Ordu.az xəbər verir ki, Fransanın paytaxtı Parisin ətrafı Le-Burjedə başlayan 55-ci Paris Aviasiya Sərgisi iyunun 22-dək davam edəcək.
Sərgidə Türkiyə şirkətləri, o cümlədən ASELSAN, Türkiyə müdafiə sənayesinin liderlərindən olan “Baykar” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) öz məhsullarını nümayiş etdirir.
ASELSAN-ın beynəlxalq biznesin inkişafı və marketinq baş direktorunun müavini Özgür Taylan Sarı sərgidə jurnalistlərə verdiyi açıqlamada ASELSAN-ın hazırda istifadədə olan 500-dən çox məhsulunun olduğunu bildirib.
Sarı sərgidə ASELSAN-ın aviasiya sektoru üçün məhsullarını sərgilədiklərini, bunların arasında hava platformalarından atılan ağıllı sursatlar, elektro-optik sistemlər, radarlar, aviasiyada istifadə olunan digər elektronika, avionik və rabitə sistemləri kimi həllər, antidron sistemləri olduğunu deyib.
ASELSAN-ın elektro-optik məhsulları, hava platformalarında istifadə edilən radar və radioelektron mübarizə məhsulları ilə bazarda önə çıxdığını ifadə edən Sarı şirkətlərinin yeni nəsil aviasiya sektorunda əhəmiyyətli olan yüngül, lakin çoxlu missiyaları yerinə yetirə bilən texnoloji cəhətdən sübut edilmiş sistemləri ilə diqqət çəkdiyini diqqətə çatdırıb.
“Bu mənada xüsusilə elektro-optik sistemlərimiz həm texnologiyası, həm də sahədə istifadəsi baxımından rəqibləri ilə müqayisədə fərq yaradan məhsullardır. Bütün məhsullarımız ümumilikdə diqqəti cəlb etsə də, hazırda sahədə istifadə olunan və özünü doğrultmuş bu sistemlərin önə çıxdığını deyə bilərik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az