Təbrizdən Natanza qədər dağıntı: Regionda yeni balanssızlıq dövrü başlayır?

2025/06/1750049492.jpg
Oxunub: 770     15:33     16 İyun 2025    
İsrailin 13 iyun səhəri yüzlərlə təyyarə, minlərlə sursat, kiber hücumlar və İran daxilinə sızan elementlərin birləşməsi ilə həyata keçirdiyi çoxölçülü hücumlar iki ölkə arasındakı münasibətlər və bütövlükdə regionun gələcəyi baxımından dönüş nöqtəsi olmağa namizəddir. Hücumlar nəticəsində İranın hərbi bürokratiyasına məxsus 20-yə yaxın yüksək səviyyəli şəxs həyatını itirib, 14 nüvə alimi öldürülüb. Bundan əlavə, Natanz və Fordu kimi nüvə obyektləri, Kirmanşah və Təbriz də daxil olmaqla ölkənin qərb cinahında yerləşən çoxsaylı hava hücumundan müdafiə bazaları ağır ziyan görüb. İsrailin bu hücumları, 8 illik İran-İraq müharibəsi də daxil olmaqla, İranın tək hücumda aldığı ən ağır zərbə hesab olunur. Hadisənin yaratdığı şok İran daxilində müvəqqəti iflic effekti doğurub və Tehranın toparlanaraq cavab zərbəsi endirməsi üçün xeyli vaxt keçib.

Hadisənin pərdəarxasında nə dayanır?

Hadisənin arxasında iki əsas dinamika dayanır. Birincisi, ABŞ və İran arasında nüvə danışıqlarının, xüsusilə də uran zənginləşdirmə imkanları ətrafında dalana daxil olmasıdır. ABŞ prezidenti Donald Trampın hücumlardan sonra verdiyi sahiblənici açıqlamalar bu vəziyyəti aydın şəkildə göstərdi. Tramp danışıqlar boyu iranlılara şans verdiyini, amma bəzi sərt danışan şəxslərin buna qarşı çıxdığını bildirib və “Bu şəxslər artıq zərərsizləşdirildiyinə görə İranın hələ də bir şansı var” şəklində danışıb. Bu səbəbdən Tramp administrasiyasının diplomatik masada istədiyi güzəştləri əldə etmək üçün bir tərəfdən Beynəlxalq Atom Enerjisi Agentliyinin son İran hesabatına əsaslandığı, digər tərəfdən isə İsraili “pis polis” kimi səhnəyə çıxardığı demək mümkündür. İran daxilindən gələn açıqlamalar da ABŞ-nin hücumda fəal məsuliyyətini vurğulayır.

Hadisənin ikinci dinamikası isə İsraillə bağlıdır. Uzun illərdir İranı özü üçün təhlükə kimi qəbul edən və xüsusilə 7 oktyabr hücumlarından sonra bu məsələni ən yüksək həddə çatdıran Benyamin Netanyahu rəhbərliyi, “Osminoqun yalnız qolları deyil, başı da hədəf alınmalıdır” fikrini müdafiə edirdi. Lakin həm ABŞ-dəki Demokrat administrasiyaların, həm də Tramp rəhbərliyinin diplomatik yolu önə çəkməsi İsrailin struktur olaraq asılı olduğu ABŞ-dən istədiyi yaşıl işığı almasına imkan vermirdi. Bu səbəbdən Tehranın Trampın iki aylıq ultimatumunu ciddiyə almaması ölkəyə ciddi zərər verdi. Tramp daha əvvəl oxşar hədə ilə şəxsən Qasım Süleymaniyə də xəbərdarlıq etmiş və dediyini etmişdi. Nəticə etibarilə, İranın əsas səhvinin ABŞ və İsrail arasındakı siyasət fərqlərini bağlayan addımlar atması olduğu deyilə bilər.

İsrailin ilk hücumundan sonra adət etdiyimiz şəkildə İranın hərbi qabiliyyətləri sual altına alındı. İsrailin hücumunun aydın və ağır nəticələrinə baxmayaraq, İran ölçüsündəki bir gücün bütün hərbi potensialını və ya böyük bir hissəsini bir neçə günlük hücumlarla sıradan çıxarmaq mümkün deyil. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, Tramp rəhbərliyinin məqsədi də bu deyildi. Beləliklə, İranın əlindəki təsirli üsullarla İsrailə 100-dən çox raket atdığı və bəzilərinin ABŞ-İsrail ortaq hava hücumundan müdafiə sistemlərini aşaraq hədəflərinə çatdığı müşahidə olundu.

