiya ilə sülh sazişlərinə inanmır. O, diqqətin siyasi nizamlanma cəhdlərinə deyil, Avropanın şərq cinahının möhkəmləndirilməsinə və müdafiə qabiliyyətinin artırılmasına yönəldilməsinin vacibliyini qeyd edib.

Baş nazirin sözlərinə görə, əsas prioritet Avropanın şərq sərhədində “zəif həlqənin” yaranmasının qarşısını almaqdır. O bildirib ki, şərq cinahının təhlükəsizliyi həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə bütün Avropa İttifaqına fayda verəcək.

Kubilyus əlavə edib ki, region ölkələri vahid yanaşmaya sadiq qalmalı və Rusiyanın hər hansı təzyiq cəhdinin qarşısını birlikdə almalıdır. Onun fikrincə, Avropa dövlətləri ilk növbədə öz güclərinə inanmalı və qətiyyət nümayiş etdirməlidirlər.

Baş nazir Rusiyadan mümkün birbaşa təhlükə yaranacağı halda NATO və ABŞ-nin dəstəyinə güvəndiyini də bildirib. O qeyd edib ki, Latviya müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaqla alyansın müəyyən etdiyi hədəfləri yerinə yetirir.

Kubilyus həmçinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ankarada keçiriləcək NATO sammitinin gözlənilməz qərarlar olmadan başa çatacağına ümid etdiyini söyləyib.

Xatırladılıb ki, Rusiya ilə mümkün danışıqlar ətrafında müzakirələr fonunda Almaniya və Avropa Şurasının bəzi nümayəndələri Moskva ilə birbaşa təmasların bərpasını dəstəkləsələr də, Baltikyanı ölkələr Avropanın hərbi potensialının gücləndirilməsini müdafiə edərək daha sərt mövqe sərgiləyirlər.

Bundan başqa, cümə axşamı Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Rumıniya və İsveç tərəfindən yayımlanan birgə bəyanatda Avropanın şərq cinahının gücləndirilməsinin prioritet olduğu vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Rusiya  


Bizi "telegram"da izləyin