“Made in USA”: “Dəyənək” siyasəti və CENTCOM-un rolu

2025/06/1750049327.jpg
Oxunub: 715     16:30     16 İyun 2025    
Təxminən 22 ildir müzakirə olunan İranın nüvə proqramı ən azından mənim gözlədiyim şəkildə İsrailin hücumu ilə qarşılaşdı. İsrail əvvəllər də 1981-ci ildə İraqın, 2007-ci ildə isə Suriyanın nüvə proqramlarını sıradan çıxarmaq üçün hava qüvvələrindən istifadə etmişdi. Orta Şərqdə, hətta Şimali Afrikada İsrail istisna olmaqla nüvə silahı sahibi bir güc istəməyən ABŞ həm İraq, həm də Suriyaya qarşı olan hücumlara arxa planda dəstək vermişdi.

13 iyun tarixində problemin silah gücü ilə həll edilməyə çalışıldığı yeni bir mərhələyə keçildi və bu vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin gündəmində iki əsas sual ön plana çıxdı: Bu toqquşma nə qədər davam edəcək və coğrafi olaraq hansı miqyasda genişlənəcək? İkinci sualda axtarılan cavablar arasında Yaxın Şərqdəki ABŞ bazalarının İran tərəfindən hədəf alınması halında, ABŞ-nin də İsrailin yanında birbaşa hücumlara qoşulub-qoşulmayacağı da yer alır.

İran ABŞ-nin danışıqlara xəyanətini bağışlayacaqmı?

ABŞ prezidenti Donald Trampın bir tərəfdən İranla danışıqlar aparıb, digər tərəfdən İsrailin hücumuna yaşıl işıq yandırması təbii olaraq çaşqınlıq yaratdı. İran tərəfi bazar günü Omanda keçirilməsi planlaşdırılan 6-cı raund danışıqlardan öncə ABŞ-nin bu hücuma icazə verməsini onlara qarşı xəyanət olaraq qiymətləndirir və bir tələyə çəkildiklərinə inanır.

ABŞ tərəfi isə çox güman ki, öz ərazisində uranın 60% və daha yüksək dərəcədə zənginləşdirilməsi məsələsində israr edən İrana qarşı İsraili bir “dəyənək” kimi istifadə etməklə razılaşmanı asanlaşdıracaqlarını düşünürdülər. Ancaq görünür, İsrailin hücumları onların təxmin etdiyi dağıdıcılıq səviyyəsinin də fövqünə keçdi.

ABŞ administrasiyası 13 iyunda olmasa da, gec-tez İsrailin İranın nüvə proqramına qarşı hücumunu dəstəkləmək məcburiyyətində qalacaqdı. Unutmaq olmaz ki, 1960-cı illərdən bəri İsrail dövlətinin qorunması ABŞ-də hökumətlərdən yuxarı bir məsələ kimi qiymətləndirilir və Tramp administrasiyası da bu istisna daxilində deyil. Trampın ikinci dəfə prezident seçilməsində, ABŞ Konqresinin hər iki palatasındakı üzvlərin 90%-ni maliyyələşdirən yəhudi lobbilərinin rolu danılmazdır. ABŞ-nin İsrailə dəstəyinin bir başqa səbəbi isə İranın bu gün sahib olduğu nüvə imkanlarına çatmasında oynadığı roldur.

İranın nüvə proqramının əsası: “Made in USA”

İranın nüvə sahəsinə qədəm qoyması 1950-ci ildə ABŞ Prezidenti Dvayt D. Eyzenhauerin başladığı “Atom Enerjisi Sülh üçün” proqramı ilə mümkün oldu. Bu proqram Sovet İttifaqına qarşı Qərb tərəfində yer alan ölkələrin sülh məqsədli nüvə enerjisinə çatması üçün hazırlanmışdı.

1967-ci ilə gəldikdə isə ABŞ Şah Rza Pəhləvi hakimiyyətinə bir nüvə tədqiqat reaktoru təqdim etdi. Hətta bu reaktoru işə salmaq üçün lazım olan 93%-lik zənginləşdirilmiş uran da ABŞ mənşəli idi. Bu müddətdə İsrail və ABŞ-nin regiondakı ən yaxın müttəfiqi olan İranın nüvə enerjisinə çıxışında təbii ki, heç bir problem yox idi. Lakin 1979-cu il inqilabından sonra ABŞ-İsrail tandemi öz yaratdıqları “canavar”la üz-üzə qaldılar.

İran-İraq müharibəsi İsraili və Tehrandakı yeni rejimi Səddam Hüseynə qarşı məhdud əməkdaşlığa sövq etsə də, İsrailin 1982-ci ildə Livanı işğal etməsi ilə cəbhələr kəskinləşdi. İsrail mediası 1984-cü ildən etibarən İranın istənilən an nüvə silahına sahib ola biləcəyi təhlükəsini işləyərək dünyanı qorxuya salmağa başladı.