Bundan sonra nə olacaq?

Bundan sonra nə baş verəcəyi məsələsi böyük əhəmiyyət daşıyır. Fikrimcə, İsrailin hücumları yaratdığı bütün psixoloji, hərbi və elmi təsirlərə baxmayaraq Xameneyi rəhbərliyinin strategiyasında dəyişiklik yaratmayacaq. Daha aydın desək, İran nüvə silahına gedən yolda kritik mərhələyə çatmış ölkə statusundan imtina etməyəcək, hətta ölkə daxilində nüvə silahını müdafiə edənlərin səsi daha güclü çıxacaq. Rejimin 30 il boyunca milli təhlükəsizlik və nüvə texnologiyası üzərindən ictimai legitimlik dili qurmağa çalışdığı və bu məqsədlə sanksiyalar da daxil olmaqla çox ağır bədəllər ödədiyi nəzərə alındıqda, bu məsələnin idarəçi elita üçün niyə bir “ölüm-qalım məsələsi” olaraq qəbul edildiyi aydındır.

Bununla belə, İran üçün böyük güzəştlər verərək siyasi razılaşma yolunu seçmək qədər barışmaz addımlar ataraq nüvə fəaliyyətlərini yer altına çəkmək də ağır nəticələr doğura bilər. Əvvəla, analizimizin əsasını təşkil edən Tramp faktoru ondan ibarətdir ki, əgər İranın nüvə silahına yönəldiyi qənaətinə gəlinərsə, bu halda İsrailin hücumlarının xarakteri dəyişə bilər. Hətta bu məqamda ABŞ Silahlı Qüvvələri birbaşa işə qarışa bilər. Trampın ölkəsini böyük müharibəyə sürükləmək istəmədiyi doğrudur, lakin həm Ukrayna müharibəsindəki bəzi əməliyyatlar, həm də İsrailin son hücumları sübut etdi ki, müasir müharibə və qarşıdurma texnologiyaları ABŞ-nin çox az konvensional itki ilə dağıdıcı zərbələr endirmə gücünü nümayiş etdirir.

İranın qarşıdurmanı daha da genişləndirəcək addımlar atması halında başda enerji infrastrukturu olmaqla, ölkənin həyati əhəmiyyətli infrastruktur obyektləri hədəfə çevrilə bilər. Bu vəziyyət, İraq və Suriyada gördüyümüz kimi, əsas insani ehtiyacların qarşılanmasını çətinləşdirəcək və hakimiyyətə qarşı ictimai narazılığı xeyli artıracaq. İsrailin hücumlarının şüurlu şəkildə İran xalqının minimum təsirlənəcəyi şəkildə planlaşdırıldığı da görünür.

Türkiyə mövqeyi necədir?

Məsələnin regional fəsadları da olduqca əhəmiyyətlidir və təcili keçirilən üçtərəfli koordinasiya görüşündən də göründüyü kimi, proses Ankara tərəfindən yaxından izlənilir. Türkiyə prinsip etibarilə İranın nüvə silahına sahib olmasına region ölkələrinin hər biri qədər qarşıdır. Üstəlik, keçmişdə Suriya və İraq mövzularında Ankara ilə Tehranın üz-üzə gəldiyi məlumdur, lakin Türkiyə fəaliyyətlərini BAEA nəzarəti altında aparan İranın birtərəfli hərbi hücuma məruz qalmasını qəbul etmir.

Ankaranın bu məsələdə tutduğu prinsipial mövqeyin yanaşı, praktiki səbəbləri də mövcuddur. Türkiyə son 25 il ərzində əvvəlcə İraq, sonra Suriya mənşəli böhranlar səbəbilə maddi-mənəvi böyük bədəllər ödəyib və milli təhlükəsizliyinə qarşı formalaşan ciddi təhdidlərə sinə gərib. Bu məqamda, İran daxilində qarşıdurmanın nəzarətdən çıxması və mərkəzi dövlətin çökməsi halında ən çox bədəl ödəyəcək ölkələrin başında Türkiyə gəlir. Çünki iki ölkə bütün fikir ayrılıqlarına baxmayaraq, enerji, iqtisadiyyat və nəqliyyat kimi sahələrdə geniş miqyaslı əməkdaşlığa malikdir və bu vəziyyətin pozulması Ankaranın yeni və daha böyük çağırışlarla üz-üzə qalması deməkdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Iran   ABŞ  


Bizi "telegram"da izləyin