İsrail-İran Savaşında İraq Faktoru: Sakit Qalmaq Mümkün Olacaqmı?

2025/06/1750231654.jpg
Oxunub: 625     14:26     18 İyun 2025    
İsrail və İran arasında baş verən gərginlik bəlkə də ilk dəfədir ki, bu qədər kəskinləşib. ABŞ ilə İran arasında ümidverici nüvə danışıqlarının 6-cı raundu başlamazdan az əvvəl, İsrailin İran ərazisində başladığı və kifayət qədər planlı olduğu hiss edilən hücumlar İranın da indiyədək görünməmiş dərəcədə sərt cavab verməsinə səbəb oldu. Bu hadisələr Yaxın Şərqi demək olar ki, od-alova qərq etdi. Çünki sözügedən müharibənin həm regional, həm də qlobal nəticələrinin olacağını söyləmək üçün nə mütəxəssis, nə də kahin olmağa ehtiyac var.

Əslində İsrailin bu addımı əvvəlcədən siqnallar verirdi, lakin zamanlama baxımından bəlkə də gözlənilməz idi. Çünki ABŞ ilə İran arasında danışıqlar fonunda nisbi yumşalma müşahidə olunurdu və eyni zamanda İsrail üzərində Qəzza ilə bağlı təzyiq artmışdı. Belə bir məqamda bu cür bir addımın atılması çox da gözlənilən deyildi.

Hətta İsrailin İrana hücumu ərəfəsində ABŞ-nin, başda İraq olmaqla, Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərində çalışan zəruri olmayan personalı geri çağırması və bu ölkələrə səyahət xəbərdarlığı səviyyəsini artırması bölgə ictimaiyyəti tərəfindən başa düşülməmişdi. Hücumdan əvvəl ABŞ-nin nümayəndəliklərini boşaltdığı ölkələrdən biri olan İraqdakı dostlarımızla apardığımız söhbətlərdə ABŞ-nin bu hərəkətinin “şişirdilmiş” olduğu, ölkədə hər şeyin normal səviyyədə davam etdiyi qeyd olunmuşdu.

Lakin ABŞ tərəfindən edilən açıqlamalarda hücuma müdaxilə olunmadığı bildirilsə də, İsrailin amerikalı rəsmi dairələri hücumdan əvvəl məlumatlandırdığına dair açıq ifadələri diqqət çəkici oldu. Elə ABŞ-nin zəruri olmayan diplomatlarını təcili şəkildə evakuasiya etməsi də bu hücumdan xəbərdar olduğunu açıq şəkildə göstərdi. Onsuz da İsrailin İrana qarşı etdiyi bu hücumun ABŞ ilə əlaqəli şəkildə şərh ediləcəyi başından bəri aydın idi.

Hərçənd ABŞ ritorik səviyyədə müharibədən uzaq qalmağa və sakitləşdirici mövqe tutmağa çalışsa da, İranın zəifləməsindən məmnun olmadığını düşünmək sadəlövhlük olardı. İran da bunun fərqindədir və ABŞ müharibəyə birbaşa qarışacağı təqdirdə bölgədəki ABŞ diplomatik missiyaları və hərbi bazalarının hədəf alınacağını açıq şəkildə ifadə edib.

İraq yenidən münaqişə meydanına çevrilmək istəmir

Bu ritorika isə ən çox İraqı maraqlandırır. Coğrafi mövqeyi, siyasi, sosial və iqtisadi baxımdan İraqın Yaxın Şərqin mərkəz dövləti olduğunu demək səhv olmaz.

Çünki İraq uzun illərdir ABŞ və İran arasındakı çəkişmənin əsas meydanı olub. Hər iki tərəf bir-birinə İraq üzərindən cavab verməyə çalışıb. Lakin artıq İraq yenidən münaqişə zonasına çevrilmək istəmir. Son bir neçə ildə, xüsusilə Məhəmməd Şiya əs-Sudani baş nazir olduqdan sonra İraq sabitlik baxımından müsbət bir istiqamətə qədəm qoyub. Bu səbəbdən də İraq birbaşa iştirak etmədiyi bir qarşıdurma və ya müharibənin bir hissəsi olmaq istəmir.

Lakin İsrail və İran arasındakı müharibə birbaşa və dolayı yollarla İraqı təsirləndirmək potensialına malikdir. Bu müharibənin İraqı təsirləndirə biləcək 4 əsas istiqamətini belə sıralamaq mümkündür:

1. Dövlət səviyyəsində təsirlər
2. Şiə milis qrupları və onların fəaliyyəti
3. Bağdad-Ərbil münasibətləri
4. İraqın regional və qlobal xarici siyasəti

Xüsusilə şiə milis qruplarının mövqeyi İraqın müharibəyə daxil olub-olmayacağını müəyyən edəcək dərəcədə əhəmiyyətlidir. Hazırda vəziyyət hələlik simvolik reaksiyalardan o yana keçməyib. Hətta ehtiyatlı davranış mövcuddur demək də yanlış olmaz. İraqda İrana ən yaxın qruplardan biri kimi tanınan “Kətaib Hizbullah”ın belə “İranın Sionist rejimə qarşı heç kimə ehtiyacı yoxdur” məzmunlu açıqlaması diqqət çəkir.

