İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi iyunun 14-də ABŞ ilə danışıqları “mənasız” adlandırıb. O bildirib ki, “danışıqlara hazır olduqlarını bəyan edib, eyni zamanda sionist rejimin (İsrailin – red.) İran ərazisinə zərbə endirməsinə icazə vermək mümkün deyil”.
Bundan əvvəl BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında ABŞ-ni İsrailə silah, kəşfiyyat məlumatları və logistika dəstəyi verməkdə ittiham edib. İyunun 14-də Ağ Ev rəsmi olaraq təsdiqləyib ki, İranın raket hücumunun qarşısını almaq üçün İsrailə dəstək verilib.
Fransa prezidenti Makron İsrailin özünü müdafiə hüququnu dəstəklədiyini bəyan edib. Hətta o, İsrailə hərbi yardım göstərməyə hazır olduğunu bildirib. Avropa Komissiyası da demək olar ki, eyni məzmunda açıqlama yayıb.
“Chatham House”un ekspertləri hesab edir ki, İranda “hakimiyyət dəyişikliyi planı olduqca risklidir”. Onlar istisna etmirlər ki, indiki teokratik hakimiyyəti daha radikal bir iqtidar əvəz edə bilər və bu yeni rejim nüvə silahı istehsal etdiyini rəsmən elan edər.
“İranda bir çoxları əmindir ki, onları küncə sıxışdırıblar, regional cilovlama mexanizmləri ləğv edilib, ABŞ ilə danışıqlardan heç bir nəticə çıxmayıb, İsrail isə artıq “zəncirdən qopub” və yeganə müdafiə yolu nüvə silahıdır”,- bu sözləri “Fox News”a Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının baş eksperti Jülyen Bars-Deysi deyib.
İsrail mənbələri təhlükəsizlik dairələrinə istinadən bildirirlər ki, İrana qarşı hücumlar “lazım olduğu qədər davam edəcək”. Amma “lazım”ın nə demək olduğu izah olunmayıb. İsrailin müdafiə naziri İsrail Katz bu siyasəti belə izah edib: “İlanın başı əzilməlidir.”
İsrail faktiki olaraq iki paralel əməliyyat həyata keçirir. Görünür, İranın hərbi rəhbərliyindən 20-dən artıq şəxsin hədəflənərək məhv edilməsi strateji baxımdan hava və raket zərbələrindən daha təhlükəlidir. Britaniyalı ekspert Sanam Vakilin fikrincə, İslam İnqilabı bayrağı ətrafında “birləşmə mümkündür, lakin əvvəlki qədər güclü olmayacaq”.
Görünür, o nəzərdə tutur ki, yüksək rütbəli hərbçilərin öldürülməsi ilə yaranan vəziyyətdə İranın siyasi-hərbi rəhbərliyinin heç bir üzvü faktiki olaraq şəxsi təhlükəsizlik zəmanətinə sahib deyil.
Beləliklə, sanki aydın görünür ki, İrana qarşı hücum məsələsində ABŞ, Böyük Britaniya və Avropa İttifaqı arasında konsensus mövcuddur. Bir neçə gün sonra Haaqada NATO sammiti keçiriləcək. Rəsmi olaraq elan olunub ki, ABŞ bu sammitdə prezident Trampın səviyyəsində iştirak edəcək. Türkiyə İsrailin İrana qarşı hücumlarını Qəzzadakı müharibə ilə müqayisə edib. Ərəb dünyası isə İsrail-İran müharibəsində hələlik ən azından neytrallıq mövqeyindədir. Bəs hansı “yeni Yaxın Şərq” planlaşdırılır və bu prosesə Cənubi Qafqaz hansı dərəcədə və necə cəlb oluna bilər?
Asif Cəfərov
Ordu.az