1990-cı illərdə Büşehr nüvə stansiyasının inşasının yenidən sürət qazanması İranın sülh məqsədli nüvə texnologiyası inkişaf etdirdiyini iddia etməsinə baxmayaraq, nüvə silahı hazırlaya biləcəyi qorxusunu daha da artırdı. Nəticədə 2003-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən aparılan yoxlamalarda 13 iyun günü dəfələrlə İsrail hücumlarına tuş gələn Natanz nüvə obyektinin mövcudluğu ortaya çıxdı.

Buradan çıxış edərək rahatlıqla demək olar ki, İsrail azı 22 ildir İranın nüvə proqramını məhv etməyə yönəlmiş sistematik fəaliyyət aparır. Nüvə proqramında çalışan iranlı alimlərə dair məlumatların toplanması, obyektlərin yerlərinin müəyyənləşdirilməsi kimi fəaliyyətlər fasiləsiz davam etdirildi. Qısası, ABŞ administrasiyaları İranın nüvə imkanlarının bu məqama gəlməsində öz məsuliyyətlərini dərk edərək qərar verirlər.

ABŞ yox, CENTCOM?

İndi isə ABŞ-nin 13 iyun hücumlarında İsrailə yardım edib-etmədiyi məsələsinə gələk. Bu nöqtədə “Hansı ABŞ?” sualını vermək faydalı olar. 1985-ci ildə qurulan və 1990-cı illərdə İraqa qarşı hücumlarla aktivləşən Amerika Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) “dövlət içində dövlət kimi” hərəkət etdiyinə diqqət yetirmək lazımdır.

CENTCOM-un komanda heyəti 2023-cü ildən bu yana ABŞ-nin Yaxın Şərqdəki hərbi gücü kimi davranmaqdan çox, İsrailin müdafiəsini üzərinə götürmüş vəziyyətdədir. Belə olduğu halda CENTCOM-un səlahiyyət zonasında olan bazaların, elektron kəşfiyyat imkanlarının, yanacaqdaşıyan təyyarələrin 13 iyundan etibarən İsrailə dəstək vermədiyini düşünmək sadəlövhlük olardı.

Nəticə etibarilə İran rəhbərliyinin ilk 48 saatda verdiyi açıqlamalara baxdıqda, İsrail hücumlarına ABŞ-nin dəstək verdiyinə dair tam bir inam içində olduqları müşahidə olunur. Bu halda, Körfəz ölkələrində və İraqdakı ABŞ bazaları İran tərəfindən hədəf alınacaqmı? İran bu gün gəldiyi anda vəkil qüvvələri olan HƏMAS, “Hizbullah” və Əsəd rejiminin sıradan çıxarılması və ya təsirsizləşdirilməsi ilə birlikdə bir “ölüm-qalım” mübarizəsi ilə üz-üzə qaldığının fərqindədir.

Bu vəziyyətdə İran ABŞ-ni də müharibəyə cəlb etməkdən çəkinməyəcək. Lakin burada iki sual meydana çıxır: İsrailin hücumları İranın nüvə proqramını aradan qaldıra bilərmi? Və ABŞ 1991-ci ildən sonra 12 il boyunca İraqı mütəmadi olaraq bombalamış və ağır sanksiyalarla zəiflətsə də, quru hücumlarına qədər Səddam Hüseyni dayandıra bilməmişdi. İraqda effekt verməyən bombardman və embarqolar İranda təsirli olacaqmı?

Alim Albert Eynşteynin sözləri ilə desək: “Eyni şeyləri təkrar-təkrar edib fərqli nəticə gözləmək ağılsızlıqdır”. Yəni İranda bir rejim dəyişikliyi baş vermədiyi müddətcə 13 iyun tarixində atılan addımın nəticə verməsi mümkün görünmür.

Əgər rejim dəyişikliyi baş verərsə, bölgə geosiyasəti baxımından yaranacaq ən vacib sual İranın ərazi bütövlüyünü qoruya bilib-bilməyəcəyi olacaq. Şərqdən qərbə, şimaldan cənuba İranı təşkil edən müxtəlif etnik və dini qrupların, XX əsr də daxil olmaqla, nə şah dövründə, nə də Ayətullah rejimi altında totalitar idarəetmə xaricində başqa bir sistemlə yaşama təcrübəsi olmadığı nəzərə alınarsa, hazırkı prosesin yalnız bir nüvə proqramının sona çatması ilə bitməyəcəyi açıqdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   CENTCOM  


Bizi "telegram"da izləyin