Bəs Türkiyədə İsrail-İran qarşıdurması necə qiymətləndirilir? “Turkiye” qəzeti bu suala cavab tapmağa çalışıb. Qəzetə müsahibəsində siyasi elmlər doktoru Furkan Kaya öz fikirlərini bölüşüb. Onun fikrincə, İsrailin İrana qarşı hücumları təkcə hərbi deyil, həm də geosiyasi strateji kontekstdə qiymətləndirilməlidir.
“Netanayhu İran kartından istifadə edir ki, siyasi gələcəyini təmin etsin və Qəzzadakı əməliyyatlarını gizlətsin. Bu hücum açıq qarşıdurmadan müharibəyə keçid deməkdir. Əgər hədəf İranın yüksək rütbəli hərbçiləridirsə, bu artıq birbaşa rejimin sinirlərinə edilən müdaxilədir”, - deyə türk politoloq vurğulayır.
ABŞ Prezidenti Co Baydenin mövqeyinə gəlincə, Kaya hesab edir ki, Tramp genişmiqyaslı müharibə istəmir. O, İranı təcrid etmək, lakin eyni zamanda ölkəni tam çökdürmədən ona təzyiq göstərmək istəyir ki, danışıqlarda üstün mövqe qazansın və öz qlobal iqtisadi maraqlarını müdafiə edə bilsin.
Kaya İrandan cavab addımı olaraq Hörmüz boğazının bağlanmasını gözləyir. Belə olan halda təkcə İsrail deyil, ümumilikdə qlobal ticarət zərər görəcək, xüsusən də “neft böhranı yaranacaq”. Kaya istisna etmir ki, İsrailə qarşı İranın cavab hücumlarına onun proksi qüvvələri də qoşula bilər.
Türk politoloqun ən maraqlı müşahidəsi isə ondan ibarətdir ki, İsrailin hücumları Yaxın Şərqdə Rusiya və Çinin nüfuzunu zəiflətmək məqsədi güdür. “Əgər Putin və Si Cinpin bu təhdid qarşısında susmağa davam etsələr, yalnız İran deyil, ümumilikdə qeyri-Qərb bloku zəifləyəcək, Çin və Rusiyanın nüfuzu zərər görəcək və çoxqütblü dünya nizamına olan iddiaları mənasızlaşacaq”, - deyə o bildirir.
Türkiyəyə gəldikdə isə, Kaya vurğulayır ki, “Ankara İsrailin planlarını çox yaxşı anlayır və münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün müdaxilə edə bilər. Türkiyə regionda geosiyasi mövqeyi və diplomatik təsir gücü sayəsində katalizator rolunu oynaya bilər”. Bu son ifadə ikimənalı və çoxqatlıdır, lakin aydın şəkildə başa düşülür ki, İsrail-İran qarşıdurması bir sıra məqamlarda Türkiyənin maraqlarına uyğun gəlir, lakin Ankara hələlik kartlarını açmır.
Bu baxımdan, türk politoloq Çağatay Cebe tərəfindən edilən digər maraqlı müşahidə diqqət çəkir. O bildirir ki, İsrailin MOSSAD təşkilatı təxminən 20-25 il əvvəl İranda təhlükəsizlik sisteminə nüfuz edib. Onun sözlərinə görə, İsrail xüsusi xidmət orqanları “başqa ölkələrdə qruplar hazırlayıb, sonra onları bir-biri ilə tanış edərək uğurla İrana yerləşdirib”. Belə məxfi əməliyyatlar barədə MİT də məlumatlara malik ola bilər. Bu da “Turkiye” qəzetinin inamını artırır: Türkiyə müharibənin daha da genişlənməsinin qarşısını ala və bölgədə diplomatik rol oynaya bilər.
Asif Cəfərov
Ordu.az