Yaxın Şərq müharibəsinin çarxı hərəkətə keçdi: Sonu görünmür

2025/06/1750049978.jpg
Oxunub: 491     11:48     16 İyun 2025    
İran və İsrail bir-birilərinə zərbələr endirməkdə davam edirlər, həmçinin bu zərbələrlə bağlı informasiya müharibəsi də aparılır. Hər iki tərəf münaqişəni davam etdirməkdə qərarlılıq nümayiş etdirir ki, bu da eskalasiyanın daha da güclənməsi və genişlənməsi riskinin yüksək olduğunu göstərir. Şübhəsizdir ki, qarşıdakı mərhələdə yeni oyunçuların cəlb olunması gözləniləndir.

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, İran istiqamətindəki zərbələrdə iştirak etməyib, lakin İsrailin müdafiəsində iştirak edəcək. İran isə bildirib ki, İsrailə dəstək verən ölkələrin hərbi obyektləri onun hədəfində olacaq. Məsələn, əgər Fransa İsrailin tərəfində birbaşa münaqişəyə daxil olsa və İran Fransa qüvvələrini də hədəfə alsa, bu, Aİ üçün əlavə strateji problemə çevriləcək.

Bu isə sadəcə mümkün olan çoxsaylı problemlərdən biridir. Müharibənin genişlənməsi Vaşinqtonun, hətta ABŞ-İran birbaşa toqquşmasına qədər daha dərindən münaqişəyə cəlb olunması ehtimalını artırır. Ən azından qeyd edilməlidir ki, İsrailin baş naziri Benyamin Netanyahu və onun hökuməti ABŞ prezidenti Donald Trampı İrana qarşı hərbi müstəviyə gətirməyə nail oldular. Halbuki əvvəllər Tramp administrasiyasında diplomatik həll tərəfdarları Netanyahunun cəhdlərinə qarşı müqavimət göstərə bilirdilər.

Əsas sual budur: bu müharibə Trampın “siyasi ömrünü” ciddi şəkildə qısalda bilərmi? ABŞ prezidenti amerikalı seçicilərə İrana qarşı yeni birbaşa və ya dolayı müharibə başlatmağa yox, Ukrayna müharibəsini dayandıracağına söz vermişdi. Halbuki Ukrayna müharibəsi nəinki dayandırılmayıb, əksinə, indi ABŞ Yaxın Şərqdə daha ağır bir münaqişə ilə üz-üzə qala bilər.

Bəs ABŞ prezidenti dayanacaqmı? Yoxsa Yaxın Şərq müharibəsinin fırlanan çarxı artıq buraxılıb və bu çarx yamac boyu aşağı doğru yuvarlanaraq yolundakı hər şeyi məhv edəcək? Digər tərəfdən, nəzərə alsaq ki, böyük siyasət heç də birxətli məntiqə əsaslanmır, o zaman bu proseslərə əks bucaqdan da baxmaq lazımdır. Təəssüf ki, qlobal yenidənqurma proseslərində müharibə bəzən fundamental məsələləri həll etmək üçün yeganə işlək vasitəyə çevrilir. Ola bilsin ki, Yaxın Şərqin böyük transformasiya mərhələsində bu mexanizm işə salınıb. Qalanı isə döyüş meydanında və onunla paralel şəkildə aparılan geosiyasi “səngərlər”də kimin uğur qazanacağından asılı olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Müharibə   ABŞ  


Bizi "telegram"da izləyin