Türkiyə: Sülh Təşəbbüsü və Raket Qalxanı Arasında

2025/06/1750231386.jpg
Oxunub: 742     13:12     18 İyun 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da keçirdiyi Nazirlər Kabineti iclasından sonra verdiyi bəyanatla həm regiondakı hazırkı gərgin geosiyasi fonu qiymətləndirib, həm də Ankaranın bu proseslərdə tutduğu mövqeyi cızıb. Onun çıxışı həm xəbərdarlıq, həm də sülh təşəbbüsü ilə zəngin idi, bu isə Türkiyənin təhlükəsizlik və diplomatik strategiyasının çoxqatlı yanaşma ilə qurulduğunu göstərir.

Ərdoğanın çıxışında əsas vurğulardan biri İsrail-İran gərginliyinin və mümkün genişmiqyaslı müharibənin qarşısını almaq üçün danışıqların vacibliyinə dair çağırış idi. O, nüvə proqramı da daxil olmaqla, bütün mübahisəli məsələlərin siyasi və diplomatik vasitələrlə həll edilməli olduğunu bildirərək, Türkiyənin vasitəçilik təklifini irəli sürdü. Ərdoğanın bu mövqeyi, son iki gündə ABŞ, İran, Rusiya, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq və digər ölkələrin liderləri ilə apardığı telefon danışıqları fonunda səsləndirilib. Bu isə onu göstərir ki, Türkiyə artıq sadəcə müşahidəçi deyil, aktiv oyunçu və mümkün həll yollarının təşəbbüskarıdır.

Əgər doğru olduğu təsdiqlənərsə, Ərdoğanın ABŞ və İran prezidentlərini İstanbulda birbaşa görüşə dəvət etməsi və Donald Trampın guya “təyyarəm daim hazırdır” cavabı Ankaranın diplomatik rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir. Bu həm də Türkiyənin özünün təşəbbüskar, balanslı və regionda etimad doğuran dövlət kimi təqdim edilməsinə xidmət edir. Tramp-Makron arasında baş verən və bu məsələ ilə dolayısı bağlı görünən söz atışması məsələnin nə qədər ciddi və yüksək səviyyədə müzakirə olunduğunu bir daha sübut edir.

Digər tərəfdən, Ərdoğan çıxışında açıq şəkildə qeyd etdi ki, İsrailin “nüvə proqramını hədəfə aldığını desə də, əslində daha hiyləgər planlar güddüyünü” düşünür və bu səbəbdən Ankara “istənilən ssenariyə hazırdır”. Burada diqqətçəkən məqam Türkiyənin yalnızca diplomatik yolla deyil, eyni zamanda hərbi güclə də öz təhlükəsizliyini təmin etmək niyyətidir. Ərdoğan vurğuladı ki, Türkiyə öz orta və uzun mənzilli raket ehtiyatlarını, eləcə də hərbi arsenalını “kifayət qədər səviyyəyə” çatdırıb. Raket sistemləri, pilotsuz uçuş aparatları və zirehli texnikalar sahəsində əldə olunan irəliləyişlər bunun sübutudur. Onun sözləri ilə desək, “əldə olunan uğurlar nəticəsində bu məhsullar artıq ehtiyatlarımıza elə miqdarda və formada daxil olub ki, bu həm ordumuza, həm də əks tərəfə qarşı çəkindirici gücümüzə xidmət edir”.

Bu çıxışdan belə nəticə çıxır ki, Türkiyə təkcə münaqişənin qarşısını almağa deyil, eyni zamanda gedişatın daha təhlükəli məcraya yönələcəyi halda öz təhlükəsizliyini qorumaq üçün ciddi şəkildə hazırlıqlı olmağa çalışır. Bu isə klassik “çəkindirmə strategiyası”dır – bir tərəfdən sülh üçün danışıqlar təklif olunur, digər tərəfdən isə hərbi güc nümayiş etdirilir ki, əgər diplomatiya işləməzsə, qarşı tərəf Türkiyənin geri çəkilməyəcəyini başa düşsün.

Ərdoğanın bu çıxışını iki cür dəyərləndirmək olar: sülhə çağırış və eyni zamanda strateji xəbərdarlıq. Türkiyə həm diplomatik platforma yaratmaq istəyir, həm də regionda hərbi balansı qoruyaraq münaqişələrin öz sərhədlərinə təsir etməsinin qarşısını almağa çalışır. Bu isə təkcə reaksiya deyil, həm də proaktiv siyasətin göstəricisidir.

Təhlükəli və sürətlə dəyişən regional şərtlər fonunda Türkiyənin belə çoxvektorlu və balanslı yanaşması onun geosiyasi oyunçu kimi əhəmiyyətini daha da artırır. Türkiyə artıq yalnız hadisələrə reaksiya verən deyil, onların istiqamətini formalaşdırmağa çalışan dövlətdir. Bu yanaşma həm dövlətin suverenliyini qorumaq, həm də bölgədə söz sahibi olmaq üçün effektiv və strateji bir addımdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan   İclas  


Bizi "telegram"da izləyin