İsrailin İran hücumlarının məqsədi: Nüvə bombası təhlükəsinin qarşısını almaq, yoxsa rejim dəyişikliyi?

2025/06/1750049566.jpg
Oxunub: 749     10:01     16 İyun 2025    
İsrailin 13 iyun səhər saatlarında İrana qarşı həyata keçirdiyi hücumlar hələ də davam edir, İran isə öz növbəsində cavab zərbələri ilə reaksiya verməkdədir. Müharibənin hansı istiqamətə inkişaf edəcəyi bir çox dəyişkən amillərdən asılı olan mürəkkəb bir məsələdir. Nüvə fəlakətindən tutmuş yeni dünya müharibəsi ssenarilərinə qədər müxtəlif qorxulu ehtimallar müzakirə olunur. Bu şəraitdə İsrail Baş naziri Benyamin Netanyahunun bu hücumlarla nəyi hədəflədiyi də ciddi şəkildə düşünülməyə layiq sualdır.

İsrailin hücumları nəyi hədəfləyir?

İsrailin hücumdan əvvəl və hücum zamanı həyata keçirdiyi addımlar ilk baxışda konkret bir məqsədi izləyirmiş kimi görünür. Amma müharibənin istiqamətini də bu məqsədin reallaşıb-reallaşmaması, uğur ehtimalı və gerçəkliyi müəyyən edəcək.

Netanyahu hücumdan əvvəl və sonrakı bəyanatlarında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İsrailə qarşı mümkün nüvə hücumunu önləmək məqsədilə “önləyici zərbə” endirdiklərini bildirib. Lakin hücumun forması və miqyası Netanyahunun digər bəyanatları ilə birlikdə qiymətləndirildikdə, bu “önləyici zərbə” iddiasının məntiqsiz olduğu üzə çıxır.

Hədəf yalnız İranın nüvə obyektləri deyil, ölkə ərazisində müxtəlif hərbi, siyasi və mülki obyektlərin vurulması, hərbi və siyasi elitalara qarşı həyata keçirilən suiqəst hücumları göstərir ki, məqsəd təkcə İranın nüvə potensialını deyil, ümumilikdə onun hərbi və siyasi gücünü sıradan çıxarmaqdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandiri Hüseyn Səlami, Qüds Qüvvələri komandiri İsmayıl Qaani, Xameneyinin uzun illər məsləhətçisi olmuş Əli Şamxani və SEPAH-ın Hərbi Hava Qüvvələri komandiri Əmir Əli Hacızadənin dəqiq hücumlarla qətlə yetirilməsi İranın liderlik və idarəçilik gücünün sıradan çıxarılmağa çalışıldığını göstərir.

Xüsusilə müharibə kimi kritik mərhələlərdə liderliyin zəifləməsi adi dövrlərlə müqayisədə daha ciddi nəticələrə gətirib çıxarır. Hər nə qədər İran işlək dövlət mexanizminə malik olsa da və öldürülən şəxslərin yerinə dərhal yeniləri təyin olunsa da, institusional yaddaş, təcrübə və davamlılıq baxımından problemlər yaşana bilər və bu, İsrailə qarşı cavab tədbirlərinin təsiri və zamanlamasında mənfi nəticələr verə bilər.

Digər tərəfdən, hərbi obyektlər, radar və hava bazaları, hərbi hissələr, silah və raket anbarları, raket istehsal mərkəzlərinin hədəfə alınması, İranın hərbi gücünü zəiflətmək və İsrailə effektli cavab verməsinin qarşısını almaq məqsədi daşıyır. İranın bütün təhlükəsizlik strukturunu çökdürmək və ardınca ölkədə daxili qarışıqlıq yaratmaq niyyəti Netanyahu tərəfindən dəfələrlə vurğulanan “dekapitasiya strategiyası”nın açıq göstəricisidir.

İsrailin rejim dəyişikliyi strategiyası

“İran xalqı öz bayrağı və tarixi mirası ətrafında birləşərək, zalım və şər rejimə qarşı azadlığı uğrunda ayağa qalxmalıdır”, - deyən İsrailin Baş naziri açıq şəkildə İran daxilində rejim əleyhdarı qüvvələri hərəkətə keçməyə çağırıb və müxalif iranlıları qızışdırmağa çalışıb.

