Tələnin digər ucu: ABŞ-nin geosiyasi hücumu Rusiyanı da sıxışdırır

2025/06/1750050039.jpg
Oxunub: 692     10:55     16 İyun 2025    
ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Aharon Miller “Financial Times” qəzetinə bildirib ki, apreldə İranla nüvə proqramı ətrafında dolayı danışıqlara başlamaqla ABŞ prezidenti Donald Tramp “İsrailin hücum planlarından tam şəkildə xəbərdar olub və israillilərlə əməkdaşlıq edib”. Onun fikrincə, “tələ işləyib – İranda danışıqlar prosesinin təhlükəsizlik zəmanəti olduğuna dair təəssürat formalaşıb”.

ABŞ müdafiə naziri Heqset iyunun 14-də bəyan edib ki, prezident Tramp “sülhü üstün tutduğunu və qərarların danışıqlar masası arxasında qəbul olunmasını istədiyini bildirən siqnallar göndərməkdə davam edir”. Onun sözlərinə görə, “İranın hələ də seçim imkanı var”. İranın xarici işlər naziri Əraqçi isə Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kallas ilə telefon danışığında Vaşinqtonu İsrailə hərbi dəstək verməkdə günahlandırıb və ABŞ ilə dolayı danışıqların davamını “mənasız və qəbuledilməz” adlandırıb.

Hazırkı vəziyyətdə ABŞ müdafiə naziri Heqsetin bəyanatı belə bir təəssürat yaradır ki, ABŞ sadəcə İsrailin hücumuna “göz yummayıb”, həm də İrana qarşı güc tətbiqinin təşəbbüskarıdır. Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi sanki Yaxın Şərqdə partlayışa hazır vəziyyətdə olan durumun məsuliyyətini üzərinə götürür, lakin oxları İrana yönəldir, yəni nəticə Tehranın “seçimindən” asılıdır.

Beləliklə, ABŞ prezidenti Tramp açıq şəkildə İranın bir nömrəli düşməni kimi görünür. Bu isə olduqca risklidir, çünki demək olar ki, eyni çıxılmaz vəziyyət ABŞ-nin təşəbbüsü ilə baş tutan Rusiya-Ukrayna danışıqlarında da mövcuddur. İsrailin İrana qarşı hücumundan sonra Moskva xeyli müddət susqun qaldı, daha sonra isə İsrailin hərəkətlərini pisləyən bəyanat verdi.

Görünən odur ki, Rusiyada ehtiyat edirlər ki, Ukrayna məsələsində ABŞ-nin vasitəçiliyi də “tələ” ola bilər. İsrailin İrana qarşı hücumundan bir gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi narazılığını bildirərək bəyan edib ki, NATO-ya Ukraynanın üzv olmayacağına dair qərar hələ də qəbul olunmayıb və bu fundamental məsələdə aydınlıq olmadan hər hansı nizamlama barədə danışmaq mümkün deyil.

İyunun 24-25-də Haaqada NATO sammiti keçiriləcək. Məlumatlara görə, Donald Tramp bu sammitdə Ukrayna Prezidenti Zelenski ilə görüşməkdən imtina edib. Şimali Atlantika Alyansının sammiti Ukrayna və İran-İsrail müharibəsi ilə bağlı məsələləri kənarda qoya bilməz. Beynəlxalq nüfuzlu ekspertlərin fikrincə, İsrailin İrana qarşı hücumu “eyni zamanda Rusiyanı da zəiflədir”. ABŞ müdafiə nazirinin bəyanatından da aydın olur ki, burada İran-Amerika müharibəsi ilə qarşı-qarşıyayıq. Bu müharibə birbaşa olmasa da, geosiyasi baxımdan həm də Rusiyaya qarşı yönəlib. Tramp isə çox güman ki, artıq Putin üçün etibarlı tərəfdaş deyil və onların görüşü ən azı uzun müddətlik təxirə salınacaq. Bu isə o deməkdir ki, yeni dünya düzəninin memarlığı hələ də sadəcə ehtimallar səviyyəsində qalır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   İsrail   İran  


Bizi "telegram"da izləyin