WSJ: İsrailin “Arrow” HHM raketləri azalır

2025/06/1750327637.jpg
Oxunub: 457     14:09     19 İyun 2025    
ABŞ-də nəşr olunan “Wall Street Journal” (WSJ) qəzeti İsrailin İrandan gələn ballistik raketləri dayandırmaq üçün istifadə etdiyi “Arrow” Hava Hücumundan Müdafiə (HHM) sistemindəki raketlərinin tükəndiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə WSJ məsələdən xəbəri olan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin “Arrow” ballistik raketdən müdafiə sistemində istifadə etdiyi raketlər tükənmək üzrədir.

Rəsmi ABŞ-nin bu vəziyyətdən xəbərdar olduğunu, buna görə də İsrailin qurudan, dənizdən və havadan hücumlara qarşı müdafiəsini gücləndirmək üçün addımlar atdığını bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İrana hücumları başladığı gündən İsrailə müdafiə sistemləri göndərdiyini bildirən rəsmi ABŞ-nin inventarında olan bloklama raketlərinin də tükənmə riski ilə üzləşdiyini qeyd edib.

İsrailin HHM sisteminin arxitekturası dörd təbəqəyə bölünür: “Dəmir Günbəz” (4-70 kilometr), “David's Sling” (40-300 kilometr), “Arrow 2” (500 kilometr) və “Arrow 3” (2400 kilometr).

İrandan gələn ballistik raketlərin əksəriyyəti “Arrow 2” və “Arrow 3” HHM sistemləri tərəfindən ələ keçirilir.

Atmosferdəki raketləri tutmaq üçün nəzərdə tutulan “Arrow 2” sistemi 2000-ci ildə xidmətə daxil olub, atmosferdən kənar ballistik raketlər üçün hazırlanmış “Arrow 3” isə 2017-ci ildə istifadə olunmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Arrow   HHM  


Bizi "telegram"da izləyin