Bu strategiyanın məqsədi siyasi və təhlükəsizlik qurumlarını iflic vəziyyətinə salaraq ölkədə hakimiyyət boşluğu yaratmaq, müxtəlif səbəblərlə mövcud olan narazılıqlardan faydalanaraq, Əmini etirazlarında “Mossad”ın etdiyi kimi, kəşfiyyat əməliyyatları ilə qarışıqlıq salmaq və xalqı üsyana təşviq etməkdir. Eyni zamanda bu strategiya ilə xalq hərəkatı fonunda mövcud rejimə ideoloji baxımdan müxalif olan qrupların hakimiyyəti ələ keçirməsi hədəflənir.

Beləcə, İsraillə uyğun fəaliyyət göstərə biləcək bir hakimiyyət strukturu formalaşdırılacaq. Bu ssenarinin başqa bir variantı isə silahlı qüvvələr içərisindən bir qrupun çevriliş edərək Xameneyini və ətrafını hakimiyyətdən uzaqlaşdırması və yenə İsraillə uyğun fəaliyyət göstərəcək bir strukturun qurulmasıdır.

Bu ssenarilərin – yəni “rejim dəyişikliyi” strategiyasının həyata keçirilməsi ehtimalının aşağı olmasının iki əsas səbəbi var:

Birinci səbəb: İran xalqının xarici təzyiq və hücum qarşısında mövcud rejimə müxalif olsa belə, milli hisslər ətrafında birləşmək meyli nəzərə alınmır. İranlıların güclü millətçilik duyğuları məlumdur. Şəhərləri bombalanarkən və mülki şəxslər öldürülərkən bu hadisələrin səbəbkarı olan xarici düşmənlə ittifaq quracaqları və ya bundan istifadə edərək bir hərəkat başlatmaları real deyil. İran-İraq müharibəsində “Xalqın Mücahidləri Təşkilatı”nın İraq ordusunda döyüşməsi bu gün belə həm hakimiyyət tərəfdarı, həm də bütün müxalif iranlılar tərəfindən nifrətlə xatırlanır.

İkinci səbəb: Hərbi çevriliş ssenarisi də reallıqdan uzaqdır. Çünki İran Silahlı Qüvvələri daxilində mövcud sistemə qarşı olan güclü heç bir mərkəz yoxdur. Həm hərbi, həm də iqtisadi strukturlar, oxşar dünyagörüşünə və təşkilatlanma formalarına malik qrupların nəzarətindədir və bu qruplar Xameneyiyə bağlıdır.

İndi isə sistemə qarşı olan alternativ siyasi qüvvələrə və ya aktorlara baxaq. İsrailin uzun illərdir bu cür rejim əleyhdarı iranlı aktorlarla əlaqə saxladığı və onları dəstəklədiyi məlumdur. Sonuncu şah Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ilə İsrail arasında sıx münasibətlər var. Hətta Rza Pəhləvi son hücumlarda açıq şəkildə İsraili dəstəkləyən bəyanat da verib. Eyni zamanda “Xalqın Mücahidləri Təşkilatı”nın da İsrail tərəfindən dəstəkləndiyi məlumdur. Lakin bu iki aktor İran xalqının gözündə olduqca marginal və təsirsiz sayılır. Bu aktorlar üzərindən “rejim dəyişikliyi” planlaşdırmaq və onlara investisiya qoymaq, heç bir nəticə verməyəcək ümidsiz bir cəhddir.

Nəticə etibarilə, təkcə hava hücumları ilə bir ölkənin mövcud siyasi sistemini, elitasını və dövlət-cəmiyyət bağlarını dəyişmək mümkün deyil. Tarix bunun saysız-hesabsız nümunələri ilə doludur. İsrailin bu amilləri nəzərə almadan hərəkət edəcəyi məntiqli deyil və eyni zamanda, hazırda ictimaiyyətə məlum olmayan başqa ssenarilərin də reallaşa biləcəyi ehtimalı istisna edilmir. Bu, qarşı tərəfin gözlənilməz addımlar ata biləcəyi və ya daha genişmiqyaslı əməliyyatların başlaya biləcəyi ehtimalını ortaya qoyur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Hücum  


Bizi "telegram"da izləyin