Lakin ABŞ müharibəyə qarışarsa, İraqdakı ABŞ mövcudluğu və maraqlarının da hədəfə çevriləcəyi bildirilib ki, bu da müharibənin yayılma ehtimalını artırır. Bu mənada, silahlı birləşmələri dövlət nəzarətinə almağa və milis qruplarının fəaliyyətini məhdudlaşdırmağa çalışan İraq rəhbərliyi üçün yeni risklər yarana bilər. İranın son ana qədər iraqlı milis qruplarını bu prosesə daxil etməsi gözlənilmir.

Vəkil güclərin zəifləməsinin regional əks-sədaları

ABŞ və İsrail İranın vəkalət müharibələri aparmaq gücünü xeyli dərəcədə zəiflətdi. İranın Suriyada təsiri qalmayıb, Livan “Hizbullah”ı demək olar ki, dağılma mərhələsindədir, Yəməndəki “Husilər” isə tək qalıb. Xüsusilə “Hizbullah”ın İsrail tərəfindən aldığı zərbələrdən sonra İranın bu qruplara yardım etməməsi diqqət çəkicidir. İraqda güclü şiə milis strukturları olsa da, onlar da daxildə parçalanmış vəziyyətdədir.

Bu vəziyyətdə, İraqda İrana yaxın şiə milis və siyasi qrupların təsir dairəsinin daraldığı müşahidə olunur. Bundan əlavə, Suriya, Livan və Yəməndəki proseslərdən sonra İraqdakı qrupların da İran rəhbərliyinə qarşı etimad itirdiyi açıqdır. Bu səbəbdən İraqda təsir sahəsi azalan İranpərəst şiə milis qruplarının müharibəyə qoşulması onların öz mövcudluqlarını və fəaliyyət sahələrini təhlükəyə ata bilər.

Eyni zamanda bu vəziyyət Ərbil ilə Bağdad arasında da yeni gərginliklərə səbəb ola bilər. İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda İraqın şimal dəhlizindən istifadə edildiyi və hətta İrana sızmalarda bu bölgənin keçid nöqtəsi olduğu iddiaları yenidən diqqəti İraq Kürd Regional İdarəsinə (İKRİ) yönəldib.

İKRİ-də də bu mövzuda narahatlıq müşahidə olunur. Şiə milis qruplarının əvvəlki vaxtlarda İKRİ-nin nəzarətindəki ərazilərdə yerləşən ABŞ bazalarına hücum etdiyi hallar olmuşdu. İran da həm İranda fəaliyyət göstərən kürd müxalif qrupları, həm də İsrailin İKRİ -nin nəzarətindəki ərazilərdən istifadə etməsini əsas göstərərək bu bölgəyə qarşı hərbi əməliyyatlar həyata keçirmişdi. Bu məqamda yenidən şiə milis qruplarının və İranın İKRİ üzərində təzyiq göstərməsi baş verə bilər.

Bundan əlavə, İsrailin hücumları nəticəsində İran rejiminin zəifləməsi və bu hücumların rejim dəyişikliyinə yönəldiyi təhlillər nəzərə alındıqda, kürd müxalif siyasi təşkilatların fəallaşması ehtimalı artır. Bu da İran və İraq arasında yeni gərginliklərin yaranmasına səbəb ola bilər. Həmçinin PKK-nın silahı buraxdığı bu dövrdə, başda PJAK olmaqla, kürd silahlı qruplarının fəaliyyətlərinin artması da mümkündür. Bu isə İraqın şimalında sabitliyin pozulması ilə nəticələnə bilər.

Nəticə: İraqda yeni xaosun ehtimalı

Bütün bu proseslər nəzərə alındıqda, yeni-yeni tarazlıq qazanan İraq siyasətində etnik, məzhəb, siyasi və inzibati parçalanmaların yenidən səhnəyə çıxması mümkündür. İraqın 11 noyabr 2025-ci ildə yeni parlament seçkiləri keçirməyi planlaşdırdığı və seçkilər öncəsi dövrdə İraqdakı tektonik xətlərin aktivləşdiyi nəzərə alınarsa, ölkənin yeni bir xaosla üz-üzə qalması mümkündür. Bu vəziyyət həm İraqın daxili tarazlıqlarına, həm də xarici siyasətinə təsir edəcək nəticələr doğura bilər. Bu mənada, son dövrlərdə müsbət dinamikaya daxil olan Türkiyə-İraq münasibətlərinin də mənfi təsirlərə məruz qalacağı gözlənilə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   İraq  


Bizi "telegram"da izləyin