Alfa zərrəcikləri və qorxular: İsrailin Natanz hücumu nə qədər təhlükəlidir?

2025/06/1750068431.jpg
Oxunub: 699     15:06     16 İyun 2025    
“Natanz nüvə obyektinə İsrailin hava zərbələrindən sonra informasiya məkanında çoxdan tanış ifadələr yenidən dövriyyəyə buraxıldı – “şüalanma”, “sızma”... Bu sözlər geniş ictimaiyyətdə istər-istəməz gözlənilən nüvə apokalipsisi ilə bağlı narahatlıq doğurur. Emosiyaları kənara qoyaq və sadəcə faktlara baxaq.

İlk növbədə: atom elektrik stansiyalarına zərbə endirilməyib.

Heç bir AES zərər görməyib. Hədəfdə Natanzdakı uranı zənginləşdirmə mərkəzi olub. Bu obyekt mühəndis-texniki təyinatlı platformadır, enerji reaktoru deyil.

Əslində nə baş verib?

Sadəcə yerüstü qurğular – elektrik paylayıcı sistemlər, havalandırma boruları, sınaq istehsalat sahəsi zərər görüb. MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) məlumatına əsasən daxili sızma qeydə alınıb. Lakin bu sızma stansiyanın ərazisini tərk etməyib. Ətraf mühit və əhali təhlükə altında deyil.

Niyə şüalanma stansiyadan çıxmayıb?

Burada plutonium və ya AES tullantıları deyil, uran heksaflorid (UF₆) istifadə olunub. Bu maddə:

– əsasən alfa zərrəcikləri ilə şüalanma yaradır; bu zərrəciklər hətta alçıpan divardan belə keçə bilmir,

– yalnız tənəffüs zamanı təhlükəlidir, xarici şüalanma fonu yaratmır,

– hermetik mühitlərdə asanlıqla izolə edilə bilir.

Zərbənin məqsədi ekoloji fəlakət deyil, uran zənginləşdirmə prosesini dayandırmaqdır.

İsrail İranın nüvə proqramını ləngitmək və ya pozmaq istəyir. Natanzın infrastrukturuna zərbə təzyiq vasitəsi kimi istifadə olunur. Bundan əlavə, İran bu stansiyanın enerji təminatını qısa müddətdə bərpa edə biləcək texniki imkanlara malikdir.

Buna görə də, nüvə isteriyasına qapılmağa ehtiyac yoxdur. Zərbə lokaldır, nəticələri məhduddur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Natanz  


Bizi "telegram"da izləyin