Ordu.az xəbər verir ki, bu barədə “Breakingdefense” məlumat yayıb.
SIPRI eksperti və Amerika Alimləri Federasiyasının (FAS) rəsmisi Hans M. Kristensen açıqlamasında deyib: “Çinin nüvə genişləndirməsi onun ABŞ və Rusiya ilə baş-başa strateji tarazlıq yaratmaq kimi uzunmüddətli hədəfini əks etdirir”.
Məlumata görə, Çin müxtəlif bölgələrdə, xüsusən də Qobi səhrasında 350-dən çox qitələrarası ballistik raket (ICBM) şaxtasının inşasını tamamlayıb və ya tamamlamaq üzrədir. Bu infrastruktur sərmayəsi Çinin qarşıdakı illərdə döyüş başlıqlarının sayını daha da artırmasına yol açır.
SIPRI-nin təhlilinə görə, hazırkı temp davam edərsə, Çin 2030-cu ilə qədər ABŞ və ya Rusiyanın qitələrarası raket qabiliyyətinə çata bilər. Bununla belə, ümumi döyüş başlıqlarına görə hələ də ABŞ (5177) və Rusiyadan (5459) geri qalır.
Çin Xarici İşlər Nazirliyi isə Pekinin nüvə siyasətində heç bir dəyişiklik olmadığını iddia edib: “Bizim siyasətimiz müdafiə xarakteri daşıyır. Bundan ilk istifadə edən biz olmayacağıq”. Bu bəyanat Çinin “minimum çəkindirmə” doktrinasını qoruduğuna dair rəsmi mövqeyini bir daha təsdiqləyir.
SIPRI-nin məlumatlarına görə, dünyada 12 mindən çox nüvə başlığı var. Bu rəqəm illər ərzində bir qədər dəyişsə də, aktiv yerləşdirmə və sürətli cavab mövqelərində döyüş başlıqlarının sayında davamlı artım müşahidə olunur. Mütəxəssislər bunu Soyuq müharibədən sonra azalan nüvə silahlanmasının yenidən gücləndiyi bir dövrün əlaməti kimi qiymətləndirirlər.
Sevinc Əliyeva
Ordu.az